PDF Oxu

Əsas

  • 40

Azərbaycanda dövlət- xalq və xalq -dövlət vəhdəti güclü təməlin əsasını təşkil edir

Mübariz Qurbanlı: "Cənab İlham Əliyevin seçkilərdə qələbəsi üçün partiyamız lazımi səviyyədə fəaliyyət göstərir və bundan sonra da göstərəcək" Mübariz Qurbanlı: "Cənab İlham Əliyevin seçkilərdə qələbəsi üçün partiyamız lazımi səviyyədə fəaliyyət göstərir və bundan sonra da göstərəcək"

Azərbaycanda dövlət- xalq və xalq -dövlət vəhdəti güclü təməlin əsasını təşkil edir

Sirr deyil ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə öz mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Və əlbəttə ki, bu əhəmiyyətli prosesdə ölkəmizin xarici siyasətinin əhatə dairəsinin genişlənməsi xüsusi rol oynayır. Bu baxımdan, bir daha əminliklə söyləmək mümkündür ki, Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və Prezident İlham Əliyevin vurğuladığı kimi, hücum diplomatiyasını səciyyələndirir.

Məhz bu kimi önəmli məsələlərlə bağlı www.yap.org.az saytına müsahibə verən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı qeyd etmişdir ki, ölkəmizin xarici siyasətinin hədəfləri bəllidir və təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz bəhrəsini verir: "Azərbaycan hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və may ayında ölkəmiz bu quruma uğurla sədrlik edib. Bu gün dünya miqyasında çox böyük dəyişikliklər baş verməkdədir və ona görə də, dünya miqyasında gedən proseslərə uyğun siyasət qurulması vacibdir. Azərbaycanın dostlarının sayı durmadan artmaqdadır və bu artımın ən bariz göstəricisi BMT Baş Assambleyasında 155 ölkənin Azərbaycanın namizədliyinə dəstək verməsi idi".

"Bu gün Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir"

Mübariz Qurbanlı onu da vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır. Belə ki, Azərbaycanın xarici siyasətinin başlıca istiqamətlərindən biri də Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha geniş miqyasda ifşa olunması, işğalçı dövlət kimi Ermənistan əleyhinə beynəlxalq təşkilatlarda daha çox sənədlərin qəbul edilməsinə nail olmaq, eyni zamanda, bəzi ölkələrin Ermənistana münasibətində bizim maraqlarımıza zidd addımlar atmasına mane olmaqdır: "Yəni biz çalışmalıyıq ki, hansısa üçüncü ölkə Ermənistanla münasibətlərini həyata keçirərkən bu münasibətlər Azərbaycanın maraqlarına ziyan vurmasın. Bu gün Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir. Ona görə də, Azərbaycan XİN dövlət başçısının tapşırığı ilə Avropa ilə yanaşı, Latın Amerikası, Asiya, Afrika ölkələri ilə də əlaqələrə diqqət yetirir".

YAP rəsmisi qeyd edib ki, xüsusilə, son vaxtlar Latın Amerikası ölkələrində, Kolumbiya və Meksikanın parlamentlərində Xocalı soyqırımı ilə əlaqədar qərarlar qəbul olunub. Eləcə də, Argentina, Braziliya ilə əlaqələrin gücləndirilməsi yönündə işlər gedir. Bütün bunlar diplomatik cəbhədə üstün mövqe qazanmaq baxımından əhəmiyyətlidir: "Ölkəmizin xarici siyasətindəki bu çeviklik böyük dividendlər verir. Bu gün Azərbaycan 150-yə yaxın ölkə ilə iqtisadi sahədə əməkdaşlıq edir. Azərbaycan bloklara qoşulmamaq hərəkatındadır, eyni zamanda, bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Bütövlükdə, beynəlxalq müstəvidə əlaqələrimiz daha geniş xarakter alır. Bu faktor isə xarici siyasətimizin məqsəd və vəzifələrinə uyğundur".

O da bəllidir ki, Ermənistan hakimiyyəti və lobbi təşkilatları məskunlaşdırma siyasətini, nəyin bahasına olursa-olsun, həyata keçirmək istəyirlər. Son vaxtlar erməni təbliğat maşını Suriyadakı hadisələrdən yararlanmağa çalışır. Belə ki, Suriyada vətəndaş müharibəsini əsas gətirərək, buradakı ermənilərin işğal olunmuş ərazilərimizə köçürülməsinə cəhdlər göstərilir. Suriyadan ermənilər müxtəlif ölkələrə, o cümlədən, Ermənistana gəlir, amma bu ölkənin hakimiyyəti onları şirnikləndirici təkliflərlə Dağlıq Qarabağa yönəltmək istəyir. Bu barədə fikirlərini bildirən Mübariz Qurbanlı əlavə edib ki, Suriyanı tərk edən erməni ailələrinin heç biri Dağlıq Qarabağda məskunlaşmaq istəmir: "Çünki başa düşürlər ki, Suriyadakı hadisələr gec-tez çözüləcək və onlar geri dönmək imkanı əldə edəcəklər. Digər tərəfdən, erməni ailələri anlayır ki, Dağlıq Qarabağda məskunlaşma növbəti müharibə ocağında təhlükə ilə üz-üzə qalmaq deməkdir. Yəni bu insanlar "yağışdan çıxıb, yağmura düşmək" istəmirlər. Çünki bu ərazilər işğal altındadır, Ermənistan tərəfindən bu ərazilər işğal olunub. Azərbaycanın isə hərbi-iqtisadi potensialının artdığı hamıya bəllidir. Azərbaycan BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazisini qanuni və ədalətli olaraq müharibə yolu ilə azad edə bilər. Bu səbəbdən, Suriya ermənilərini burada da yaxşı heç nə gözləmir. Yəni, Ermənistanın bu köçürmə siyasəti də beşiyindəcə iflasa uğrayır.

