Elman Nəsirli: "Bu siyasətlə Ermənistan özünü dünya birliyindən təcrid edib"
Artıq beynəlxalq birliyin Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı yürütdüyü ikili standartların şahidiyik. Həmçinin, beynəlxalq təşkilatlar Ermənistanın bütün oyunlarına, qeyri-konstruktiv mövqeyinə göz yumurlar. Beynəlxalq güc lazım gəldikdə, Qəddafi, Səddam, Bəşər Əsəd rejiminə çox güclü təsir və güc tətbiq edə bilir. Amma Ermənistana qarşı "mülayim" siyasət yürüdür, dövlətimizə qarşı olan ədalətsizliyə, haqsızlığa isə, bir növ göz yumurlar.
Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Səs" qəzetinə verdiyi açıqlamasında bu və digər məsələlərlə bağlı münasibət bildirərək Ermənistanın işğalçılıq siyasəti yeritdiyini və bu siyasətlə Ermənistanın özünü dünya birliyindən təcrid etdiyini söylədi: "Beynəlxalq təşkilatların yürütdüyü siyasətdə Cənubi Qafqaz regionundakı ölkələr sanki bir qədər arxa plana keçib. Böyük dövlətlər, beynəlxalq təşkilatlar üçün Əfqanıstandakı, Yaxın Şərqdəki vəziyyət daha aparıcı statusa malikdir. İşğalçı ölkənin atdığı bütün qeyri-konstruktiv addımlar beynəlxalq təşkilatların arzuladığı danışıqların davam ssenarisidir".
Politoloq vurğuladı ki, bunlarla yanaşı, beynəlxalq birlik Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyatları aparmağının əleyhinədir. Əgər dövlətimiz danışıqları dayandırıb müharibəyə başlasa, beynəlxalq təzyiqlərə tuş gələ bilər. Bu gün beynəlxalq birlik təcavüzkar ölkəyə çox ciddi təzyiq və təsir göstərərsə, erməni separatçı qüvvələri dərhal işğal olunmuş Azərbaycan ərazilərindən geri çəkilər. Hansısa təşkilatın, hansı qərarı verməsindən asılı olmayaraq, ərazi bütövlüyünün bərpası üçün danışıqların hansı məcrada davam edəcəyinə dövlətimiz özü qərar verəcək. Əgər Azərbaycan müharibə variantını seçərsə, bu, dövlətimizin tam haqqı və hüququdur. E.Nəsirlinin sözlərinə görə, Ermənistanın müharibə aparmaq üçün heç bir gücü, iqtisadi, siyasi, hərbi potensialı yoxdur. Torpaqlarımızın 20 faizini havadarları vasitəsi ilə zəbt etmiş işğalçı ölkənin əhalisinin böyük hissəsi ölkəni tərk edir.
Erməni iqtisadiyyatının tamamilə iflic vəziyyətdə olmasını qeyd edən politoloq işğalçı ölkənin məhz xarici ianələri hesabına yaşadığını vurğuladı. Bununla yanaşı, ölkədə çox ciddi şəkildə xaos və anarxiya hökm sürür: "Cənubi Qafqaz regionunda öz maraqları naminə bəzi məlum dövlətlər işğalçı Ermənistanı dəstəkləməsəydilər, bu dövlət dünya xəritəsindən silinərdi. Ermənistan prezidentinin yürütdüyü ağılsız, sərsəm siyasət nəticəsində işğalçı ölkə fəlakətə, məhvə sürüklənir. Öz daxili problemlərini həll edə bilməyən Sarkisyan axı hansı uğurlu xarici siyasət yürüdə bilər? İllərlə düyünə düşən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Ermənistanın qeyri-konstruktiv addımları ucbatından real həllini tapa bilmir. Bununla bərabər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda ən aktual problem olaraq qalır. Hər gün vəziyyəti daha da ağırlaşan işğalçı ölkə bir gün öz siyasi oyununun qurbanına çevriləcək. Bir də dövlətimiz danışıqları aparmaq naminə masa arxasına əyləşmir. Azərbaycan hər zaman sülh tərəfdarıdır və boş yerə günahsız qanlar axıdılmasını qətiyyən istəmir. Biz real nəticəni gözləyirik. Real nəticə isə, ondan ibarətdir ki, işğal altında olan torpaqlarımiz tezliklə geri qayıtsın və Dağlıq Qarabağdakı separatçı qüvvələr qeyd-şərtsiz boşaldılsın. Beləliklə, bütünlüklə baş verən proseslər bir daha onu göstərir ki, Ermənistan prezidenti Serj Sarksiyan nə qədər hiyləgərliklə qeyri-qanuni siyasətə əl atsa da, son anda, o, özünə quyu qazmış olur".
R.HÜSEYNOVA