PDF Oxu

Əsas

  • 54

Azərbaycanda aparılan uğurlu idman siyasəti öz məntiqi bəhrəsini verdi

İctimaiyyət olimpiyaçılarımızın qələbələrini qəhrəmanlıq kimi səciyyələndirir

Azərbaycanda aparılan uğurlu idman siyasəti öz məntiqi bəhrəsini verdi

Bu gün, Azərbaycanda bütün sahələrə əldə edilən uğurlu inkişaf idman sahəsində də davam etdirilir. Dövlətimiz tərəfindən idmana göstərilən diqqət və qayğı nəticəsində beynəlxalq yarışlarda əldə edilən nailiyyətlər davamlı xarakter almışdır. Bu əhəmiyyətli amil özünü XXX London Olimpiya Oyunlarında da təsdiq etdi. Olimpiya Oyunlarında azərbaycanlı idmançıların yüksək nəticələr əldə etməsi, bir daha göstərdi ki, idmançılarımız onlara göstərilən etimadı doğrultdular. Xatırladaq ki, London Yay Olimpiya Oyunlarında Azərbaycanı 16 idman növündə 53 atlet təmsil edib. Olimpiya oyunlarında Azərbaycan idmançıları 10 medal qazanıblar (2 qızıl, 2 gümüş və 6 bürünc medal). Bütövlükdə, ölkə ictimaiyyətinin sevincinə səbəb olan idmançıların uğurları ilə bağlı Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının sədrləri "Səs" qəzeti vasitəsilə fikirlərini bölüşürlər.

Mehriban Abasquliyeva Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri: "Prezident İlham Əliyevin xüsusi Sərəncamı ilə 2012-ci ilin ölkəmizdə "İdman ili" elan olunmasını da yada salsaq, onda idmançılarımızın uğurları daha böyük məna kəsb edir"

- Qazanılan möhtəşəm qələbənin ölkəmizdə Milli Olimpiya Komitəsinin rəsmən fəaliyyətə başlamasının 20-ci, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ildönümünə və Yay Olimpiya Oyunlarının 30-cu yubileyinə təsadüf etməsinin xüsusi əhəmiyyəti var. Prezident İlham Əliyevin xüsusi Sərəncamı ilə 2012-ci ilin ölkəmizdə "İdman ili" elan olunmasını da yada salsaq, onda idmançılarımızın uğurları daha böyük məna kəsb edir.

Dünya səviyyəli mötəbər idman tədbirində Azərbaycan bayrağının yüksəklərə qaldırılması hər birimizdə iftixar hissi oyatdı. Bu məqamda qeyd etmək istərdim ki, bir dövlətin bayrağı dünyada üç halda yüksəyə qaldırılır. Birincisi, səfirliklərin, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların binasının önündə, digəri dövlət başçıları başqa bir ölkəyə səfər etdikdə, bayraq yüksəldilir. Üçüncü halda isə, idmançılar beynəlxalq yarışlarda qələbə qazandıqda onun təmsil etdiyi ölkənin bayrağı yüksəldilir, dövlətinin himni səsləndirilir. Yəni idmançılarımızın XXX London Yay Olimpiya Oyunlarındakı misilsiz nailiyyəti, həm də böyük siyasi xarakter daşıyır, dövlətçiliyimizin nailiyyətləri kimi qiymətləndirilir. Bu yolla beynəlxalq aləmdə böyük nüfuz qazanan, etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Respublikasının şan-şöhrəti daha da artır, ölkəmizin həm də idman sahəsində qabaqcıl dövlətlər sırasında yer aldığı bütün dünyaya sübut olunur. Dövlət başçısı İlham Əliyev Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib.

Yay Olimpiya Oyunları həm də dünya dövlətlərinin bir növ güc nümayişi meydanıdır. Yarışlarda daha çox uğur qazanan ölkələrin böyük əksəriyyəti dünyada söz sahibi olanlardır. 200-dən çox ölkə arasında yalnız 35-nin nümayəndələrinin iki və daha çox qızıl mükafata sahib olması və onlar arasında Azərbaycanın da yer alması bir mənada bizim də dünyada söz sahibi olduğumuzun rəmzi hesab oluna bilər. Ölkəmiz XXX Olimpiadada medal qazanmış 85 ölkənin nəticələrini əks etdirən cədvəldə bir çox dövləti, o cümlədən, İsveçrə, Norveç, Kanada, İsveç, Meksika, Argentina, Belçika, Finlandiya, Bolqarıstan, Portuqaliya, Yunanıstan, Hindistan, Malayziya, İndoneziya kimi ölkələri qabaqlamışdır. Bu, Azərbaycanın qüdrətli dövlət olduğunu göstərir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Olimpiya oyunlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını nümayiş etdirir.

Aydın Hüseynov Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, Siyasi Şuranın üzvü: "Qətiyyətlə deyə bilərik ki, respublikamızda belə bir inkişaf 15 il öncə - 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə başladı "

- Həqiqətən də, bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi məhz ölkəmizin payına düşür. Rəsmi Bakının icazəsi olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə reallaşa bilməz. Bu gün Azərbaycan dünyanın təhlükəsizlik siyasətini müəyyənləşdirən 15 dövlət arasında yer almış, BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq, mötəbər qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Və nəhayət, bütün bunlarla yanaşı, bu gün idmançılarımız ölkəmizin beynəlxalq aləmdəki imicini daha da yüksəldərək, XXX London Yay Olimpiya Oyunlarında ikisi qızıl medal olmaqla, on medalla Vətənə qayıtmışlar. Bu, böyük nailiyyətdir. Mən, Olimpiyaçılarımızın qələbəsi münasibəti ilə hər bir azərbaycanlını, hər bir vətəndaşımızı ürəkdən təbrik edirəm.

Bu gün dünyada gedən qlobal inteqrasiya proseslərinin sürətləndirilməsindəki əhəmiyyəti, irqindən, dinindən asılı olmayaraq, müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq, onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən olimpiya oyunları beynəlxalq həyatın ən möhtəşəm və mötəbər bir tədbiridir. Bu tədbirdən heç bir dövlət kənarda qalmır, hamı olimpiya oyunlarında layiqincə təmsil olunmağa çalışır. Müstəqil Azərbaycan Respublikası da Olimpiya oyunlarına ilk dəfə 1996-cı ildə qatılmışdır. Atlantada qazanılmış bir gümüş medal o dövrdə ölkəmiz üçün uğurlu nəticə olsa da, Azərbaycanı güclü idman ölkəsi kimi tanıtdırmağa yetərli deyildi. Dünyaya səs salmaq üçün Olimpiya oyunlarında daha yüksək uğurlar qazanmaq gərək idi. Bu isə ölkədə olimpiya hərəkatının, idmanın sürətlə inkişaf etdirilməsini tələb edirdi. Qətiyyətlə deyə bilərik ki, respublikamızda belə bir inkişaf 15 il öncə - 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə başladı. 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında idmançılarımız iki qızıl və bir bürünc medal qazanaraq, dövlətimizin 199 ölkə arasında 34-cü olmasını təmin etdilər. 2004-cü ildə Afinada medallarımızın sayı 5-ə, 2008-ci ildə Pekində 7-yə çatdı. İnamlı yüksəlişi davam etdirən idmançılarımız XXX London Yay Olimpiya Oyunlarında daha çox, 10 medal (iki qızıl, iki gümüş və altı bürünc medal) qazanaraq xalqımıza böyük sevinc bəxş etdilər.

Nizami Əhmədov, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri:"Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yeniləşməsi və bu sahənin inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur"

Ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda hər il beynəlxalq yarışlar keçirilir. Burada ən mötəbər yarışlar, dünya və qitə çempionatları, Olimpiya oyunlarının lisenziya turnirləri təşkil olunur. Həm də beynəlxalq yarışların təkcə paytaxtda deyil, ölkənin regionlarında da təşkil edilməsi sevindirici haldır. Ümumiyyətlə, Azərbaycanda artıq beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilməsi bir ənənəyə çevrilib. Elə ay yoxdur ki, ölkəmizdə hansısa mötəbər beynəlxalq tədbir, yarış keçirilməsin. Bütün bunlar ölkənin idman və olimpiya hərəkatında qazandığı nüfuz hesabına mümkün olmuşdur. Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yeniləşməsi və bu sahənin inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Ölkədə Olimpiya hərəkatı və idman sahəsində görülən işlər, beynəlxalq miqyasda qazanılan nüfuz və etimad bu arzumuzu da gerçəkləşdirəcəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, bizim bu işə sədaqətimiz və bağlılığımız gec-tez məqsədə nail olmağa aparıb çıxaracaqdır.

Ramiz Şabanov Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri: "Bu kimi əhəmiyyətli amillərin reallaşdırılmasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmaz əməyi, tükənməz gücü və potensialı və qətiyyəti dayanıb"

Müstəqil respublikamızın Olimpiya oyunlarında cəmi 5 dəfə iştirak etməsinə baxmayaraq, Londonda 10 medal qazanmağımız Azərbaycanın dünyanın inkişaf etmiş idman ölkəsi olduğunu sübut edir. Bütövlükdə, XXX Yay Olimpiya Oyunlarının statistikasını bir daha göz önünə gətirsək, bir çox həqiqətlər ortaya çıxmış olar. Birincisi, məlum olur ki, Azərbaycan Cənubi Qafqaz bölgəsində ən çox medal qazanan ölkədir. İkincisi, ölkəmiz Olimpiadada əldə etdiyi medalların sayına görə, Avropada 15-ci, keçmiş sovet məkanında isə 5-ci mövqedə yer alıb. Üçüncüsü, islam dünyasında Azərbaycan qazandığı idman uğurlarına görə, ön sırada yer alır. Yəni 204 dövlətin iştirak etdiyi XXX Yay Olimpiya Oyunlarında 30-cu yeri tutan Azərbaycan özünü dünyaya inkişaf etmiş idman ölkəsi kimi də təqdim etdi. Etiraf etmək lazımdır ki, Olimpiya oyunlarında çox güclü idman ənənələri olan ölkələr iştirak edib və bunların sırasında qabaqcıl yeri tutmaq, sözün həqiqi mənasında, böyük uğur sayılır.

İdmançılarımızın London Olimpiadasında qazandığı uğurlar insanlarımızın vətənpərvərlik ruhunun yüksəlməsinə zəmin yaratdı. Deyə bilərik ki, qazanılan bütün uğurlar dövlətlə xalqın sıx birləşməsinə və birgə gücün ifadə edilməsinə işarədir. Ümumilikdə, idmançılarımızın zəfərləri milli inkişafa təkan verən vacib amildir. Və təbii ki, bu kimi əhəmiyyətli amillərin reallaşdırılmasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmaz əməyi, tükənməz gücü və potensialı və qətiyyəti dayanıb.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər