PDF Oxu

Əsas

  • 70

Gənclik amili ən dəyərli potensialdır

YAP Nizami rayon təşkilatı Beynəlxalq Gənclər Günü ilə bağlı tədbir keçirib

Gənclik amili ən dəyərli potensialdır

Sədaqət Vəliyeva: "Azərbaycan postsovet məkanında gənclərə xüsusi diqqət ayıran, Dövlət Proqramları qəbul edən, gənclərlə tez-tez görüş keçirən və gənclərin bu və ya digər problemlərini müzakirəyə çıxaran yeganə dövlətdir"

Avqust ayının 11-də Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 12 avqust - Beynəlxalq Gənclər Günü ilə bağlı dəyirmi masa keçirilib.

Dəyirmi masada çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, gəncliyimiz bu gün Azərbaycan dövlətinin ən aparıcı qüvvəsinə çevrilib: "Azərbaycan postsovet məkanında gənclərə xüsusi diqqət ayıran, Dövlət Proqramları qəbul edən, gənclərlə tez-tez görüş keçirən və gənclərin bu və ya digər problemlərini müzakirəyə çıxaran yeganə dövlətdir. Təkzibedilməz faktdır ki, bu gün dünyada gənclərin inkişafı ilə bağlı müxtəlif proqramlar reallaşdıran ölkələrin sayı çox deyildir. O da qeyd olunmalıdır ki, hazırda dünya ölkələrinin heç birində Azərbaycandakı qədər fəal gənclər siyasəti yürüdülmür. Bu ənənəni Ümummilli Liderimiz Heydər Əliyev qoyub. Bu gün də ölkə Prezidenti tərəfindən bu siyasət davam etdirilir. Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır. Son illərdə Azərbaycan neft kapitalının intellektual kapitala çevrilməsi proqramı çərçivəsində Azərbaycan gənclərinin ən yaxşı nümayəndələrini seçib, xarici ölkələrdə təhsil alması məsələsini təşkil edir. Xarici ölkələrin müxtəlif texnoloji mərkəzlərində, qabaqcıl ali məktəblərində və digər strukturlarda gənclərin iştirakını təmin edir".

Sədaqət Vəliyeva, həmçinin, onu da diqqətə çatdırıb ki, Azərbaycan gəncliyi çox böyük təşəbbüskar enerjiyə malikdir və ölkəmizin sabahı naminə görülən işlərin məsuliyyətini üzərinə götürmək iqtidarındadır: "Cəmiyyətimizin inkişafı üçün gənclərimizin öz iradələrini ortaya qoymaları vacibdir. Gənclərimiz gündən-günə inkişaf edərək, regionun lider dövlətinə çevrilən Azərbaycanın bu günü və sabahı ilə bağlı müzakirələrdə özlərinin cəsarətli mövqelərini ortaya qoyurlar.

Bu mənada, YAP-ın ətrafında birləşmiş gənclərin fəaliyyəti xüsusi olaraq, vurğulanmalıdır. Üç mindən artıq gənci olan YAP Nizami rayon təşkilatının fəalları da həm rayonun, həm də ölkənin ictimai-siyasi və sosial-iqtisadi sahələrində aktivlik nümayiş etdirirlər".

Sonra dəyirmi masada qarşılıqlı fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən gənclər Ümummili Lider Heydər Əliyevin gənclərə həmişə böyük qayğı göstərdiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıblar.

Sonra YAP Nizami rayon təşkilatının gəncləri elektron aksiyaya start veriblər. Əvvəlcə, dünya gənclərinə müraciət ünvanlayan YAP Nizami rayon təşkilatının gənc fəalları sosial şəbəkədə müzakirələrə başlayıblar.

R.HÜSEYNOVA

Digər xəbərlər