Yarandığı zamandan etibarən, xalqımızın mənəvi sərvətinin və milli mədəniyyətinin təbliği və inkişafı istiqamətində mühüm işlər görən Heydər Əliyev Fondu, ilk növbədə, Ümummilli Liderin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəz kimi fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Xalqın böyük məhəbbətini və etimadını qazanan Mehriban xanım Əliyevanın uğurları Heydər Əliyev ucalığını başlıca meyar götürməsindən, eləcə də, Azərbaycanın birinci xanımının zəngin mənəvi və intellektual potensialından qaynaqlanır. Məhz bu cür mükəmməl fəaliyyətin məntiqi nəticəsi olaraq, indi Heydər Əliyev Fondunun gördüyü işlərin sorağı dünyanın sayılıb-seçilən ölkələrindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir.
Mehriban xanım Əliyevanın üzərinə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Millim Məclisin deputatı, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri, həmçinin, böyük məsuliyyət və gərgin zəhmət tələb edən digər silsilə vəzifələr düşür. Heydər Əliyev Fondunun reallaşdırdığı möhtəşəm işlər Azərbaycanın birinci xanımının daxili dünyasının və çoxşaxəli fəaliyyətinin aynasıdır.
Millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, Ümummilli Liderin ali ideallarını özündə ehtiva edir. Azərbaycanın birinci xanımının fəaliyyəti aşılmaz sayılan sərhədləri belə adlayır. Çox zaman Heydər Əliyev Fondunun layihələri qlobal xarakteri və keyfiyyətinə görə, hətta beynəlxalq layihələri üstələyir. Bu, xalqımızda qürur doğuran reallıqdır.
Bu yaxınlarda Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Baş nazirinin katibliyi nəzdində fəaliyyət göstərən "Pakistan Sweet Home" Fondu tərəfindən bu ölkənin müxtəlif şəhərlərindəki 11 uşaq evinin 1200 sakini üçün iftar süfrəsi təşkil edilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə respublikamızda və xarici ölkələrdə həyata keçirilən təhsil və səhiyyə sahələrində layihələr barədə ətraflı məlumat verilmiş, Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbinin inşa edildiyi vurğulanmışdır.
Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində "Edhi Home" kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və Hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavər şəhərində "Akbar Care" serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmiş, Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadın və uşaq xəstəxanasında açıq ürək əməliyyatları aparılmış, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlığı, laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və iki min qanköçürmə paketi alınmış, Xayber Göz Fondunun yeni binasının tikintisi üçün maddi yardım göstərilib.
Həyata keçirilən xeyirxah işlər Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, habelə, bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də fondun cəmiyyətdə və xaricdə artan nüfuzunun ifadəsidir.
Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi həyatında daim dövlətimizin başçısını müşayiət edərək, ona dəstək olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinə ictimai dəstəyin artırılmasına ciddi töhfələr verir. O, yaxın və uzaq xaricdə birinci ledilərlə şəxsi münasibətlər və dostluq əlaqələri yaratmaqla nümunə göstərir. Azərbaycanın birinci ledisi öz yüksək statusundan və təşkilatçılıq imkanlarından istifadə edərək, ehtiyacı olanların problemlərinin həllinə çalışır.
Azərbaycanın birinci xanımı Vətəninə və millətinin imicinə beynəlxalq səviyyədə ölçüyəgəlməz dividendlər gətirir, əsil vətəndaşlıq nümunəsi formalaşdırır. Azərbaycanın birinci xanımı öz səmərəli fəaliyyəti ilə mötəbər beynəlxalq təşkilatların imkanlarından maksimum yararlanmaq, həmçinin, Prezident İlham Əliyevin siyasətinə müvafiq ölkəmizin beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə təkan vermək nümunəsi də nümayiş etdirir.
Mehriban xanım Əliyevanın peşəkarcasına fəaliyyəti nəticəsində bir-birinin ardınca Azərbaycanın mənəvi inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınır. Ölkəmiz, sözün əsil mənasında fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoqu və ortaq məxrəc axtardığı məkana çevrilir. Bir-birindən vacib və əhəmiyyətli layihələri həyata keçirərək siyasətçi, diplomat, ictimai xadim yolunu seçən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi altında reallaşan humanitar aksiyaların sayı-hesabı yoxdur. Qaçqın ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliyindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair möhtəşəm proqram, Azərbaycanın əsasən kənd yerlərində yeni məktəb binalarının, səhiyyə müəssisələrinin tikilməsi, Mehriban xanımın özünün şəxsən iştirak etdiyi müxtəlif xeyriyyəçilik aksiyalarının keçirilməsi artıq çoxdandır ki, ənənə şəklini almışdır. Ölkəmizdə və onun hüdudlarından kənarda insanlar onu məhz xeyirxah, humanist və nəcib işlərinə görə sevirlər. Fondun yaradılması ilə xeyriyyəçilik amalı Mehriban Əliyevanın fəaliyyətinin prioritetinə çevrilmişdir. Başqa sözlə desək o öz qüvvəsini və fondun əməkdaşlarının səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə yönəltmişdir. Uşaq evlərində tərbiyə alan gənclərin mənzillə təmin olunması kimi daim cəmiyyətimizi narahat edən mühüm problemin həllinə də məhz Mehriban Əliyevanın xeyirxahlıq missiyası sayəsində nail olunmuşdur. Paytaxtdan başlayan və ilk növbədə, qayğıya daha çox ehtiyacı olan, valideyn himayəsindən məhrum qız uşaqlarının mənzillə təmin olunmasını nəzərdə tutan layihənin icrası ölkəmizdə Mehriban Əliyevanın bu nəcib missiyanın nə qədər ali və müqəddəs olduğunu təsdiq etmişdir.
Görülmüş bütün bu işlər, qazanılmış uğurlar, ilk növbədə, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyətinin, dünyanın tanınmış bir çox ictimai və mədəniyyət xadimləri tərəfindən də yüksək dəyərləndirilən intellektinin, təşəbbüskarlığının, nüfuzunun, təşkilatçılıq və idarəetmə bacarığının bəhrəsidir.
ZÜMRÜD BAYRAMOVA