PDF Oxu

Əsas

  • 75

Əli Kərimov, İsa Qəmbərov və digərləri Hafiz Hacıyevlə bir komandanın üzvü olublar

Əli Əhmədov: " Müxalifət mətbuatında müzakirələrin Hafiz Hacıyevin şəxsiyyəti üzərinə istiqamətləndirilməsi, əslində, diqqəti məsələnin mahiyyətindən yayındırmaq cəhdidir"

Əli Kərimov, İsa Qəmbərov və digərləri Hafiz Hacıyevlə bir komandanın üzvü olublar

Son günlər Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəyin zəhərlənərək dünyasını dəyişməsi ilə bağlı qaldırılan iddia müxalifət düşərgəsində təşvişli müzakirələrə çevrilib. Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin Bakı şəhər Prokurorluğuna Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi ilə bağlı şikayətindən sonra, həqiqətən də, dağıdıcı müxalifət təmsilçiləri, xüsusilə, AXCP sədri təşviş və təlaş içindədir. Çünki H.Hacıyev iddia edir ki, keçmiş prezident Əbülfəz Elçibəy AXCP sədri Əli Kərimov tərəfindən Türkiyədəki Gülhanə Hərbi-Tibb Akademiyasında zəhərlənib. Artıq bununla bağlı partiya sədri hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin AXCP sədri Ə.Kərimov və onun yaxın ətrafı bu məsələdə özünə dayaq axtarışına çıxıb. Belə bir məqamda müxalifət düşərgəsindən absurd fikirlər səsləndirilir ki, H.Hacıyevin bu iddiasının heç bir əsası yoxdur. Amma müxalifət düşərgəsində son proseslər göstərir ki, həqiqətən də, Ə.Kərimovun müdafiəsinə qalxan şəxslərin maraqları bu məsələnin kökündə qaranlıq məqamların olduğuna işarə edir. Dağıdıcı müxalifət düşərgəsindən mətbuata əsası olmayan açıqlamaların verilməsi, haqsız müdafiə xarakterli çıxışlar, onu deməyə əsas verir ki, AXCP Ə.Kərimov bu məsələni siyasiləşdirməklə yenə də özünə müəyyən dividend qazanmağa çalışır. AXCP sədri Ə.Kərimovun bu məsələdə hansı məsuliyyəti daşıyacağını isə ədalət mühakiməsi müəyyən edəcək. Amma indiki məqamda onun bu məsələ ətrafında cəfəng açıqlamaları yenə də onun məsələləri siyasiləşdirmək və rüsvayçı ənənəsinə sadiqliyini bir daha nümayiş etdirir.

"Keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənmə nəticəsində həyatını dəyişməsi ilə bağlı iddialar yeni deyil"

Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov qeyd edib ki, Bakı şəhər Prokurorluğu tərəfindən keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi faktı ilə əlaqədar cinayət işinin açılmasında qeyri-adi heç nə yoxdur. Eləcə də, bunu siyasi sifariş kimi qiymətləndirmək cəhdi cəfəngiyyatdan başqa bir şey deyil. İstənilən vətəndaşla əlaqədar onun həyatına qəsdlə bağlı iddia qaldırıldıqda, ölümündən sonra belə, hüquq-mühafizə orqanının müvafiq təhqiqat aparması onun vəzifəsidir. Söhbət törədilmiş və ya törədilməsi güman edilən cinayət faktının araşdırılmasından gedir. İndiki halda isə, haqqında cinayət törədilməsi güman edilən şəxs keçmiş prezidentdir, deməli, faktın özü və onun araşdırılması böyük ictimai maraq kəsb edir.

Bu kimi ciddi məsələləri önə çəkən Yeni Azərbaycan Partiyasının rəsmisi Əli Əhmədov bildirib ki, istənilən vətəndaşla əlaqədar müvafiq iddia da mütləq şəkildə araşdırma obyekti olmalıdır: "Açığını deyim, müxalifətin keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi və nəticədə, həyatının dəyişməsi iddiası əsasında cinayət işinin açılmasına reaksiyası, yumşaq desək, adekvat sayıla bilməz. Belə çıxır ki, prokurorluq Elçibəyin zəhərlənmə nəticəsində həyatını dəyişməsi barədə edilən rəsmi müraciətə baxmalı deyilmiş. Deməli, müxalifət törədilməsi güman edilən cinayətin açılmasında və ya qaldırılmış iddiaya aydınlıq gətirilməsində maraqlı deyil və prokurorluğu da cinayəti ört-basdır etməyə təhrik etməyə çalışır.

"Nədənsə Əli Kərimov artıq indidən narahat olmağa başlayıb "

Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov hesab edir ki, sözügedən məsələ ilə əlaqədar olaraq müxalifətin davranışını adekvat hesab etmək mümkün deyil. Bu sözləri xüsusilə Əli Kərimov və onun komandasına şamil etmək lazım gəlir. Adamın yadına yalançının başında əmmaməsinin yanması lətifəsi düşür. Müasir Müsavat partiyasının sədri tərəfindən qaldırılan iddia və müraciət əsasında Bakı şəhər Prokurorluğu keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi faktı ilə cinayət işi qaldırıb. İndiki halda, söhbət mərhum Elçibəyin zəhərlənmə nəticəsində ölməsi faktının araşdırılmasından gedir. Əgər bu fakt öz təsdiqini tapsa, ondan sonra zəhərlənmənin kim tərəfindən həyata keçirilməsi araşdırma obyektinə çevriləcək. Amma nədənsə Əli Kərimov artıq indidən narahat olmağa başlayıb. Mən bunu anormal hesab edirəm.

Bunları müxalifətin hüquq-mühafizə orqanlarına təzyiqi hesab edən Ə.Əhmədov vurğulayıb ki, onlar qabaqdangəlmişlik edirlər ki, gələcəkdə nələrsə təsdiq olunanda, hay-küy qaldırsınlar ki, bəs biz deyirdik ki, nəticə necə olacaq. Bunun özü də istintaqa təzyiq və ya onun nəticələrinə etimadsızlıq yaratmaqdan ibarət olan hüquqpozmasıdır. Ə.Elçibəyin zəhərlənməsi ilə əlaqədar irəli sürülən iddia və onun əsasında qaldırılan cinayət işindən siyasi dividend qazanmaq istəyən yeganə şəxs, mətbuatı diqqətlə izləsəniz görərsiniz ki, yalnız Əli Kərimovdur.

Babək Hacıyev

Digər xəbərlər