Azərbaycan diplomatiyası bu təxribatların qarşısını almaq üçün səylərini davam etdirir. Belə ki, ölkəmizin BMT-dəki Daimi Nümayəndəliyinin məsələni gündəmə gətirməsi, qurumun Təhlükəsizlik Şurasına müraciət etməsi həm Ermənistan, həm də Suriya erməniləri üçün bir xəbərdarlıq rolunu oynamaqdadır".

"Azərbaycan azad və demokratik ölkədir və burada siyasi plüralizm mövcuddur"

Millət vəkili Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə müdafiə etdiyini xatırladaraq, bildirib ki, Azərbaycan azad və demokratik ölkədir və burada siyasi plüralizm mövcuddur. Bu mənada, 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar indidən müəyyən müzakirələrin aparılması normal prosesdir: "Yeni Azərbaycan Partiyası seçki ilə əlaqədar mövqeyini dəfələrlə açıqlayıb. 2013-üc il seçkilərində YAP-ın namizədi partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevdir. Cənab İlham Əliyevin seçkilərdə qələbəsi üçün partiyamız lazımi səviyyədə fəaliyyət göstərir və bundan sonra da göstərəcək. Biz növbəti seçkilərdə xalqın bir daha cənab İlham Əliyevə böyük dəstək verəcəyini tam əminliklə söyləyə bilərik.

Ancaq söhbət ondan gedir ki, hələ seçkilərə xeyli qalmış müxalifət düşərgəsində çoxlu "proqnozlar" verilir. Hətta orada YAP-ın əvəzindən də düşünənlər tapılıb. Elə bil ki, müxalifətin bəzi nümayəndələri siyasətçidən daha çox öncəgörənlik etmək istəyirlər. Buyursunlar, fikirlərini söyləsinlər. Amma başqasının əvəzinə düşünmək, yumşaq desək, o qədər də düzgün deyil. Müxalifətin gələcək seçkilərdə hansı namizədlə, hansı platforma ilə çıxış edəcəyi bizi narahat etmir. Bütün hallarda onlar bizim rəqibimizdir və rəqiblərimizlə də siyasi etika və qanun çərçivəsində mübarizə aparacağıq. Onları da bu cür mübarizə aparmağa dəvət edirik. YAP güclü partiyadır və partiyamızın lideri xalqın sevdiyi, inandığı liderdir. Eyni zamanda, partiyamızın Sədri ölkəmizi irəliyə aparmağa qadir və qətiyyətli liderdir. Bu amillər də partiyamızın növbəti seçkilərdəki uğuruna çox ciddi və müsbət təsir göstərəcək.

Təəssüf doğuran məsələ odur ki, müxalifətin radikal qanadı və onların himayəsində olan mətbuat orqanları ölkədə baş verən hadisələrlə əlaqədar həmişə çalışırlar ki, bədbin fikirlər ortaya qoysunlar".

"Müxalifət siyasi müstəvidə açıq mübarizə aparmağa qadir olmadığını dəfələrlə göstərib və bu gün də göstərməkdədir"

Rəqiblərin bir-birilərinə qarşı mübarizədə hansısa üsullardan istifadə edə biləcəyini də istisna etməyən YAP İcra katibinin müavini qeyd edib ki, buna baxmayaraq, aparılan rəqabət milli maraqlara ziyan vurmamalıdır. Ancaq radikal müxalifət üçün isə milli maraq və milli mənafe anlayışı arxa plandadır: " XXX London Yay Olimpiya Oyunlarının ilk günlərində idmançılarımızın yaxşı nəticələr göstərməməsi ilə əlaqədar bu düşərgənin apardığı kampaniya, dövlətimizin idmanın inkişafı üçün etdilərinə kölgə salmaq cəhdləri buna sübutdur. Bundan əvvəl isə, "Eurovision 2012" mahnı müsabiqəsində radikal müxalifətin tutduğu mövqeni xatırlaya bilərik. Bəziləri bu mövqe ilə özlərinə bəraət qazanmaq istəyir, bəzi müxalifətçilər isə açıq-aşkar Azərbaycanın indiki hakimiyyətinin idarəçiliyi dövründə müəyyən xoşagəlməz hadisələrə sevindiyini bəyan edir. Sanki onlar ölkəmizin ziyanına olan hansısa hadisəyə sevinməkdən həzz alırlar. Bütün bunlar milli mənafeyə, azərbaycançılığa uyğun deyil. Müxalifət siyasi müstəvidə açıq mübarizə aparmağa qadir olmadığını dəfələrlə göstərib və bu gün də göstərməkdədir".

Deyilənləri təhlil edərkən, bir daha əminliklə söyləmək mümkündür ki, bu gün Azərbaycan dövlətinin təməlləri möhkəm dövlətçilik dayaqlarına söykənib və bu dayaqları sarsıtmaq heç bir daxili-xarici qüvvələrin gücündə deyil. Çünki Azərbaycanda yekdil olaraq, xalq-dövlət və dövlət xalq vəhdəti sözügedən təməlin əsasını təşkil edir.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər