PDF Oxu

Əsas

  • 41

Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək

Elman Məmmədov: "Nə qədər ki, Ermənistanın Serj Sarkisyan komandası siyasi hakimiyyətdə olacaq, təbii ki, Dağlıq Qarabağ probleminin həllində heç bir irəliləyiş olmayacaq"

Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək

(Əvvəli ötən sayımızda)

"Səs" qəzetinin redaksiyasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ İcması" İctimai Birliyinin idarə heyətinin üzvü, millət vəkili Elman Məmmədov Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi, münaqişənin tənzimlənməsində beynəlxalq güclərin rolu və digər məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

"Yeni Azərbaycan" qəzetinin əməkdaşı:

- Elman müəllim, görünür, bəzi beynəlxalq təşkilatlar da ATƏT-in fəaliyyətsizliyindən ehtiyalanaraq, ATƏT Parlament Assambleyasının yeni sədri Rikardo Miqliori bəyan edib ki, Türkiyənin münaqişənin həllinə cəlb olunması problemin tənzimlənməsini sürətləndirəcək. Sizcə, ATƏT Parlament Assambleyasının yeni sədrinin söylədiyi bu fikirlər nə qədər reallığa uyğundur?

- Təbii ki, bu problemin həllinə imkan yarada bilər. Ancaq buna imkan vermirlər və verməyəcəklər də. Ona görə də, Dağlıq Qarabağ torpaqlarının işğalında ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlər günahkardır. Uzun illərdir ki, dönə-dönə deyirəm ki, ATƏT-in Minsk Qrupu formasında gedən danışıqlarda qüvvələr dördün birə nisbətindədir, yəni Ermənistanla üç həmsədr birdir. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona və yaxud Azərbaycana şəkil çəkdirməyə gəlirlər. Əgər həmsədr dövlətlər səmimi olsalar, riyakarlıq etməsələr, Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün ola bilər. Ancaq təssüf ki, onların fəaliyyətləri səmimiyyətdən uzaqdır. Hesab edirəm ki, həmsədr ölkələr Ermənistanın mövqeyini dəstəkləyirlər və ona havadarlıq edirlər. Mən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin özlərinə də demişəm ki, siz vasitəçilərdən daha çox beynəlxalq turizm şirkətinin işçilərinə oxşayırsınız. Dünyanın hər yerində Dağlıq Qarabağ münaqişəsinin həlli adı ilə gəzib külli miqdarda pul xərcləyirsiniz, səlahiyyət sahibisiniz. Ancaq gördüyünüz işin nəticəsi və mənası yoxdur. Hazırda Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hörmətsizlik edir. Çünki Azərbaycanın tarixi ərazisində bir qrup cinayətkar yığılıb və özlərinə separatçı qurum yaradıb. Onlar Dağlıq Qarabağ ərazilərində istədiklərini edirlər. Onların bu cür qanunsuz hərəkətlərinə ATƏT bilavasitə məsuliyyət daşıyır. ATƏT-in Minsk Qrupu həmsədrləri hər dəfə Ermənistana səfərləri çərçivəsində separatçı quruma hörmət sərgiləyən hərəkət edirlər. Həmsədrlər Dağlıq Qarabağ gedib cinayətkarlarla görüşürlər. Hesab edirəm ki, cinayətkarlar elə cinayətkarlarla da görüşər. ATƏT Minsk Qrupunun həmsədrləri elə separatçıların tayıdır. Həmsədrlər separatçı qurumun rəhbərləri ilə görüşərək, onların nüfuzunu artırır və Azərbaycanın ərazi bütövlüyünü sual altına alırlar. Bu gün 200-350 il ərzində ermənilərə himayədarlıq edən, müxtəlif yerlərdən köçürülüb, Azərbaycan torpaqlarında yerləşdirilən, son 1988-ci ildən bütün gücü ilə iştirak edən Rusiya dövləti ədalətli mövqe tuta bilərmi ki, münaqişə ədalətli yolla həll olunsun və Azərbaycan torpaqları işğaldan azad olsun? Xeyr! Axı, bu işğalda onun rolu var. Və yaxud da, Fransa ədalətli həll yolunda ola bilərmi? Qondarma, yalançı bir soyqırımı özünün konstitutsiyasına, dərsliklərinə salıb. Fransanın keçmiş prezidenti Nikolya Sarkozi Ermənistanı kiçik bacısı elan edirdi. Heç bir rəsmi qurum tərəfindən tanınmamış qondarma, separatçı cinayətkar bir quruma hər il ardıcıl olaraq yardım olunur. Sizcə, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ədalətli mövqe gözləmək olarmı? Bu səbəbdən də, onların Azərbaycana və yaxud regiona gəlib-getməsinin heç bir mənası yoxdur. Onlar 20 ildir ki, guya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğuldurlar. Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin Ermənistanda qondarma "erməni soyqırmı" ilə bağlı verdiyi bəyanat və onun ardınca ardıcıl olaraq digər bəyanatlarda Ermənistanı dəstəklədiyini bildirmişdi. Bu, təəccüb də doğurmur. Çünki bu cür bəyanatlar Frnasa kimi bir dövlətə xasdır. Sarkozi, həmçinin, bildirmişdi ki, Ermənistan Fransanın kiçik bacısıdır. Fransa dövlətinin tarixən Ermənistana münasibətdə mövqeyi məlumdur. Ancaq bu gün Fransa ATƏT-in Minsk Qurupunun həmsədri olduğu üçün, heç olmasa etika xatirinə Sarkozi belə bəyanat verməməli idi. Hesab edirəm ki, Azərbaycan torpaqlarının işğal olunmasına ATƏT-in Minsk Qrupu həmsədr dövlətləri səbəb olub və bu gün də sözügedən ölkələr Dağlıq Qarabağ probleminin həllinə maneçilik törədirlər. Onlar 20 ildir ki, guya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğuldurlar, ancaq heç bir iş görməyiblər. Qoy bu münaqişə Amerika Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının formasına çıxırılsın.

"Paritet" qəzetinin əməkdaşı:

- Elman müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ikiliyanaşma münasibət bəsləyirlər. ATƏT-in və İKT-nin Dağlıq Qarabağ münaqişəsinin həllində başqa hansı rolları mövcuddur?

- Qeyd edim ki, İslam Konfransı Təşkilatının Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı bir neçə qərar və qətnaməsi var. Ancaq bu təşkilat daxilində də elə qüvvələr var ki, orada da ermənilərin "gücü" görünür. Məsələn, Livanı, Suriyanı götürək. Dünyada qeydiyyata düşmüş 17 erməni terror təşkilatı var. Onların bir neçəsi Suriyada, Livanda fəaliyyət göstərir. Bir də, bildiyiniz kimi, bunların milləti yoxdur. Bəzən onların əli ilə müsəlman dünyası dağıdılır. Məqsəd birdir - dünyada müstəqil, baxımsız, güclü müsəlman dövləti olmamalıdır.

"Yeni Təfəkkür" qəzetinin əməkdaşı:

- Bəzi hallarda islam ölkələri, sözügedən məsələ ətrafında elə də ciddi münasibət sərgiləmirlər. Sizcə, bu amil nədən qaynaqlanır?

- Bilirsiniz, Qurani-Kərimin ayəsi var - müsəlman qardaşımın düşməni, mənim düşmənimdir, dostu mənim dostumdur, düşməni də düşmənimdir. Ancaq təəssüf ki, İran İslam Respublikasına nə qədər səmimi dost münasibəti bəslədiriksə, onun qarşısında riyakarlıq, düşmənçilik, qərəzçilik alırıq. Bu məsələlərdə Azərbaycana qarşı təhlükə Şimaldan daha çox, Cənubdan var. Bu gün İranda 30 milyondan çox azərbaycanlı var. Lakin orada azərbaycanlıların heç bir hüquqi yoxdur. İranda 150-200 min erməni olmasına baxmayaraq, ibadət yerləri daha çoxdur. Tehran Universitetində erməni fakültəsi fəaliyyət göstərir. Ümumiyyətlə, İranda ermənilərin xüsusi imtiyazları var. İranda, həmçinin, bir qorxu var ki, əgər Dağlıq Qarabağ problemi həll olunarsa, Azərbaycan Cənubi Azərbaycan iddiasına düşə bilər. Elə buna görə də, bu problemin həllinə maneə olmaq istəyirlər. İran 20 ildir ki, Ermənistanın qida borusuna, enerji təminatçısına çevrilibdir. O illər ərzində Azərbaycan ərazisində nə qədər ki, tikinti materialları var, hamısını İran maşınları daşıdı. Çox ürək ağrısı ilə bildirirəm ki, dinbir, dilbir qardaşlarımızdan bizə daha çox zərbə vurulur. Bütün bunlar onu təsdiqləyir ki, DQ probleminin həlli məsələlərində Azərbaycana qarşı təhlükə Şimaldan daha çox, Cənubdan gəlir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər