Ölkə başçısı bir sıra hərbi qulluqçuları təltif edib
Məlum olduğu kimi, bir neçə gündən sonra, yəni, cari ayın 18-də ölkəmizdə Dövlət Sərhəd Xidmətinin yaradılmasının 93-cü ildönümü qeyd olunacaq. 1919-cu il avqust ayının 18-dən fəaliyyət göstərən dövlət sərhəd xidməti bu gün də ölkəmizin sərhədlərinin qorunması yolunda bütün gücüylə və səylə fəaliyyət göstərir.
Sərhəd xidmətinin fəaliyyəti barədə danışmazdan əvvəl, onun yaranma və formalaşma tarixinə nəzər salmaq lazımdır. İlk dəfə 1919-cu il avqust ayının 18-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycanın sərhədlərinin qorunması haqqında qərar qəbul etmişdir. Bunun böyük bir tarixi əhəmiyyəti var. Bu, həm də Xalq Cümhuriyyətinin çox çətin şəraitdə dövlət atributlarının müəyyən edilməsinə nə qədər böyük fikir verdiyinin göstəricisidir. Lakin o zaman yaranmış Sərhəd Qoşunları müstəqil dövlətin sərhədlərinin qorunmasına xidmətini göstərə bilmədi. Çünki cəmi səkkiz aydan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etmişdi. Buna baxmayaraq, sərhəd qoşunlarının yaradılması ilə Azərbaycanda sərhədçilik, sərhəd qoşunları ənənəsi yaranmışdı.
Sonrakı illərdə, sovet hakimiyyəti dövründə isə Azərbaycanın sərhədləri SSRİ-nin sərhədlərinin bir hissəsi olmuşdur. Azərbaycanın cənub tərəfdə İranla, Türkiyə ilə sərhədləri SSRİ sərhədlərinin tərkib hissəsi olaraq, SSRİ-nin sərhəd qoşunları tərəfindən mühafizə edilmişdir. Buna görə də ölkəmizdə Sərhəd Xidmətinin formalaşması məhz müstəqillik dövrünə təsadüf edir ki, bu illərdə də böyük inkişaf yolu keçmişdir. Təbii ki, Sərhəd Xidmətinin formalaşması işində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, demək olar ki, sərhədlərimiz açıq idi. Sərhəd infrastrukturu mövcud deyildi. Əvvəlki illərdə yaradılmış sərhəd infrastrukturu isə dağıdılmışdı. Ulu Öndərin rəhbərliyi altında, qısa müddət ərzində, bütün sərhəd ərazilərində tikinti-quruculuq işləri başlanmışdır, sərhəd-mühafizə infrastrukturu yaradılmışdır və bu proses bu gün uğurla davam etdirilir. Qəbul edilmiş proqram əsasında bütün tikinti işləri, demək olar ki, başa çatmaq üzrədir. Bütün sərhədlərdə lazımi səviyyədə texniki qurğular yaradılıbdır, dəstələr, qarnizonlar fəaliyyət göstərir. Bu gün Azərbaycan sərhədləri bütün istiqamətlərdə - quruda və dənizdə lazımi səviyyədə qorunur.
Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev tərəfindən də Dövlət Sərhəd Xidmətinin inkişafına, Avropa standartları səviyyəsinə yüksəldilməsinə böyük diqqət və qayğı göstərilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 14 yanvar 2004-cü il tarixində imzaladığı Fərmanla I "Naxçıvan" Sərhəd Diviziyası yaradılıb, şəxsi heyətin məişət şəraiti daha da yaxşılaşdırılaraq, burada geniş quruculuq işləri aparılıb. Əsgər və zabitlərə, onların ailələrinə lazımi dövlət qayğısı göstərilib.
Prezident İlham Əliyevin 2005-ci il dekabrın 27-də təsdiq etdiyi "Azərbaycan Respublikası dövlət sərhəd mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın icrası da müasir sərhəd mühafizə infrastrukturunun yaradılmasına müsbət təsir edib. İcrası 2010-cu ildə yekunlaşan Dövlət Proqramı çərçivəsində Türkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin yeni bazası, aviasiya bazaları, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Şüvəlan qəsəbəsində hərbi hissə, "Sərhədçi" istirahət mərkəzi, Xudat şəhərində yaşayış massivi, Horadiz, Şəki, Zaqatala, Şəmkir və Göytəpə sərhəd dəstələrinin qarnizonları, Astara rayonunda katerlər divizionu, Xızı rayonunda səhra təlim poliqonu, Novxanıda müasir atçılıq mərkəzi, Səngəçal qəsəbəsində mərkəzi anbarlar kompleksi, hərbi hissələrdə sərhəd komendantlığı və zastavası kompleksləri, ümumən dövlət sərhədində 589 bina inşa edilərək, xidməti istifadəyə verilib. Peşəkar sərhədçi kadrların hazırlanması üçün Bakıda Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı olub. Tikinti-quruculuq işləri ilə yanaşı, sərhəd mühafizəsində müasir silahlar, avadanlıq, uçuş və üzmə vasitələri də tətbiq edilib. Bütün bunlar isə müstəqilliyinin 20-ci ilinə qədəm qoyan Azərbaycanda etibarlı sərhəd mühafizəsinin daha yüksək təminatına xidmət edib.
2010-cu ildə Dövlət Sərhəd Xidmətinin Akademiyasının açılışı isə bu sahədə görülən əhəmiyyətli işlərdəndir. Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılan Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi- elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə təsis edilmişdir. 2010-cü il avqust ayının 10-da Akademiyanın yeni binasının açılışında Prezident İlham Əliyevin iştirakı isə bir daha Onun bu sahəyə olan yüksək diqqətindən xəbər verir.
Bu günlərdə isə ölkə başçısı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yaradılmasının 93-cü ildönümü münasibətilə bir sıra hərbi qulluqçuların xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə təltif edərək müxtəlif orden və medallarla mükafatlandırıb. Təbii ki bunu da sərhədə xidmətinə, sərhədçilərimizə göstərilən qayğının daha bir nümunəsi kimi qeyd etmək olar.
Sərhədlərimizin qorunması təhlükəsizliyimizin təmin edilməsi deməkdir. Təhlükəsizliyimizin təmin edilməsi üçün bütün tədbirlər görülür. Bu gün həm texniki vasitələr, həm mühəndis qurğuları, həm də avadanlıq baxımından Sərhəd Xidməti ən yüksək səviyyədədir. Sərhəd Xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və möhkəmləndirilməsi üçün mütəmadi qaydada ardıcıl tədbirlər görülür, avadanlıq, silah-sursat, texnika alınır və təchizat baxımından heç bir problem yoxdur. Lazımi səviyyədə maliyyə vəsaiti də ayrılır ki, bütün işlər yüksək səviyyədə görülsün. Ayrılan maliyyə vəsaitindən çox səmərəli şəkildə istifadə olunur. Sərhədçilər, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əməli işlər görülür, evlər tikilir, istirahət mərkəzləri, idman şəhərcikləri yaradılır. Yəni bütün bunlar Sərhəd Xidmətinin inkişafına yönələn böyük addımlardır.
Ümid edirik ki, sərhədçilər də, öz növbələrində dövlətimizin, ölkə başçısının onlara göstərdiyi etimadı doğruldacaq, daha güclü fəaliyyət göstərmək üçün əllərindən gələni edəcəklər.
Murad İSMAYILZADƏ