Məlum olduğu kimi, artıq Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycanın dilbər guşələri olan Oğuz və Lerik rayonlarında gənclər üçün "Yay məktəbi" layihəsi çərçivəsində tədbirlər həyata keçirilməkdədir. Öz əhəmiyyəti ilə seçilən həmin tədbirlər çərçivəsində gənc nəslin nümayəndələri üçün müxtəlif mövzularda "dəyirmi masa"lar, diskussiyalar keçirilir. Onu da xatırladaq ki, bu kimi tədbirlər artıq ənənə şəklini alıb.
Dünən Oğuz rayonu "AFRA" istirahət mərkəzində Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Liderliyə gedən yol" və "Yay məktəbi"inin fəalları ilə YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovla görüş keçirilib. Görüşdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov iştirak edib. İlk öncə gənc fəalların Oğuz rayonunda son "Yay məktəbi" müddətində hazırladığı hesabat xarakterli videoya baxış keçirilib. Daha sonra tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov gənclərin gözəl istirahət etdiyini bildirib: "Biz dünən gələndə sizin əhval-ruhiyyənizin kifayət qədər yüksək olduğunu gördük. Bu, ondan xəbər verir ki, sizin burda keçirdiyiniz günlər sizin üçün maraqlı olubdur. Həm istirahət edibsiniz, həm də yeni dostlar tapmısınız. Eyni zamanda, sizin maraqlandıran və cəmiyyətimiz üçün əhəmiyyətli olan məsələlər haqqında fikir mübadiləsi aparmısınız. Hesab edirəm ki, bütün bunlar "Yay məktəbi"nin əhəmiyyətli olduğundan xəbər verir. Bizim "Yay məktəb"ləri ona görə baş tutur və ona görə həyata keçirilir ki, bu məktəblərin həyata keçirilməsi ilə bağlı ideyanın ortaya gəlməsi Azərbaycan hökmətinin gənclər siyasətinin tərkib hissəsi kimi bizim tərəfimizdən qiymətləndirilir. Azərbaycan hökməti gənclərə həmişə böyük diqqət və qayğı göstərir".
Əli Əhmədov Azərbaycan gənclərinin potensialının üzə çıxarılmasının, onlara ölkə daxilində və beynəlxalq səviyyədə geniş yer verilməsinin vacibliyini də vurğulayıb. Azərbaycan dövlətinin uğurlu gənclər siyasətini həyata keçirdiyini deyən Əli Əhmədov Prezident İlham Əliyevin Azərbaycan gəncliyi ilə bağlı 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanmasına dair Sərəncam verdiyini xatırladıb: "Bu fakt bir daha təsdiqləyir ki, dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir".
Gənclərin hərtərəfli, qayğısız böyüməsi üçün layiqli vətəndaş kimi yetişməsi üçün lazım olan bütün imkan və şəraitin yaradıldığını deyən YAP Sədrinin müavini Əli Əhmədov çıxışında, xüsusilə, vurğulayıb ki, YAP gənclərə xüsusi önəm verir və mütəmadi olaraq gənclərlə müxtəlif toplantılar keçirir. YAP-ın İcra katibi, eyni zamanda, gənclərin Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etdiklərini deyib. O bildirib ki, bütövlükdə, YAP-ın həyata keçirdiyi siyasətdə gənclərə qayğı, diqqət, onların bacarığından istifadə edilməsi, gənclərə geniş meydanın açılması əhəmiyyətli yer tutur. O, Azərbaycanın firavan gələcəyinin təmin edilməsində, bu gələcəyin qurulmasında yaxından iştirak edən ən mühüm təbəqələrdən olan gənclərin ölkənin ictimai-siyasi prseslərində öz yüksək fəallıqları ilə də seçildiyini söylədi. Bu mənada, gənclər Azərbaycanda ictimai-siyasi proseslərdə, quruculuq işlərində yaxından iştirak edirlər. Azərbaycan hökuməti də gənclərin, bütövlükdə, dövlət siyasətində, quruculuq işlərində yaxından iştirak etməsinə həm imkan yaradıb, həm də bunu diqqət mərkəzində saxlayır. Həmçinin, gənclər, gələcəyə meyilli olan təbəqədir. Gələcəyi daha çox duyan və yenilikçilik təfəkkürü ilə seçilən gənclər təbiidir ki, cəmiyyətimizin inkişafında, tərəqqisində daha çox maraqlıdır.
Əli Əhmədov çıxışında xüsusilə vurğulayıb ki, YAP gənclərə xüsusi önəm verir və mütəmadi olaraq gənclərlə müxtəlif toplantılar keçirir. Eyni zamanda, gənclərimizin özləri də çox maraqlı və əhəmiyyətli layihələr həyata keçirirlər: "YAP-ın gənc üzvləri, əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də Azərbaycanın ictimai-siyasi həyatında daha yaxından, daha yüksək fəallıqla iştirak edəcəklər. Daha maraqlı layihələri həyata keçirərək, bütövlükdə, Azərbaycan gəncliyini öz ətrafında toplamaq istiqamətində səylərini artıracaqlar.
Əli Əhmədov onu da bildirib ki, 7-8 il ərzində Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmişdir: "Bu illər ərzində Azərbaycanın büdcəsi dəfələrlə artıb, iqtisadi qüdrəti əhəmiyyətli dərəcədə yüksəlib. Bu Azərbaycanın dünyada, regionda mövqelərinin möhkəmləndirilməsinə gətirib çıxarıb, insanlarımızın rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə, həyat tərzinin və həyatının keyfiyyətinin yüksəldiləməsinə gətirib çıxarıb. Yəqin ki, sizlər öz həyatınızda, öz ailənizin həyatında bu illər ərzində müsbət dəyişiklikləri görürsünüz. Digər bir tərəfdən bu dəyişikliklər Azərbaycanın hər bir bölgəsində müşahidə olunmaqdadır. Sizlər Azərbaycanın müxtəlif bölgələrindən gəlmisiniz. Yaşadığınız bölgədə baş verən dəyişikliklər sizin gözlərinizin qarşısındadır, sonra gəlib Azərbaycanın digər bir bölgəsi olan Oğuzda Azərbaycanın nə qədər inkişaf etdiyinin şahidi olursunuz. Beləliklə, Azərbaycanın hər bir guşəsi ayrı-ayrılıqda inkişaf edir və bu inkişaf bir tərəfdən ölkəmizin qüdrətinin, gücünün artması deməkdirsə, ikinci bir tərəfdən isə insanlarımızın həyatının yaxşılaşması deməkdir. İnsanın həyatının yaxşılaşdırılması üçün bir çox işlərin görülməsi vacibdir ki, hökumətimiz bunların hamısını ardıcıl olaraq, həyata keçirir. Təbii ki, bunların kökündə insanın rifahının yaxşılaşdırılması dayanır. Bu istiqamətlə lazım olan işlər görülür. Maaşların artırılması, pensiyaların yüksəldilməsi, tələbə təqaüdlərinin dəfələrlə artırılması, digər bir yandan insanın həyatının keyfiyyətinin yaxşılaşdırılması da, bütövlükdə, bizim Prezidentin həyata keçirdiyi siyasətin vacib cəhətidir. İnfrastrukunun yeniləşdirilməsi, yeni yolların çəkilməsi, parkların salınması istirahət guşələrinin yaradılması da insanın həyatının keyfiyyətini dəyişdirən məqamlardır ki, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi strategiya nəticəsində ardıcılı surətdə həyata keçirilir. Beləliklə, Azərbaycan dəyişir, yeniləşir, müasirləşir, modern bir cəmiyyətə çevrilir. Sizin yaşınızın imkan verdiyi dərəcədə Azərbaycandakı dəyişikliləri müşahidə edib, dəyərləndirə bilirsiniz. Amma 90-cı illərin əvvəlləri ilə Azərbaycanı müqayisə etsək, fərqli bir mənzərə insanın gözünün qarşısında canlanır. Dağılan, iqtisadiyyatı çökən, insanlarının gələcəyə ümidinin tamamilə itirmiş bir məmləkətdən Azərbaycan indi bizim hamımızın gözünün qarşısında canlandığı kimi surətlə inkişaf edən bir ölkəyə çevrilmişdir. Azərbaycanın bütün bu keyfiyyətləri insanların əhval-ruhiyyəsində özünü göstərir. Biz bura gələndə, sizin hər birinizin simasında yüksək əhval-ruhiyyə görünürdü. Bu, o deməkdir ki, sizlər burada rahat istirahət edə bilmisiniz. Bu əhval-ruhiyyənin kökündə, bütövlükdə, sizin həyatınızdan razılıq dayanır. İnsanın həyatından razı olması, həm də hökumətin həyata keçirdiyi siyasətdən razı olması deməkdir, bütövlükdə, hakimiyyətdən razı olmaq deməkdir. Sizin simanızda və Azərbaycan vətəndaşlarının əhval-ruhiyyəsində bu element açıq surətdə özünü göstərir. İnsan öz həyatından razıdır. İnsan həyatından razıdırsa, demək, həyata keçirilən siyasətdən, bu siyasəti həyata keçirən hökumətdən, hakimiyyətdən, bu siyasəti müəyyənləşdirən və onun həyata keçirilməsinə rəhbərlik edən Prezidentdən razıdır. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycanın ictimai-siyasi proseslərinin ab-havasını və ümumi istiqamətini müəyyənləşdirən başlıca cəhətdir. Təbii ki, bizim gələcəyə bağlı böyük ümidlərimiz var. Azərbaycanın Prezidenti 2020-ci ilə ünvanlanmış gələcək inkişaf perspektivlərini müəyyənləşdirən konsepsiyanın hazırlanması ilə əlaqədar Sərəncam imzalayıb. Güman edirəm ki, Azərbaycanın bütün vətəndaşları, o cümlədən də, gənclərimiz məxsusi olaraq, Yeni Azərbaycan Partiyasının gəncləri 2020-ci ilin Azərbaycanının necə təsəvvür edilməsi ilə əlaqədar kifayət qədər geniş fikir mübadiləsi aparmısınız. Siz 2020-ci ildə Azərbaycanda iqtisadiyyatın necə olmasını, təhsilin necə olmasını insanların rifahı ilə bağlı görmək istədiyiniz mənzərənin necəliyini, yəqin ki, öz xəyalınızda, təsəvvürünüzdə düşüncələrinizdə formalaşdırırsınız. Bu, çox əhəmiyyətlidir ki, çünki bu konsepsiya üzərində iş gedir, müxtəlif zümrələrdən olan insanlardan, o cümlədən, Azərbaycanın gənclərinin fikirləri öyrənilir. Yeni Azərbaycan Partiyası hökumətimizin müəyyənləşdirdiyi bu siyasətin həyata keçirilməsi üçün öz imkanları çərçivəsində bir çox layihələr həyata keçirir. Bu layihələrdən biri də gənclərin "Yay məktəbləri"dir. Bu il "Yay məktəbləri"ndə 600-ə yaxın gənclərimiz iştirak ediblər. Məkan kimi seçdiyim Oğuz və Lerik rayonlarındakı istirahət mərkəzləridir. Bütövlükdə, hesab edirəm ki, YAP gəncləri partiyamızın gücünün, fəallığının formalaşmasında ictimai-siyasi həyatda partiyamızın yaxından iştirak etməsində əhəmiyyətli bir qüvvəyə, gücə çevriliblər. Partiyamınız 600 minə yaxın üzvü var. Qısa zamanda, bu, 600 minə çatacaq. Bunun 40 faizi gənclərdir. Bu, o deməkdir ki, gənclər YAP-ın içərisində xüsusi çəkiyə malikdirlər. Eyni zamanda, gənclərin fəallığı xüsusilə seçilir. Bu, bizi çox sevindirir. Hesab edirik ki, YAP-ın gəncləri Azərbaycanın, Yeni Azərbaycan Partiyasının gələcəyinin təmin edilməsində öz üzərinə əhəmiyyətli bir missiyanı götürür və bu missiyanı layiqincə yerinə yetirirlər. YAP olaraq biz də gənclərimizin həmin missiyanı yerinə yetirməsi üçün onların hazırlanmasına lazım olan dəstəyi veririk və bundan sonra da verəcəyik. Bizim gənclərimiz gələcəyin Azərbaycanının uğurlarının təmin edilməsində əhəmiyyətli rol oynayacaqlar. Əslində, Azərbaycanın gələcəyi ilə bu gün formalaşan yetişən, böyüyən gənclər deməkdir".
Daha sonra Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov gəncləri maraqlandıran sualları cavablandırdı.
Tədbir iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
Sonda Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə gənclər xatirə şəkili çəkdirdilər.
RƏFİQƏ KAMALQIZI