Siyavuş Novruzov: "Qırx partiya yığışıb min nəfəri mitinqə zorla çıxarırsa, hansı prezidentliyə namizədlikdən söhbət gedə bilər?!"
Dağıdıcı müxalifətin post-seçki şousu tam sürətilə davam etməkdədir. Belə ki, artıq indidən 2013-cü ildə acı məğlubiyyətlə üzləşəcəklərini müəyyən etmiş "liderlərin" bunu müxtəlif süni vasitələrlə sığortalamaq cəhdləri məhz belə qənaətə gəlməyə əsas verir. Seçkilərə isə bir ildən də artıq zaman var. Əgərə nəzərə alsaq ki, "İctimai Palata", yaxud da digər müxalif qütb "vahid namizəd" ideyasını seçkilərə xeyli müddət qalmış ortaya atıblarsa, demək, həmin proses onlar üçün həllolunmaz təsir bağışlayıb. Daha dəqiq desək, müxalifət "vahid namizəd" ideyası ilə irəli gedə bilməyəcəyini yaxşı anlayır, sadəcə, bir il öncədən həmin "status" ətrafında xarici qüvvələr qarşısında spekulyativ post-seçki oyunu aparır. Onları seçki, nəticələr və xalqın rəyi qətiyyən maraqlandırmır. Çünki ortada həm də qrantlar, maddi maraqlar dayanıb.
"Müxalifətin problemi də ondadır ki, prezident seçkisi elan olunduğu halda, namizədini müəyyənləşdirə bilmir"
Bu kimi nüanslara toxunaraq, fikirlərini açıqlayan Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini - millət vəkili Siyavuş Novruzov qeyd edib ki, seçkilərə qeyri-ciddi yanaşan dağıdcı müxalifətdən fərqli olaraq, YAP 2013-cü ildə keçiriləcək prezident seçkisi üçün namizədini açıqlayıb: "Dünya təcrübəsində belədir ki, seçkiyə hazırlıq işləri vaxtından xeyli əvvəl başlamalıdır. Elə bizim müxalifətin problemi də ondadır ki, prezident seçkisi elan olunduğu halda, namizədini müəyyənləşdirə bilmir. İndi də bilirsiniz ki, seçki prosesinin müddəti 60 gündür. Onlar 60 günə namizəd müəyyənləşdirirlər, həm onun müdafiəsi üçün seçki imzası toplayırlar, həm də təbliğat-təşviqat işləri ilə məşğul olurlar".
ABŞ-da seçkilər öncəsi aparılan prosesə nəzər salan YAP yetkilisi bildirib ki, həmin ölkədə seçkiyə bir il qalmış hər bir partiya öz tərkibində seçki keçirir və birinci növbədə namizədlərini təyin edir və bundan sonra onun təbliğat-təşviqat kampaniyası aparılır: "Yeni Azərbaycan Partiyasında da bu ənənə var. Yəni hər bir seçki yekunlaşdıqdan sonra təhlil aparılır və daha sonra gələcək proqramlar müəyyənləşdirilir. Bu səbəbdən partiyamız prezident seçkisinə hazırlığı bu ildən başlayıb. Öz proqramlarımız, layihələrimiz var və bununla əlaqədar YAP rayon-şəhər təşkilatlarında növbəti konfranslarını keçirib yekunlaşdırdı".
"Öz müəllimlərini vahid namizəd kimi qəbul etmədilərsə, indi hansı vahid namizəddən söhbət gedə bilər?!"
