Bu gün Dövlət Sərhəd Xidmətinin yaradılmasının 93-cü ildönümü qeyd olunur
Ölkə sərhədlərinin qorunması hər bir dövlətin silahlı qüvvələrinin qarşısında duran əsas məqsədlərdən biridir. Bu işin layiqincə yerinə yetirilməsi isə ölkəni, vətəndaşları xarici təhlükələrdən qoruya, onların təhlükəsizliyini təmin edə bilər. Azərbaycanda isə bu ənənə özünün tarixiliyi və böyük təcrübəsi ilə seçilir. Artıq bu gün 93 yaşını qeyd edən Dövlət Sərhəd Xidməti fəaliyyətinin yüksək səviyyədə təşkil olunması ilə öz boynuna düşən işi layiqincə yerinə yetirir.
Azərbaycanda sərhəd qoşunlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlıdır. 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən, Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə isə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.
Yalnız müstəqillik əldə edildikdən sonra sərhəd xidməti öz tarxinin yeni mərhələsinə qədəm qoyub ki, bu illər ərzində də bu sahədə müxtəlif nailiyyətlər əldə olunub. Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. 2002-ci il iyul ayının 31-də isə Ümummilli Liderimiz Heydər Əliyevin imzaladığı Sərəncamla sərhəd qoşunları müstəqil qurum- Sərhəd Xidməti kimi fəaliyyətə başlayıb.
Müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərinə bilavasitə rəhbərlik edən Ulu öndər Heydər Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmət göstərmiş, milli sərhəd siyasətinin əsasını qoymuş, sərhəd strategiyasını müəyyənləşdirmişdir. Ümumiyyətlə, üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Liderimiz Heydər Əliyev 1996-cı il dekabrın 16-da Azərbaycanda sərhəd qoşunlarının yaradılmasının 5 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edərək, Azərbaycanın müstəqilliyinin əsas amillərindən olan Azərbaycan Respublikasının sərhədlərinin məhz Sərhəd Qoşunlarına tapşırılmasının bu qoşun növünün Respublika Silahlı Qüvvələrinin tərkibində çox böyük əhəmiyyətə malik olduğunun qeyd etmişdir.
2000-ci il avqustun 16-da dahi öndər Heydər Əliyev ADR-in ilk sərhəd mühafizəsinin təsis edildiyi tarixin Azərbaycan Respublikasının Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi elan edilməsi haqqında Sərəncam imzaladı. 2002-ci il iyulun 31-də Ulu Öndər Heydər Əliyevin sərhəd qoşunlarının Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən çıxarılması və onun bazasında Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzalaması ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.
Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev də bu gün ölkəmizdə sərhəd xidmətinin düzgün təşkil olunmasına, sərhədlərimizin qorunmasına və sərhədçilərin vəziyyətinin yaxşılaşdırılmasına böyük diqqət göstərir. Prezident İlham Əliyev sərhəd xidmətinin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması üçün bu sahədə müxtəlif sənədlər imzalayır və onların icrasına birbaşa nəzarət edir. Dövlət başçısı İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə 2007-ci il 12 iyun tarixli Sərəncamı da sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. 2010-cu ildə Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının açılışındakı çıxışı zamanı qeyd etmişdir ki, lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək. Qeyd edim ki, artıq iki ildir fəaliyyət göstərən Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə təsis edilmişdir.
Prezident İlham Əliyevin sərhəd xidmətinin işinin təşkilinə göstərdiyi diqqət və qayğı Dövlət Sərhəd Xidmətinin yaranmasının 93-cü ildönümü ərəfəsində də özünü göstərdi. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları dövlət başçısının müvafiq Sərəncamı ilə təltif ediliblər. Bu da sərhədlərimizin qorunmasına dövlət tərəfindən ayrılan diqqətin daha bar nümunəsidir.
Bu gün sərhədçilərimizin də boynuna nümunəvi xidmət göstərməklə onlara göstərilən bu diqqəti və etimadı doğrultmaq və yaradılan şəraitdən düzgün istifadə etmək düşür.
Murad İSMAYILZADƏ