Qaçqın da Ermənistandan üz döndərdi
Bir müddət bundan öncə, Suriyada gedən vətəndaş müharibəsi nəticəsində qaçqın düşmüş ermənilərin Ermənistanda yerləşdiriləcəyi ilə bağlı geniş müzakirələr aparılırdı. Hətta bununla bağlı Ermənistan prezidenti xüsusi tapşırıqlar da vermiş, suriyalı ermənilərin ölkə ərazisində məskunlaşdırılması üçün özünün "humanist" mövqeyini göstərmişdi. Lakin bu günlərdə verilən son xəbərlərdən aydın olur ki, suriyalı erməni qaçqınlar Ermənistanda yerləşdirilməyəcək.
Belə ki, "EurasiaNet" saytının verdiyi məlumata görə, Suriya erməniləri işğal altındakı Azərbaycan torpaqlarında yerləşməkdən imtina ediblər. Qeyd edim ki, bir qədər əvvəl Ermənistan vətəndaş müharibəsi ilə əlaqədar Suriyadan qaçqın düşmüş ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi təklifini irəli sürmüşdür.
Separatçı Dağlıq Qarabağ rejimi bildirib ki, onların təkliflərinə baxmayaraq, heç bir suriyalı Qarabağda məskunlaşmaq istəməyib. "Lakin müraciət olarsa, biz yenə də Suriyadan olan həmvətənlərimizi yerləşdirmək üçün istənilən köməyi göstərməyə hazırıq",-deyə qondarma rejimin rəsmi nümayəndəsi David Babayan bildirib.
Sarkisyanın bu niyyəti də baş tutmadı. Suriyalı erməni qaçqınların Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşdiriləcəyi ilə bağlı özünün sevincini gizlətməyən, hətta imkanı olsa onların qaçqın düşmələrinə də sevindiyini deyə biləcək qədər məmnun qalan erməni prezidentin istəyi alınmadı. Nəzərinizə çatdırım ki, Suriya ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsi ilə bağlı açıq-aşkar bəyanatlar verən işğalçı rejim bununla əlaqədar böyük hazırlıq görürdü. Təbii ki, işğal olunmuş ərazilərdə erməni qaçqınların yerləşdirilməsi Azərbaycan tərəfinin kəskin reaksiyası ilə qarşılanmış və buna qarşı dövlət səviyyəsində etiraz edilmişdi. Beynəlxalq təşkilatlara da bununla bağlı müraciət edildi, ölkə ictimaiyyətinin buna qarşı etirazı ifadə olundu.
Görünür, heç suriyalı ermənilər də bu məsələdən razı qalmayıblar. Onların işğal olunmuş torpaqlarda məskunlaşmaqdan imtina etmələri çox təbiidir. Belə ki, bu gün nəzarətsiz zona sayılan Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlar yaşayış üçün əlverişli deyil. Burada nəinki yaşayıb şərait qurmaq, heç məskunlaşmaq üçün də imkan yoxdur. Ermənistanın düşdüyü böhranlı vəziyyət, ölkənin günü-gündən geriləməsi, sosial naqisliklər Ermənistanın ümumi mənzərəsini əks etdirir. Belə olan vəziyyətdə öz əhalisinin qayğısına qala bilməyən Ermənistan hökuməti qaçqınlara necə sığınacaq verə bilər? Öncə Sarkisyan erməni vətəndaşların sosial təminatının yaxşılaşdırılması ilə bağlı düşünsün, sonra "qaçqın siyasəti"nə əl atar.
Bununla süni məskunlaşdırmaya nail olmaq istəyən ermənilər separatçı meyillərini yenə də göstərdilər. Amma göründüyü kimi, ölkə elə bir vəziyyətdədir ki, heç bir şəraiti olmayan, hər şeydən əllərini üzən qaçqınlar da bu ölkəyə sığınacaq kimi baxmırlar. Bu, bir daha Ermənistanın acınacaqlı sosial-iqtisadi durumundan xəbər verir. Ölkədə insanların yüksək bir yana, heç normal yaşayışlarını təmin etmək, mümkün deyil. Demək olar ki, artıq heç bir gəlir yeri qalmayan Ermənistan dövləti yalnız xarici ianələr hesabına dolanır. Bunun isə uzun müddət davam edə bilməyəcəyi istisna deyil.
Nəinki qaçqınlar, heç bu gün dünyanın hər hansı ölkəsində yaşayan və Ermənistan barəsində təbliğat aparan, erməni yalanlarını dünyaya çatdırmağa çalışan erməni diasporunun nümayəndəsi də bu ölkədə yaşamaq istəməz. Ermənistanı tərk edənlər sanki ölüm təhlükəsindən qaçıb qurtulan insanları xatırladır.
Budur "böyük Ermənistan" xəyalları quran ermənilərin əsil vəziyyəti. Bu imkanlarlamı onlar böyük dövlət qurmaq, Dağlıq Qarabağa sahib çıxmaq istəyirlər?
MURAD