Türkiyənin "Gazeteciler.com" internet qəzeti: "Kaş ki, hörmətli Çekirge cavab haqqının müqəddəsliyinə əməl etmiş olaydı"
Artıq bir neçə gündür ki, həm Azərbaycan, həm də Türkiyə mətbuatında bu ölkədə nəşr olunan "Hürriyet" qəzetinin köşə yazarı Fatih Çekirgenin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Mikayıl Cabbarov haqqında yazdığı 2 yazı ətrafında polemikalar aparılmaqdadır. Xatırladaq ki, F.Çekirge 12-13 avqust tarixli köşə yazılarında qərəzli şəkildə iddia irəli sürüb ki, İstanbul-Barselona reysi ilə uçan təyyarənin biznes-klasında M.Cabbarov guya stüardessaya onun qanunsuz tələbini yerinə yetirmək üçün təzyiq göstərib, hətta onu işdən çıxartdıracağı ilə hədələyib.
Lakin sonradan bu qərəzli iddianın sadəcə iftira olduğu üzə çıxdı. Belə ki, M.Cabbarov sözügedən məsələ ilə bağlı açıqlama yayaraq, F.Çekirgenin yazdıqlarını qəti şəkildə təkzib edib. "Hürriyet" qəzetindən təkzib tələb edən M.Cabbarovun sözlərinə görə, o, olayın iştirakçısı deyil, şahidi olub. M.Cabbarov sözügedən reyslə özündən başqa, 4 ailə üzvü ilə bərabər Barselonaya getməsi faktını təsdiq etsə də, stüardessa ilə mübahisə edən şəxsin başqa birisi olduğunu bildirib. M.Cabarov onu da bildirib ki, əgər "Hürriyet" təkzib verməsə, məhkəməyə müraciət edəcək.
"Doğan" Qrupu antimilli davranışlarına görə, üç milyard dollar itkiyə məruz qalıb
Onu da xüsusi olaraq, vurğulamaq yerinə düşərdi ki, "Hürriyet" qəzetinin aid olduğu "Doğan" Media Qrupu Türkiyənin ən iri media quruplarından biri olsa da öz ermənipərəst və antitürk fəaliyyəti ilə diqqət çəkib. Belə ki, media qrupunun dəfələrlə erməni lobbisinin fitnələrinə gedərək, həm Azrbaycan, həm də Türkiyənin milli-maraqlarına qarşı çıxışlar edib. Bunu həm "Hürriyet" qəzetində, həm də qrupa məxsus "kanal D" telekanalında müşahidə etmək mümkün olub. Bu bardə "Səs" qəzeti olaraq, kifayət qədər məlumatlar vermişik. Həmçinin, "Doğan" qrupunun rəhbəri A.Doğan bilavasitə Azərbaycanda biznes maraqlarının təmin olunmadığına görə, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparıb. Ancaq bir bizensmen kimi anlamayıb ki, əgər hər hansı biznes marağı güdən şəxs öz maraqlarını təmin edə bilməyirsə, bu, onun öz günahıdır. Yəni müasir dünyanın biznes sahələrində udmaq da var, ududzmaq da. Və A.Doğan Azərbaycanda biznes maraqlarını öz xətası səbəbindən gerçəkləşdirə bilməyibsə, həmin səhvlərini özündə axtarmalıdır. Daha buna görə, əlində olan və korrupsiyalaşmış media qrupundan, həmin qrupda köşə yazıları yazan çekirgelerdən rəzil qaydada istifadə etməməlidir.
Eyni zamanda, vurğulamaq yerinə düşərdi ki, "Doğan" qrupu Türkiyənin milli maraqlarına qarşı çıxdığına görə, həmin ölkədə də ciddi biznes məğlubiyyətlərinə uğrayıb. Belə ki, "Doğan" şirkətlər qrupu ilə işləmək istəməyən digər biznes dairələri həmin qrupun geriləməsi ilə nəticələnib. Əldə etdiyimiz informasiyaya görə, son bir neçə ildə "Doğan" qrupunun maliyyə itkisinin 3 milyard dollar olduğu bildirilir.
Qərəzsiz Türkiyə mediası "Hürriyet"ə qarşı allergiya duyur
Bu arada xatırlatmaq istərdik ki, artıq bir neçə gündür ki, sözügedən məsələ ilə bağlı Türkiyə mediasında da həm "Doğan" qrupunun rəhbərliyinə, həm də "Hürriyet" yazarı F.Çekirgeyə qarşı haqlı ittihamlar səsləndirilməkdədir. Belə ki, Türkiyənin "Qazeteciler.com" internet qəzeti M.Cabbarovun məktubunu dərc edib. İnternet-qəzet bununla yanaşı, "Hürriyet" qəzetini qəzetçilik prinsiplərinə əməl etməməkdə günahlandırıb və qarşı tərəfi M.Cabbarova söz haqqı tanımamaqda ittiham edib: "Bu açıqlamanı yaymaqda məqsədimiz kimin haqlı, ya da kimin doğru söyləməsini ortaya çıxarmaqdan daha çox "media yolu ilə qətllər"ə allergiya duymağımızdır. Kaş ki, hörmətli Çekirge cavab haqqının müqəddəsliyinə əməl etmiş olaydı. Kaş ki, biz bu açıqlamanı onun köşəsindən oxuyaydıq..."
Göründüyü kimi, artıq baş verən hadisələrə real qiymət verən qardaş Türkiyə mətbuatı da "Hürriyet"in hansı amala xidmət etdiyini açıq şəkildə bildirir. Və əgər bu, belədirsə, demək həm "Doğan" qrupu baş verənlərdən dolayı üzr istəməlidir, həm də "Hürriyet" qəzetinin qərəzli və böhtançı köşə yazarı F.Çekirge məlum məqaləsinə görə təkzibini verməlidir. Bu, ən azından onun jurnalistlik borcudur.
R.NURƏDDİNOĞLU