Əli Həsənov: "Bu gün Elçibəyin həyatı və ölümü ilə bağlı müəmmalı məsələlərin araşdırılması onun keçmiş silahdaşlarına qətiyyən sərf etmir"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin mərhum prezident Əbülfəz Elçibəyin keçmiş silahdaşları tərəfindən zəhərlənməsi ətrafında qaldırdığı rəsmi iddiası bu gün ölkə mətbuatında ən çox polemikalara yol açan mövzulardan biridir. Eyni zamanda, burada ittiham olunan şəxs, yaxud şəxslər hazırda da müxalifət düşərgəsinə mənsub olan partiya sədridirlər və onların zamanında Elçibəyə qarşı törətdikləri xəyanətlər indi də xalqın hafizəsindən silinməyib.
Belə ki, həm birillik hakimiyyətləri dövründə, həm də ondan sonrakı vaxtlarda İsa Qəmbərovun, Əli Kərimovun onu müqəvva dövlət başçısı kimi qəbul etmələri, eləcə də, İ.Qəmbərovun hakimiyyət içində hakimiyyət yaradaraq Müsavat partiyasını təsis etməsi, bununla yanaşı, Ə.Kərimovun Elçibəyə qarşı səsləndirdiyi təhqiredici ifadələri də məhz bu kontekstdəndir. Bu baxımdan, hər iki partiya sədrinin şəxsi dividendlərini artırmaq üçün keçmiş liderlərinin - Elçibəyin adından sui-istifadə etmələri daim özünü büruzə vermişdir. Çünki Elçibəyin mövcudluğu onlara heç vaxt sərf etməyib, ölümü isə siyasi arenada irəli getmələrinə kifayət qədər şərait yaradıb. "Milli lider" adı altında Elçibəyin gördüyü müəyyən işləri özünküləşdirən İ.Qəmbərov, Ə.Kərimov cütlüyünün nə qədər "səmimi" davranmaları isə artıq ittiham şəklində qarşılarına çıxıb. Hazırda Ə.Elçibəyin qəsdən zəhərlənməsi iddiası ətrafında yaşananlar onların xəyanətlərini tam çılpaqlığı ilə ortaya qoyur.
Mərhum Əbülfəz Elçibəyə qarşı bu və bu kimi digər xəyanətlərin daim hər iki partiya sədri tərəfindən reallaşdırılmasını Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da istisna etməyib. Onun bu günlərdə "Media-forum" saytına verdiyi müsahibəsi də sözügedən məsələyə toxunaraq, xatırladıb ki, Elçibəyin hakimiyyətinin laxlamasının da, dağılmasının da, 1993-cü ildə hakimiyyətdən getməsinin də, Kələkidə dörd il qalmasının da əsas səbəbi ətrafında olan silahdaşları, o cümlədən, İsa Qəmbərov, Əli Kərimov və digərləridir.
"Necə olur ki, Türkiyədə mərhum prezident Turqut Özalın zəhərləndirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılır, bununla bağlı iş başlanır, araşdırma aparılır? Azərbaycanda niyə olmasın?"
Ona görə də, Bakı Şəhər Prokurorluğunun mərhum prezident Əbülfəz Elçibəyin zəhərləndirilərək öldürülməsi iddiasını araşdırmaq üçün cinayət işinin açılmasında zərurət var: "Prokurorluq bu cinayət işini başlamaya bilməzdi. Çünki haqqında söhbət gedən adam Azərbaycanın adi bir vətəndaşı deyil. Əbülfəz Elçibəy qanuni status almış keçmiş prezidentdir. Ona görə də, onun həyatı ilə bağlı bütün məsələlər araşdırılmalıdır. Necə olur ki, Türkiyədə mərhum prezident Turqut Özalın zəhərləndirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılır, bununla bağlı iş başlanır, araşdırma aparılır? Azərbaycanda niyə olmasın? Bu baxımdan Əbülfəz Elçibəy statuslu keçmiş prezidentdir və onun həyatı, xəstəliyi ilə bağlı səsləndirilmiş, ictimai rezonans doğurmuş, geniş müzakirələrə səbəb olan istənilən hadisə, fikir prokurorluqda araşdırılmalı, bunun real, yoxsa qeyri-real olması müəyyənləşdirilməli, Azərbaycan ictimaiyyətinə bu haqda məlumat verilməlidir. Bu, ictimai əhəmiyyət kəsb edən, cəmiyyətdə rezonansa səbəb olan hadisədir və prokurorluq mütləq bunu araşdırmalıdır".
