PDF Oxu

Əsas

  • 71

Əli Həsənov: “Alternativ  fikir olmayan cəmiyyətdə inkişafdan söhbət gedə  bilməz”

Əli Həsənov: “Alternativ fikir olmayan cəmiyyətdə inkişafdan söhbət gedə bilməz”

Ölkənin, cəmiyyətin inkişafı üçün alternativ fikrə həmişə ehtiyac duyulub. Belə bir deyim də var ki, hətta peyğəmbərimizin də alternativ fikrə ehtiyacı olub və o, həmişə bundan istifadə edib. Amma bəzi qrup insanlar var ki, onlar alternativ fikir deyəndə yalnız müxalifət nümayəndəsinin, ya da iqtidarda olmayan partiya sədrinin münasibətini nəzərdə tutur.

Məsələyə Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun fərqli yanaşması var: "Alternativ fikir olmayan cəmiyyətdə inkişafdan söhbət gedə bilməz. Biz Azərbaycanda alternativ fikrin olmasının, çoxfikirliliyin, bütün məsələlərə müxtəlif rakurslardan yanaşılmasının tərəfdarıyıq. Yetər ki, bu fərqlifikirlilik və digər məsələlər obyektiv olsun, ictimai mahiyyət kəsb etsin, ayrı-ayrı şəxslərin ambisiyalarına deyil, ictimai maraqlara söykənsin və onun dəyər meyarı da ictimai maraqlar olsun".

PA rəsmisi alternativ fikrin yalnız müxalif fikir olmadığını deyib və əlavə edib ki, əgər alternativ fikrin göstəricisi kimi Azərbaycanda konkret olaraq yalnız hansısa radikal müxalifət partiyasının sədrinin fikrini götürsək, onda yanılarıq: "Əlbəttə, bu da alternativ fikirdir, amma alternativ fikir yalnız hansısa müxalif fikirdən ibarət deyil. Cəmiyyətdə olan insanların sayı qədər də fikir var. Bəzən bu fikir sahibləri qruplaşıb partiya yaradırlar, bəziləri bir araya gəlib QHT və ya cəmiyyət təsis edir. Lakin onların da hamısı eyni cür düşünmür, fərqli fikirlər olur".

Ə.Həsənov ölkə mətbuatındakı fikir fərqliliyinə də diqqət çəkib. Bildirib ki, "Yeni Azərbaycan", "Xalq qəzeti", "Yeni Müsavat", "Azərbaycan" qəzetlərində çıxış edən insanların da hamısı eyni cür düşünmürlər, məsələlər haqda eyni formada yazmırlar: "Hətta bəzən "Azadlıq" qəzeti "Azərbaycan" qəzetindən sitat verir. Yazırlar ki, bu gün "Azərbaycan" qəzeti yol-nəqliyyat işçilərini yıxıb-sürüyüb. Məgər bu, alternativ fikir deyil? Yaxud AzTV-də təşkil olunan dəyirmi masalarda, bu kanalın "Həftə" proqramında və başqa verilişlərində politoloqlar iştirak edir, hər biri bir məsələ haqda fikir söyləyir, fərqli şərhlər verirlər. Məgər onların hamısı əvvəlcədən hazırlanmış eyni fikirləri söyləyirlər? Əlbəttə, yox. İctimai Televiziyanın dəyirmi masalarında, özəl televiziyaların müxtəlif verilişlərində səsləndirilənlərin hamısı alternativ fikirdir. Əgər biz bu verilişlərdə mitinqlərdə səsləndirilən kimi radikal, dağıdıcı fikir eşitmiriksə, bu o demək deyil ki, televiziyalarda alternativ fikir yoxdur. Belə radikal və dağıdıcı fikirlər mitinqlərdə olur. Məgər Rusiyanın televiziyalarında elə radikal çıxışlar var? Türkiyə televiziyalarında var? Hansı ölkədə var? Hamısında daha çox konstruktiv, ictimai mahiyyət kəsb edən, ümumiləşmiş fikirlər mətbuata, o cümlədən televiziyaya çıxarılır. Bizdə də belədir".

Digər xəbərlər