PDF Oxu

Əsas

  • 42

Elçibəyi kimin zəhərlədiyini hamı çox gözəl bilir

Elçibəyi kimin zəhərlədiyini hamı çox gözəl bilir

Əli Həsənov: "Nəticə barədə Azərbaycan ictimaiyyətinə məlumat verilməlidir"

Avqustun 22-də Fəxri Xiyabanda Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin anım mərasimi təşkil olundu. Onun vəfatından artıq 12 il keçdi. Xatırladaq ki, Elçibəy uzun sürən ağır xəstəlikdən sonra 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi-Tibb Akademiyasında vəfat etmişdi. Lakin burada bir etiriafı etmək mümkündür ki, Əbülfəz Elçibəy müxalifət düşərgəsində tək adam olub ki, nə qədər də çətin olsa, o zamankı müxalifəti bir arada saxlamağa müvəffəq olmuşdu. Ancaq onun vəfatından sonra isə, nəinki rəhbərlik etdiyi AXCP, hətta müxalifətdə təmsil olunan digər siyasi təşkilatlar da parçalanaraq, bir neçə yerə bölündülər. Və burada diqqət versək, görərik ki, vəfatından 12 il keçməsinə baxmayaraq, bu gün də siyasi arenadakı müxalif partiya funksionerlərinin əksəriyyəti çətinə düşən kimi məhz Elçibəyin adından istifadə edir, onun kölgəsində daldalanaraq, şəxsi mənafelərini güdməyə cəhd göstərirlər. Yəni hazırda elə bir vəziyyət əmələ gəlib ki, müxalifətdə onun adına iddialı olmayan, yəni siyasi mirasçısı olduğunu bəyan etməyən çox az sayda partiya, ya da partiya sədri qalıb.

Bu gün hamı bir ağızdan "Əbülfəz Elçibəy son nəfəsində məhz mənim onun yolunu layiqincə davam etdirəcəyimi söyləyib", deyə "cəbhəçilərin" hörmətini qazanmağa, tərəfdarlarının sayını artırmağa səy göstərirlər. Digər nüans isə odur ki, bu kimi iddia edənlər öz mövqelərini əsaslandırmağa çalışarkən, çoxsaylı şahidlərinin olduğunu, mərhum Elçibəyin həmişə ona arxalandığını, sirlərini bölüşdüyünü iddiasında bulunurlar. Və burada fikirlər haçalanmağa başlayır.

Son günlər isə bununla bağlı məsələ tamam başqa məcrada davam etməkdədir. Belə ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Bakı Şəhər Prokurorluğuna şikayətindən sonra Əbülfəz Elçibəyin zəhərlənərək, dünyasını dəyişməsilə əlaqədar müvafiq cinayət işi açılıb və istintaq gedir. Məlumatlara görə, onun prezidentliyi dövründə baş mühafizə idarəsində çalışan, eləcə də, prezidentin mühafizəsində iştirak edən şəxslərdən bir neçəsi istintaqa dəvət olunub və dindirilib. Ən maraqlı məqam ondadır ki, bir qrup sözügedən cinayət işinin açılmasının normal olduğunu qeyd edir, digərləri isə bunu guya AXCP sədri Əli Kərimova qarşı növbəti təzyiq vasitəsi kimi qiymətləndirirlər. Hətta bir zamanlar siyasətdə olub, sonradan heç bir uğur qazana bilməyən "köhnə qavardiyaçılar" da məsələyə münasibət bildirirlər. Necə deyərlər, Ə.Kərimovu dəstəkləyənlər "zəhmətkeş məktubları" ilə "Azadlıq" qəzetinə "müraciətlər" ünvanlayır, guya AXCP sədrinin müdafiəçisi rolunda çıxış edirlər.

"Azərbaycanın keçmiş prezidentinin ölümündə cinayət tərkibinin olması ilə bağlı Republika Prokurorluğuna rəsmi şəkildə daxil olmuş müraciəti necə araşdırılmaya bilər?

Məsələyə münasibət bildirən Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, Elçibəy qanunla status almış keçmiş prezidentdir və onun həyatı, xəstəliyi ilə bağlı səsləndirilmiş istənilən fikir araşdırılmalı, nəticə barədə Azərbaycan ictimaiyyətinə məlumat verilməlidir. Əli Həsənov bu məsələyə daha dəqiq kontekstdən yanaşaraq, qeyd edib ki, Türkiyədə Turqut Özalın zəhərləndirilməsi ilə bağlı məsələnin müzakirəyə çıxarılması, araşdırma aparılması niyə sual doğurmayıb?

Məhz bu kimi əsaslı fikirləri önə sürən Prezident Adminstrasiyasının rəsmisi vurğulayıb ki, iddiaçı açıq formada Elçibəyin zəhərləndirildiyini bəyan edib: "Keçmişdə nazir olmuş, indi siyasi partiya sədri olan bir insanın Azərbaycanın keçmiş prezidentinin ölümündə cinayət tərkibinin olması ilə bağlı Republika Prokurorluğuna rəsmi şəkildə daxil olmuş müraciəti necə araşdırılmaya bilər?"

Fazil Mustafa: "Hüquq-mühafizə orqanları bunu mütləq araşdırmalıdır"

Lakin bununla belə, Ə.Elçibəyin komandasında fəaliyyət göstərmiş digər insanlar da Ə.Kərimovun zəhərlənmə məsələsində günahkar olduqlarını istisna etmirlər. Məsələn, Elçibəyin keçmiş müavini, onun Türkiyə təmsilçisi olmuş BQP sədri, hazırda millət vəkili olan Fazil Mustafa bu günlərdə verdiyi müsahibəsində Baş Prokurorluq tərəfindən məsələnin araşdırılmasının hüquqi cəhətdən doğru olduğunu bildirib. "Hər hansı müraciət olursa və ya iddia irəli sürülürsə, iddianın əsaslı olub-olmamasından asılı olmayaraq, hüquq-mühafizə orqanları bunu mütləq araşdırmalıdır. Ona görə də, Baş Prokurorluğun hərəkətini hüquqi baxımdan doğru hesab edirəm. Buna görə prokurorluğun ünvanına ittihamlar yönəldilməsi düzgün deyil".

Və bu kimi fikirlər kifayət qədərdir. Çünki artıq hər kəs AXCP-ni kimlərin parçaladığını, Elçibəyə mənəvi zərbə vuranların kimlərin olduğunu hər kəs çox gözəl bilir. Hətta siyasətlə maraqlanmayan sıravi vətəndaşa belə aydındır ki, Əli Kərimov AXC hakimiyyəti dövründə dövlət katibi postunu tutsa da, Elçibəyə qarşı aparılan təbliğatın birbaşa başında dayanıb. Lakin Əli Kərimovun Elçibəyi zəhərləməsi məsələsi birbaşa ölkənin hüquq-mühafizə orqanlarının işi olduğundan, bu məsələ ilə bağlı konkret heç nə deyə bilmərik. Amma əminik ki, istintaq sonda hər şeyi öz yerinə qoyacaq və əgər kiminsə Elçibəyin ölümündə əli varsa, o, mütləq öz layiqli cəzasını alacaq. Buna hətta Əli Kərimovun belə şübhəsi olmamalıdır.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər