Eldar İbrahimov: "Dövlət Azərbaycanda aqrar sahənin dirçəlməsinə böyük dəstək verir"
Bu gün Azərbaycanda bütün sahələrlə yanaşı, aqrar sahədə də inkişaf prosesi böyük vüsət almaqdadır. Belə ki, bu sahənin inkişafı istiqamətində daim dövlət qayğısı göstərilmiş, eyni zamanda, aqrar sahədə sahibkarlığa dəstək kimi əhəmiyyətli amillər də nəzər alınmışdır. Bu baxımdan, xüsusilə, vurğulamaq mümkündür ki, dövlət səviyyəsində görülən tədbirlər, bilvasitə, Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilir. Dövlət başçısı aqrar sahəyə hər zaman xüsusi diqqət yetirmişdir.
Aqrar sahəyə dövlətin dəstəyi ən qabaqcıl inkişaf modellərinə əsaslanmaqla bir neçə formada özünü göstərir. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov bildirdi ki, Prezident İlham Əliyevin çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirdiyi islahatlar nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün, ilk növbədə, qanunvericilik bazası təkmilləşdirilmişdir: "Dövlət proqramları və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin etmişdir".
E.İbrahimov bu sahədə sahibkarlığın inkişafında da əhəmiyyətli tədbirlərin görüldüyünü qeyd etdi: "Aqrar sahədə güzəştli kreditləşdirmə imkanlarının genişlənməsi, kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsi, onların texnika, gübrə və kimyəvi vasitələrlə təminatının yaxşılaşdırılması öz müsbət nəticələrini göstərməkdədir. Bütün bunlar aqrar sektorda istehsal həcmini artırmaqla yanaşı, bu sahədə yüksək məhsuldarlığa və səmərəliliyə, qabaqcıl texnologiyaların tətbiqinə, emal müəssisələri şəbəkəsinin genişləndirilməsinə, ən əsası isə yerli məhsullarımızın rəqabət qabiliyyətinin artırılmasına gətirib çıxarır. Hazırda kənd təsərrüfatında özəl bölmənin payı 99,7 faizə çatır. Aqrar sektor sürətlə inkişaf edir və ölkənin ərzaq təminatı sahəsində çox mühüm strateji vəzifəni yerinə yetirir. Aqrar sahədə sahibkarlığın inkişafı kənddə orta təbəqənin formalaşması prosesinə təkan verir. Hazırda dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına geniş texniki və maliyyə dəstəyi davam edir. Beynəlxalq maliyyə təşkilatları ilə birlikdə regionlarda layihələr həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan vəsaitlərin, dövlət büdcəsindən kənd təsərrüfiatına birbaşa yardımların və kəndlərdə infrastrukturun yaradılmasına yönəldilən investisiyaların həcmi ildən-ilə artırılır. 2008-2015-ci illərdə "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının qəbul edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 avqust 2008-ci il tarixli Sərəncamının "Aqrar sahə üçün kadr hazırlığı" bölməsində göstərilir ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı sahəsində müasir tələblərə cavab verən kadr potensialının olması həlledici əhəmiyyət kəsb edir. Görndüyü kimi, Azərbaycanda ərzaq təhlkəsizliyinin təminatı ilə bağlı möhkəm əsaslar yaradılıb. 2008-2015-ci illərdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı isə respublikamızın bütünlüklə yerli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsinə səbəb olacaq".
Millət vəkili onu da bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" isə yüksək potensiala malik olan bu gəlirli sahənin inkişafına güclü təkandır: "Prezident İlham Əliyev 2011-ci il mayın 3-də Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncamda Azərbaycanda aparılan aqrar islahatların davamı kimi bu sahədə idarəçiliyin təkmilləşidirilməsi və aqrar elmin yenidən təşkili istiqamətində müvafiq tədqiqat institutlarının, eləcə də, digər aidiyyəti qurumların fəaliyyətinin səmərəliliyinin artırılması zərurətinin yarandığı bildirilir. Göründüyü kimi, əhalinin ərzaq təhlükəsizliyinin etibarlı təminatı, ölkənin kənd təsərrüfatı məhsullarının idxalından asılılığını tam aradan qaldırmaq aqrar sahədə yeni inkişaf modelinin müəllifi olan Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Ona görə də, qətiyyətlə söyləmək lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyev ölkəmizi daha təhlükəsiz və təminatlı gələcəyə doğru aparır".
R.KAMALQIZI