AXCP sədri Əli Kərimov baş verənləri qarşıdan gələn 2013-cü il prezident seçkiləri ilə əlaqələndirməyə cəhd edir
Prezident Adminstrasiyasının rəsmisi cinayət işinin Elçibəyin ölümündən 12 il sonra açılmasına münasibətdə bildirib ki, Azərbaycan xalqı hüquqi dövlətdə yaşayır. Həmçinin, əgər Elçibəyin ölümü, zəhərləndirilməsi ilə bağlı irəli sürülən iddianı araşdırmaq üçün cinayət işi açılmasaydı, o zaman indi bundan narazı qalan insanlar yenə də hakimiyyətin üzərinə gələrək, məsələnin siyasiləşdirilməsini, iqtidarın Elçibəyin qatilinin tapılmasının qarşısını almağa çalışmasını iddia edərdilər: "Biz cinayət işi açmasaydıq da, bunlar belə bir kampaniya aparacaqdılar. Məsələni tam araşdırmaq üçün cinayət işi açmışıq, yenə də bizə qarşı kampaniya aparırlar. Ona görə kampaniya aparırlar ki, bu gün Elçibəyin həyatı, ölümü ilə bağlı müəmmalı məsələlərin araşdırılması onun keçmiş silahdaşlarına qətiyyən sərf etmir. Ehtiyat edirlər ki, birdən nəyinsə üstü açılar, real bir nəticə əldə edilər, müəmmalı bir şey ortaya çıxar".
Onu da qeyd edək ki, dağıdıcı müxalifət dairələri və onların "liderləri", xüsusilə də, AXCP sədri Əli Kərimov baş verənləri qarşıdan gələn 2013-cü il prezident seçkiləri ilə əlaqələndirməyə cəhd edir. Guya hakimiyyət bu vasitə ilə "cəbhə" sədrinin prezidentliyə namizədliyinin qarşısını almağa çalışır. Amma nədənsə unudur ki, onun və digərlərinin Elçibəyə qarşı xəyanətləri daha öncələr də mətbuatda səsləndirilib, yazılıb, ictimai müzakirələrə çıxarılıb. Çünki H.Hacıyevdən öncə də müxalifətdə təmsil olunan şəxslər məhz Ə.Kərimovun və İ.Qəmbərovun Elçibəyə qarşı antipatik hisslərinin olduğunu dəfələrlə bildiriblər: "Elçibəyin ətrafında olan adamlar deyirdilər ki, silahdaşları ona xəyanət edib, Elçibəyi partiya sədrliyindən uzaqlaşdırmaq üçün hansısa tədbirlər görüblər. Bu sırada siyasi-ictimai və sair tədbirlər olub. Amma indi faktiki olaraq ortada real bir iddiaçı var. İddiaçı açıq formada bəyan edib ki, Əbülfəz Elçibəyin zəhərləndiyini düşünür və kimin tərəfindən zəhərləndirilməsi ilə bağlı ad da çəkib".
"Hansısa bir şəxs insanlara sərf edəndə ciddi, sərf etməyəndə isə qeyri-ciddi olur"
Marqlıdır ki, ittiham olunan müxalifət "liderləri" onları günahlandıran Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevi qeyri-ciddi siyasətçi adlandırırlar. Ancaq unudurlar ki, məhz H.Hacıyev AXC-Müsavat cütlüyünün iqtidarı dönəmində nazir postunu tutmuşdu. Və əgər o, qeyri-ciddi insandırsa, nəyə görə 1992-ci ildə H.Hacıyevə nazir postu etibar edilmişdi? Məhz bu kimi əsassız iddialara da cavab verən Prezident Administrasiyasının rəsmisi təəssüflə qeyd edib ki, Azərbaycanda belə bir mənfi tendensiyanın olması arzuolunmazdır: "Hansısa bir şəxs insanlara sərf edəndə ciddi, sərf etməyəndə isə qeyri-ciddi olur. Necə olur ki, bir müddət bundan əvvəl Hafiz Hacıyev Azərbaycan hakimiyyəti ilə bağlı açıqlama verəndə, bəzi müxalifət partiyalarının sədrləri onu dərhal tərəfdaş kimi qəbul edirdilər, onunla əməkdaşlıq qururdular, amma indi onların əleyhinə müxtəlif açıqlamalar verəndə, danışanda, o, qeyri-ciddi siyasətçi, qeyri-ciddi imic sahibi olan insana çevrilir? Qanunda kimin ciddi, kimin qeyri-ciddi olduğuna dair təsnifat aparılmır. Hafiz Hacıyev faktiki olaraq qeydiyyatdan keçmiş real bir siyasi partiyanın sədridir və Azərbaycanın hakimiyyət strukturlarına, prokurorluq orqanlarına rəsmi müraciət edib".
"Elçibəyin ətrafında olanlardan partiya yaradan ilk şəxs də elə İsa Qəmbər oldu"
Əli Həsənov Müsavat başqanı İsa Qəmbərovun Azərbaycan iqtidarını Elçibəyin ölümündə günahlandırmasını da absurd hesab edib. Belə ki, Elçibəyin xəstəliyi bəlli olan kimi mərhum Heydər Əliyev onun Türkiyəyə aparılmasına nəinki şərait yaratdı, eyni zamanda, öz xidmətlərini təklif etdi. Əgər İsa Qəmbərov, Əli Kərimov və başqaları bunu bilmirlərsə, buyurub Elçibəyin ailəsindən soruşsunlar. Mərhum Heydər Əliyev Əbülfəz Elçibəyin Türkiyəyə aparılması üçün həm təyyarə təşkil etdi, həm də Azərbaycan hakimiyyətinin onun orada müalicəsini, digər xərclərinin ödənilməsini, lazımi qayğı göstərilməsini təşkil etməsi üçün ailəsinə təklif verdi: "Mən bu proseslərin iştirakçısı olmuşam. İsa Qəmbərin bu gün guya Elçibəyə canıyananlıq etməsinə, onun dünyasını dəyişməsinin əsas səbəblərindən biri kimi ürəyinin sındırılması, hakimiyyətdən uzaqlaşdırılması, yaxud ona qarşı hansısa qeyri-insani rəftara yol verilməsi, tədbirlərin görülməsi haqda dediklərinə gəlincə, mən onun diqqətinə çatdırmaq istəyirəm ki, Elçibəyin sonuncu xahişi həmin İsa Qəmbərdən olmuşdu. Elçibəy İsa Qəmbərdən xahiş etmişdi ki, 1998-ci ilin seçkisi mənim prezident olmağım üçün sonuncu şansım, imkanımdır, ona görə də sən geri çəkil, mən prezidentliyə namizədliyimi verim. O zaman İsa Qəmbər Əbülfəz Elçibəyə güzəştə getmədi və onun qarşısında prezidentliyə namizədliyini irəli sürdü. Digər tərəfdən isə İsa Qəmbər Elçibəyin hakimiyyətində ikinci şəxs idi. Amma Elçibəyin ətrafında olanlardan partiya yaradan ilk şəxs də elə İsa Qəmbər oldu. O, Xalq Cəbhəsinin partiyaya çevrilməsinin qarşısını alaraq, özünün Müsavat Partiyasını yaratdı və Elçibəy hakimiyyətinin daxilində yeni bir hakimiyyət rıçaqı yaratdı. Bütün bunları hakimiyyət deyil, məhz İsa Qəmbər və Elçibəyin digər silahdaşları edib".
Göründüyü kimi, bu gün sözügedən mövzu ətrafında dağıdıcı müxalifət "liderlərinin" özlərini təmizə çıxarmaq cəhdləri əbəs və yersizdir. Başqa tərəfdən, əgər onların, həqiqətən də, Elçibəyin ölümündə günahları yoxdursa, bu amil öz təsdiqini müvafiq orqanlar tərəfindən aparılan araşdırmalardan sonra bəlli olacaq. Eyni zamanda, əgər onlar özlərini günahsız hesab edirlərsə, nəyə görə aparılan araşdırmalara qarşı bu qədər böyük "canfəşanlıq" göstərib, ictimaiyyəti buna inanmamağa çağırırlar? Məhz bu kimi suallara yaxın günlərdə çox yəqin ki, həqiqəti əks etdirən əsil cavab tapılacaq.
RÖVŞƏN NURƏDDİNOĞLU