Siyavuş Novruzov: "Adam var ki, akademikdir, amma ona ziyalı demək cinayətdir"
Son günlər özlərini cəmiyyətə "ziyalı" kimi sırımağa cəhd göstərən reneqatlar qrupu yenidən "fəallaşdıqlarını" sübut edtməkdən ötrü müxtəlif cür siyasi oyunbazlıqlara əl atmaqdadırlar. Həmin qrupu haqlı olaraq tənqid edən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qeyd etmişdi ki, "Elmi dərəcə ziyalılığın göstəricisi deyil. Biri kino çəkəndir, biri nədir... Adam var ki, akademikdir, amma ona ziyalı demək cinayətdir. Amma adam var çobandır, belələrindən daha çox ziyalıdır".
Millət vəkili Siyavuş Novruzov onu da vurğulamışdır ki, "Ziyalılar Forumu"na yığışan adamların hamısı öz şəxsi maraqlarını güdürlər: "Orada vaxtilə Milli Məclis üzvü olmuş şəxs var. Həmin adam parlamentdə olanda niyə korrupsiyadan danışmırdı? Milli Məclisin stenoqramlarına baxın, bu adam bir dəfə də korrupsiyadan danışmayıb. Amma deputat seçilməyən kimi, yadına düşür ki, korrupsiya var, başqa şeylər var. Stenoqramı qaldırıb göstərin ki, parlamentdə bir dəfə seçicilərin hüquqlarından danışıb?"
YAP rəsmisi daha bir maraqlı məqama toxunaraq, bildirmişdir ki, internetdə axtarış verilsə, Rafiq Əliyev Neft Akademiyasındakı vəzifəsindən çıxarılmayana kimi onunla bağlı müxalifət mətbuatında bir sətir belə yazı çıxmayıb. Və haqlı olaraq sual verir ki, əgər, Rafiq Əliyev həqiqətən də, tanınmış xadim idisə, nəyə görə onun haqqında "Azadlıq"da, "Yeni Müsavat"da heç nə yazılmayıb, amma vəzifədən çıxarılan kimi ziyalı oldu? "Azərbaycanın dərdləri, faciələri olanda harada idi? İstənilən birinin adını çəksəniz, şəxsi maraqlarının nədən ibarət olduğunu deyə bilərəm".
Maraqlıdır ki, bu kimi haqlı və həqiqəti əks etdirən tənqiddən nəticə çıxarmaq əvəzinə, "Ziyalılar Forumu" adlı reneqatlar qrupunun üzvləri daha da azğınlaşaraq, daxillərindəki qaranlıq məqamlarını ifşa ediblər. Belə ki, adıçəkilən qrupun toruna düşmüş Əkrəm Əylisli saytlardan birinə verdiyi açıqlamasında daha da irəli gedərək, reneqatları Şostakoviçə, Anna Axmatovaya, Zoşşenkoya bənzədib. Dünyaca məşhur olan rus ziyalılarına bənzəməyə cəhd edən Ə.Əylisli unudur ki, onun adlarını çəkdiyi tarixi şəxsiyyətlər heç zaman ümumrusiya maraqlarına, dövlətçilik maraqlarına qarşı çıxmayıblar. Hətta təqib olunsalar belə, milli maraqlarını heç nəyə dəyişməyiblər. Ona görə də qondarma "ziyalı"nın onlara qarşı işlədilmiş həqiqətə qıyqacı baxması, əslində, onun bütün daxili çirkablarını üzə çıxarır.
Düşünmək isə hələ də gec deyil
Başqa tərəfdən, Ə.Əylislinin "Hamıya məlumdur ki, Ziyalılar Forumunda siyasi əqidəsi və təmənnası olmayan insanlar toplaşıb" yaxud da "Bu, ölkədə baş verənlərə öz obyektiv münasibətini sərgiləyən bir qurumdur" kimi ifadələr səsləndirməsinin də nə qədər səmimiyyətdən kənar olduğunu demək mümkündür. Çünki "forum" üzvlərinin vaxtaşırı olaraq Qərb dövlətlərinə səfər etmələri elə-belə alınmır. Burada təmənnasızlıqdan daha çox, maddi marağın da dayanması şübhəsizdir. Belə hallar isə, təbii ki, özlərini "ziyalı" deyə xalqa sırıyanlara başucalığı gətirmir. Məhz bu səbəbdən də, ciddi düşünmək lazımdırsa, ilk növbədə, onlar bunu etməlidirlər. Yoxsa xalq arasında qalmış az-çox hörmətləri də onlara qarşı nifrətə çevriləcək. Düşünmək isə hələ də gec deyil.
RƏFİQƏ KAMALQIZI