PDF Oxu

Əsas

  • 74

Azərbaycan regionda lider mövqeyini qoruyub saxlayır

Eldar İbrahimov: "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkənin gələcək inkişafına yönəlib"

Azərbaycan regionda lider mövqeyini qoruyub saxlayır

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə bağlı "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ətrafında geniş ictimai müzakirələr aparılır. Aparılan müzakirələrdən də aydın olur ki, inkişaf konsepsiyasının uğurlu icrası Azərbaycanın yaxın gələcəkdə hərtərəfli inkişafına stimul verir. Eyni zamanda, əhəmiyyətli Sərəncamın əsas məqsədlərindən biri də Azərbaycanın inkişafı ilə yanaşı, vətəndaşların həyat səviyyələrinin daha da yaxşılaşdırılması, yüksəldirilməsidir.

Bu mövzu ilə əlaqədar Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası gələcəyə ünvanlanmış konkret bir baxışdır: "Bu gün Azərbaycan yeni inkişaf mərhələsindədir. Ölkədə islahatların yeniləşmə, modernləşmə prosesini Azərbaycanın bugünkü inkişafının fundamental əsası kimi qəbul edirik. Bu mənada, dövlət başçısı İlham Əliyevin "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar çox əhəmiyyətli bir Sərəncam imzalanmasını qeyd etmək istərdim. Bu Sərəncamla dövlət başçısı, əslində, inkişafımızın növbəti illər ərzində əsas istiqamətlərini və inkişaf nəticəsində qarşıya qoyulan hədəfləri konsepsiya şəklində müəyyənləşdirməyi nəzərdə tutub. Buna görə də, hər birimiz milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin sosial-iqtisadi, siyasi-hərbi qüdrətinin daha da artması üçün aktiv surətdə çalışmalıyıq. Düşünürəm ki, Prezident İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında imzaladığı tarixi əhəmiyyətli Sərəncam ölkəmizin həyatında yeni səhifə açacaq. Digər bir məqam isə, ondan ibarətdir ki, biz gənc nəslin fikir və mülahizələrinə həssas yanaşmalıyıq, çünki müasir dövrün tələblərinə uyğun yüksək təhsil, peşə hazırlığına malik olan gənclər İnkişaf Konsepsiyasının nəzərdə tutduğu biliklərə əsaslanan informasiya cəmiyyətinin əsas aparıcı qüvvəsidir. Onlar, eyni zamanda, Azərbaycanın kadr potensialıdır, gələcəkdə bu Konsepsiyanın həyata keçirilməsinə və yeni konsepsiyaların hazırlanmasına məsul olan insanlardır. Bu mənada da, biz indidən onların bu potensialından istifadə etməliyik. Həmçinin, gənclərimiz İnkişaf Konsepsiyasının müzakirələrində fəal iştirak etməli, öz fikir və mülahizələrini paylaşmalıdırlar. Əlbəttə, bu məqsədlə tədbirlər keçirilir, diskussiyalar təşkil olunur. Ölkə Prezidenti İlham Əliyev cənabları dəfələrlə qeyd etmişdir ki, biz Azərbaycanın 30-40 ildən sonrakı inkişafı üzərində düşünməliyik, onun təməlini indidən hazırlamalıyıq. Ona görə də, bu gün atılan hər bir addım uzunmüddətli perspektivə hesablanmışdır, Azərbaycanın firavan gələcəyinin təmin edilməsinə yönəlmişdir".

E.İbrahimov, həmçinin, vurğuladı ki, bu Konsepsiya ölkəmizin yeni bir sosial-iqtisadi mərhələyə keçidini təmin edəcək böyük bir proqramdır: "Aparılan uğurlu iqtisadi və sosial siyasət nəticəsində Azərbaycan MDB ölkələri arasında keçid dövrünü başa vuran və bazar iqtisadiyyatının tam qurulduğu ilk ölkədir. Sahibkarlığa dövlət səviyyəsində yüksək dəstək göstərilir. Özəl sektor dövlət sektorunu üstələməkdədir. Və bu, düzgün siyasətin nəticəsidir. Bu siyasətin məqsədi isə Azərbaycan əhalisinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Azərbaycan 2020 proqramında da ölkənin hərtərəfli inkişafı elmi, sosial-mədəni, iqtisadi, sənaye və hərbi potensialının gücləndirilməsini nəzərdə tutur. Adları çəkilən bütün sahələr üzrə növbəti əhəmiyyətli proqramların qəbulu gözlənilir".

Millət vəkili onu da bildirdi ki, bu Konsepsiyanın hazırlanmasında əsas məqsəd yaxın illərdə ölkə iqtisadiyyatının diversifikasiyasını təmin etməkdir, yəni iqtisadiyyatın neftdən asılılığını minimuma endirmək və ÜDM-in göstəricilərinin dəfələrlə artırılmasına nail olmaqdır: "Xatırladaq ki, 2011-ci ilin nəticələrinə görə, Azərbaycanın ÜDM-i 63 mlrd. dollar olub. Bütün bunlar isə, Azərbaycanın 2020-ci ilədək daha böyük uğurlar əldə edəcəyindən xəbər verir. Bunun üçün isə çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatı formalaşdırılmalı, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunması vəzifələri həyata keçirilməlidir. Bu mənada, demək olar ki, dövlət başçısı İlham Əliyev ötən 8 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, Onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar aparması cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir və bu gün də etməkdədir.

Ümumiyyətlə, Azərbaycanda qarşıdakı dövrlərlə əlaqəli inkişaf konsepsiyasının işlənib-hazırlanması üzrə çox geniş, aktiv işlər aparılır. Konsepsiya çərçivəsində Azərbaycanın iqtisadiyyatından tutmuş ictimai həyatın bütün sferalarının müasirləşməsi, modernləşməsi müasir tələblər baxımından yenilənməsini özündə ehtiva edir. Hər bir Azərbaycan vətəndaşı kimi əminik ki, inkişaf konsepsiyasının nəticələri Azərbaycanın həm regionda, həm də dünya dövlətləri arasındakı təməlli liderliliyini qoruyub saxlayacaq".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər