PDF Oxu

Əsas

  • 46

Azərbaycan milli valyutasının tədavülündən 20 il ötür

Manat ən dəyərli pul vasitəsi kimi möhkəmlənərək, artıq dünyanın dönərli valyutaları sırasına daxil olub

Azərbaycan milli valyutasının tədavülündən 20 il ötür

Hər bir müstəqil dövlətin milli atributlarından biri onun milli valyutasının tədavülə buraxılması və güclü pul siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Milli pul ölkənin iqtisadi gücünün əsas göstəricisi kimi çıxış edir və maliyyə sabitliyinin başlıca əlamətlərindən biri sayılır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın iqtisadi siyasətinin başlıca elementlərindən biri dövlətin atributlarından olan milli valyutanın - manatın dövriyyəyə buraxılması ilə bağlı idi. Azərbaycan milli iqtisadiyyatının yaradılması və maliyyə sisteminin formalaşdırılması ilə bağlı həyata keçirilən siyasət, eyni zamanda, müstəqil pul vahidinin dövriyyəyə buraxılması zərurətini də meydana çıxarmışdı.

1992-ci ilin əvvəllərində Azərbaycan Milli Bankının (indiki Mərkəzi Bank) yaradılmasından sonra milli valyutanın tədavülə buraxılması istiqamətində tədbirlərə başlandı. 1992-ci il avqustun 15-də müstəqil Azərbaycanın milli valyutası olan manat tədavülə buraxıldı. Amma həmin dövrdə milli valyutanın buraxılışı iqtisadiyyatdakı qeyri-sabitliyi və maliyyə stabilliyini aradan qaldırmağa səbəb olmadı və əksinə, manatın tədavülə buraxılmasından keçən qısa bir müddət ərzində maliyyə-kredit bazarında gərginlik artdı, inflyasiya dərinləşdi. 1992-ci il avqustun 15-də Azərbaycanın milli pul nişanları olan 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında isə 5, 10, 20 və 50 qəpiklik sikkələr - xırda pullar dövriyyəyə buraxıldı. Həmin ilin dekabr ayında 5, 1993-cü ilin fevral ayında 500, mart ayında isə 50, 100 və 1000 manat dəyərində olan yeni pul əskinasları tədavülə çıxarıldı. Amma bu dövrdə həyata keçirilən pul siyasəti öz effektini vermədi və manat, eləcə də, qəpik sikkələr dəyərini itirdi. Bunun başlıca səbəbi isə hakimiyyətdə olan qüvvələrin düzgün siyasət həyata keçirməməsi idi. Həmin dövrdə hakimiyyətdə olan səriştəsiz və milli iqtisadiyyatın inkişafı üçün deyil, öz şəxsi maraqları üçün çalışan insanların yarıtmaz fəaliyyəti, ən əsası isə, hökumətin müstəqil iqtisadi strategiya müəyyənləşdirə bilməməsi nəticəsində Azərbaycanın maliyyə sistemində ciddi böhran meyilləri baş verməyə başladı. İqtisadiyyatın bütün sahələrində böhran tendensiyasının dərinləşməsi maliyyə-valyuta bazarını sarsıtdı ki, bu da milli valyutanın da dəyərinin kəskin şəkildə aşağı düşməsinə səbəb oldu. Dövriyyəyə buraxılmasının heç bir ili tamam olmamış manat öz dəyərini 100 dəfəyə yaxın itirməyə başladı. Həmin illərdə inflyasiyanın 1800 faizə çatması milli valyutanın bölgədə ən dəyərsiz pul alətinə çevrilməsi ilə nəticələnmişdi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra, bütün sahələrdə olduğu kimi, iqtisadiyyatın aparıcı sahələrindən olan maliyyə bölməsində, xüsusilə də, valyuta bazarında mühüm dönüş yarandı. Ulu Öndərin qətiyyəti, gərgin zəhməti və həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasəti nəticəsində 1993-cü ilin yarısından başlayaraq, ölkəmizdə ictimai-siyasi sabitlik təmin olundu, iqtisadiyyatda yaranmış geriləmə proseslərinin və milli valyutanın dəyərdən düşməsinin qarşısının alınması istiqamətində sistemli tədbirlər reallaşdı. Manatın dəyərinin qorunması üçün Milli Bank (indiki adı Mərkəzi Bank - red.) qarşısında təxirəsalınmaz preventiv tədbirlər həyata keçirmək barədə ciddi tapşırıq qoyuldu. Ölkədə maliyyə sabitliyi təmin olundu, valyuta bazarına ciddi şəkildə nəzarət gücləndirildi. Onu da qeyd edək ki, Azərbaycan manatının dövriyyəyə buraxıldığı ilk illərdə, yəni 1992-ci və 1993-cü illərdə manat tamamilə yeganə ödəniş vasitəsi deyildi. Yəni, milli valyuta ilə bərabər, rubl da paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Belə ki,1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat - 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Bu isə Azərbaycanın milli valyutasının dəyərinin və iqtisadi gücünün məhdudlaşdırılmasına səbəb olurdu. Manat demək olar ki, tam müstəqil valyuta növü deyildi. Həmin dövrdə müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilmişdi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu cür maliyyə nizamsızlığına da son qoydu. Dahi şəxsiyyət müstəqil dövlətin əsas atributlarından olan milli pulun dəyərinin güclənməsinə dərin əsaslar yaradan qərarlar qəbul etdi. Ulu Öndərin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" Fərmanı qeyd olunan sahədə mühüm rol oynadı. Həmin Fərmana əsasən manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi. Bununla da, Milli Bank (Mərkəzi Bank) müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etdi ki, bu siyasətin də müsbət nəticələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verdi. Manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olması 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə bir daha öz təsdiqini tapdı. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən respublikamızın pul vahidinin manat olduğu müəyyən edildi və ölkə ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olundu.

Həyata keçirilən bütün bu davamlı islahatlar manatın məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi, onun bölgədə ən dəyərli pul vasitəsinə çevrilməsinə xidmət edən məqsədyönlü siyasətin başlıca istiqamətlərini təşkil edirdi. Onu da qeyd edək ki, Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın inkişaf dinamikasını və maliyyə bazarının hüdudlarının genişlənməsini nəzərə alaraq, daha böyük nominala malik pul əskinaslarının dövriyyəyə buraxılmasını da təmin etdi. Ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan manatının ən dəyərli valyutaya çevrilməsi 2000-ci illərin əvvəllərində başladı və bu dövrdə manat dəyərinə görə, bir çox xarici dövlətlərin dönərli valyutalarını geridə qoydu. ABŞ dolları dəyərinə görə, valyuta birjalarında manatdan aşağı qiymətə dəyişdirildi.

Ümummilli Lider Heydər Əliyevin siyasi varisi İlham Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan iqtisadiyyatında yeni inkişaf erasının başlanması maliyyə-valyuta sisteminə də öz mühüm təsirini göstərdi və manat bu dövrdə daha etibarlı valyutaya çevrildi. Milli valyuta 2003-2005-ci illlərdə daha da möhkəmlənərək, regionda öz mövqeyini gücləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən denominasiya siyasəti manatın məzənnəsini daha da möhkəmləndirdi. 2005-ci il fevralın 7-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərman imzaladı və bununla da pul islahatlarına başlandı. Denominasiyanın məqsədi manatın nominal məzənnəsinin dünyanın aparıcı valyutalarının məzənnələrinə uyğunlaşdırılması ilə bərabər, həm də tədavülə yeni dizayna, güclü mühafizə elementlərinə malik yeni nəsil pul nişanlarının buraxılmasından ibarət idi.

Həyata keçirilən pul islahatları ölkədə pul dövriyyəsinin yaxşılaşdırılması və dövlət xərclərinə qənaət edilməsində mühüm rol oynadı. Dövriyyəyə buraxılan yeni manatlar - 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanları dəyərli tədavül vasitəsi kimi ilk gündən öz sabit məzənnəsini qoruyub saxladı. Bu sahədə radikal islahatların aprarılması qısa zaman ərzində təsdiq etdi ki, Azərbaycan hökuməti mükəmməl pul siyasəti həyata keçirməklə makroiqtisadi sabitliyin təmin olunmasını gücləndirdi, bank sektorunda maliyyə intizamını möhkəmləndirdi və ümumilikdə, ölkədə maliyyə və makroiqtisadi koordinasiyanı daha da dərinləşdirdi.

Prezident İlham Əliyev atdığı bu cəsarətli addımla sübut etdi ki, iqtisadi prosesləri çox uzaqgörənliklə proqnozlaşdırmağı bacarır, maliyyə və iqtisadi siyasəti dərindən bilərək, baş verə biləcək meyilləri qabaqlayıcı tədbirlərlə heçə endirir və rasional qərarları ilə iqtisadi idarəetmənin peşəkar banisidir. Cənab İlham Əliyevin milli valyuta ilə bağlı həyata keçirdiyi islahatlar doğru və vaxtında atılımış addım olmaqla bərabər, bir çox region ölkələri üçün örnək idi. Həyata keçirilən denominasiya siyasəti manatın məzənnəsini daha da möhkəmləndirdi. Azərbaycan iqtisadiyyatında yeni maliyyə-valyuta münasibətləri formalaşdı.Azərbaycan manatı dəyərli valyutaya çevrilərək, dəyərinə görə bir çox xarici dövlətlərin valyutalarını geridə qoydu. ABŞ dolları dəyərinə görə, valyuta birjalarında manatdan aşağı qiymətə dəyişdirildi.

Azərbaycan yeganə ölkələrdəndir ki, denominasiyadan sonra milli valyutası dəyərini hər il artırıb və bu proses davamlı xarakter alıb. Məsələn, 5 il əvvəl pul islahatları başlayanda və ilk yeni banknotlar dövriyyəyə buraxılanda manatın dollarla nisbətdə dəyəri 0, 92 qəpik təşkil edirdi və həmin dövrdə ABŞ pulu ümumilikdə dünya maliyyə bazarlarında əsas aparıcı valyuta növü idi. Azərbaycan hökumətinin ölkədə güclü sabitlik potensialı yaratması və mükəmməl məzənnə siyasəti yürütməsi denominasiyanın ilk ilindəcə öz effektiv nəticələrini göstərdi. Manat digər xarici valyutalarla nisbətdə nəinki öz mövqeyini sabit qoruyub saxladı, hətta 2 faizə yaxın nisbi dəyər qazandı.

Hazırda manat ən dəyərli pul vasitəsi kimi möhkəmlənərək, artıq dünyanın dönərli valyutaları sırasına daxil olub. Azərbaycan manatı MDB məkanında ən sabit milli valyutalar sırasında mövqeyini birinci yerdə qoruyub saxlayır. 117 ölkə üzrə dünya valyutalarının sabitlik reytinqində isə manat 28-ci yerdə dayanmaqdadır. Rusiyanın "Finmarket" agentliyinin tərtib etdiyi reytinqə əsasən, Azərbaycan manatı sabitliyinə görə, bölgədə ikinci yerdə qərarlaşıb. Belə ki, Rusiya rubluna qarşı məzənnəsi fevralda 21,88 faiz yüksələn milli valyuta MDB-də birinci, bölgədə isə İran rialından sonra ikinci sabit valyuta sayılır. Milli valyutaların reytinqinin ən aşağı pillələrindən birində Ermənistan dramı qərarlaşıb. Erməni pulu həmin reytinq üzrə 111-ci yerdə mövqe qazanıb.

Azərbaycanın yeni milli valyutası son 6 ildə həm dollar, həm avro, həm də digər valyutalar qarşısında öz məzənnəsini möhkəmləndirərək ən aktiv pul vasitəsinə çevrilib. Bu müddət ərzində milli valyuta dollarla nisbətdə 20 faizə yaxın möhkəmlənib və 1 dollar 0, 78 qəpiyə bərabərdir. Avro isə son 5 ildə manat qarşısında 40 faizdən də artıq dəyərini itirib. 2007-ci ildə 1 avro almaq üçün 1 manat 55 qəpik tələb olunurdusa, indi bu rəqəm 1 manat 025 qəpiyə bərabərdir. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən pul siyasətinin səmərəliliyinin artırılması milli valyuta olan manatın yerli maliyyə bazarı ilə yanaşı, regionda aktiv pul vasitəsi kimi çəkisinin yüksəlməsinə səbəb olmaqdadır. Bütün dövlətlərin milli valyutası dəyərini itirdiyi halda, milli valyutanın məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmlənməkdədir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər