PDF Oxu

Əsas

  • 52

Gənclər siyasətlə bağlı nəzəri biliklərini artırırlar

Gənclər siyasətlə bağlı nəzəri biliklərini artırırlar

Ötən gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Lerik rayonunda gənc siyasətçilər üçün keçirilən "Liderliyə gedən yol" - "Yay məktəbi" layihəsi çərçivəsində "Siyasət haqqında nəzəri biliklər, siyasətin tərkib hissələri" mövzusunda treninq keçirildi.

Layihənin dördüncü günündə qrup rəhbəri-YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə artıq bir neçə gündür keçirilən tədbirlərdə gənclərin böyük fəallıq göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Bildirdi ki, bununla gənclər öz bilik və bacarıqlarını artırır, öz siyasi vərdişlərini təkmilləşdirirlər.

Sonra YAP Mərkəzi Qərargahının şöbə müdiri Emil Abasov "Siyasət haqqında nəzəri biliklər, siyasətin tərkib hissələri" mövzusunda geniş məruzə ilə çıxış etdi. O, siyasət anlayışı, yaranması, inkişaf tarixi və s. barədə ətraflı məlumat verdi: "Bildiyiniz kimi, ilk dövlət eramızdan 3500 il əvvəl Şumerdə meydana gəlib. İlk dövlətlər şəhər formasında olub. Son 3-4 yüz il ərzində isə bu kimi məsələlər xüsusi müzakirə mövzusu olub, alimlər və tədqiqatçılar tərəfindən araşdırılmağa başlanılıb."

E.Abasov dövlətin yaranması ilə bağlı ilkin nəzəriyyələr, siyasi partiya anlayışı və digər mühüm məqamlara da diqqət yetirdi. Bildirdi ki, ilk dəfə XVII əsrdə İngiltərədə siyasi partiya anlayışı formalaşmağa başlanıb.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadənin mövzu ilə bağlı fikirləri də gənclər tərəfindən maraqla qarşılandı.

Tədbirdə çıxış edən gənclər Sabir Zeynallı, Afaq Hümbətova, Valeh Rzayev, Elvin Məmmədov, Həlimə Tağıyeva, Vasif Şəfiyarov, İlkin Mustafayev, Jalə Hüseynova, Xədicə Quliyeva və başqaları mövzu ilə bağlı öz fikirlərini bildirdilər. Sonra siyasətçilərin özünüifadə formaları ilə bağlı müzakirələr keçirildi. Nahardan sonra isə gənclər regionla tanışlıq çərçivəsində Lerik rayonunun gəzməli-görməli yerlərində oldular. Həmin gün, həmçinin, bir sıra intellektual oyunlar da keçirildi.


R.HÜSEYNOVA

Digər xəbərlər