"Müxalifətdə vahid namizəd məsələsi ola bilməz və olmayıb" deyə vurğulayan Siyavuş Novruzov daha sonra qeyd edib ki, Azərbaycan 21 ildir müstəqildir və bu 21 illik müstəqillik tarixində müxalifət nə parlament seçkilərində, nə bələdiyyə seçkilərində, nə də prezident seçkisində vahid xətt tuta bilməyib. 1998-ci il seçkilərini xatırladan YAP İcra katibinin müavini deyib ki, həmin ərəfələrdə müxalifətin özünə müəllim, ideoloq hesab etdiyi Əbülfəz Elçibəy 1998-ci ildə onlardan vahid namizəd kimi dəstəklənməsini xahiş etmişdi, amma buna baxmayaraq, digərləri onun yazılı şəkildə müraciətinə etinasız yanaşmışdırlar: "Heç kim, yəni Əli Kərimli, İsa Qəmbər, Lalə Şövkət onu vahid namizəd kimi qəbul etmədi. Öz müəllimlərini vahid namizəd kimi qəbul etmədilərsə, indi hansı vahid namizəddən söhbət gedə bilər?! Digər tərəfdən, bunların hər birinin potensialı tükənib. Məsələn, Amerikada prezidentliyə namizəd seçkidə iştirak edir, tutaq ki, Albert Qor Corc Buşla mübarizə apardı və 49 faizlə məğlub oldu. Bundan sonra o, namizədliyini irəli sürmədi. Ona görə ki, Buşun topladığı 51%-i toplaya bilmədi. Bizdə isə 0,02 % səs qazana bilməyənlər növbəti seçkiləri gözləyir ki, iştirak etsinlər. Bu addım həmin partiyaları zəiflədir".
Məhz bu kimi iddialardan dolayı daim məğlubiyyətlə üzləşən müxalifət təmsilçiləri, nəticədə, əllərində olan sosial bazalarını da tükədiblər. Ancaq buna baxmayaraq, yenə də ümid edirlər ki, hər hansı seçki nailiyyətinə imza atacaqlar. Görünür, onlar hələ də dərk etmək qabiliyyətinə yiyələnə bilməyiblər: "Əslində, hələ bu insanlar sosial bazalarının itirildiyini dərk etmirlər. İstər İctimai Palatada, istərsə də ayrı-ayrı müxalifət partiyalarında təmsil olunanların heç bir sosial bazası yoxdur. Bu səbəbdən, onlar prezident seçkisində deyil, növbəti bələdiyyə seçkilərində güclərini sınasalar yaxşıdır".
"Yeni bir namizədi aydan gətirməyəcəklər ki?!"
Siyavuş Novruzov müxalifətin guya "vahid namizəd"inin müəyyənləşdirdiyi və hələlik, həmin namizədin adının açıqlamadığı barədə gəzən söz-söhbətlərin də reallığı əks etdirmədiyini bildirib. O, bu kimi vasitənin imitasiya, siyasi şou xarakteri daşıdığını bildirib. Həmçinin, əgər həmin namizədin adının açıqlanması təqdirində, bundan təəccüblənməyin yersiz olduğunu vurğulayıb: "Yeni bir namizədi aydan gətirməyəcəklər ki?! O da bu cəmiyyətdən biri olmalıdır. Və cəmiyyətdə də ictimai-siyasi fəaliyyətlə məşğul olanlar bizə bəllidir".
YAP səlahiyyətlisi özlərini "ənənəvi müxalifət"in liderləri kimi cəmiyyətə sırımağa cəhd göstərən Müsavat başqanı İsa Qəmbərovun AXCP (i) sədri Əli Kərimovun vahid namizəd olmağa cürət etmədiklərini bildirib. Qeyd olunub ki, hər iki "lider" qarşılaşacaqları acı məğlubiyyətdən, biabırçılıqlardan və rəzillikdən ehtiyat edirlər. Yəni onların məqsədləri yalnız və yalnız xaricdən alacaqları maliyyə dəstəyidir: "İsa Qəmbər də və Əli Kərimli də prezidentliyə namizəd olmaqdan qorxur. Bilirlər ki, növbəti dəfə biabır olacaqlar. Sadəcə olaraq, onları həvəsləndirən namizəd olduqları müddətdə xaricdən aldıqları maliyyə dəstəyidir. Bilirlər ki, 0,01 % səs belə qazana bilməyəcəklər və hətta namizədliyin qeydə alınması üçün tələb olunan əlli min imzanı toplaya bilmirlər. Bunların vəziyyəti belədir. Qırx partiya yığışıb min nəfəri mitinqə zorla çıxarırsa, hansı prezidentliyə namizədlikdən söhbət gedə bilər?! Onların yeganə məqsədi xarici qüvvələrin diqqətində qalmaqdır".
RÖVŞƏN NURƏDDİNOĞLU