PDF Oxu

Əsas

  • 64

Növbəti təhsil ili daha uğurlu olacaq

Sabunçu rayon icra hakimiyyəti YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə yeni tədris ilinin başlanğıcına həsr olunmuş tədbir keçirib

Növbəti təhsil ili daha uğurlu olacaq

Dünən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının qərargahında qarşıdan gələn 2012-2013-ci tədris ili ilə bağlı tədbir keçirilib. YAP Sabunçu rayon təşkilatının və Sabunçu rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə, həmçinin, rayon ərazisində yaşayan sosial durumu zəif olan ailələrin ilk dəfə məktəbə gedəcək övladlarına məktəbli forması, dərs ləvazimatları təqdim edildi. 200-ə yaxın məktəblinin və onların valideynlərinin iştirak etdiyi tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva yeni tədris ilinin başlanğıcı münasibəti ilə öz təbriklərini çatdırdı.

Qeyd etdi ki, ölkəmizdə elmə, təhsilə olan diqqət və qayğı günün-gündən güclənməkdə, gənclərimizin bilik səviyyəsi daha da artmaqdadır. M.Abasquliyeva qarşıdan gələn tədris ilinin də ölkəmiz üçün mühüm və əhəmiyyətli olacağına, bu müddətdə də, elmi uğurlarımızın davam edəcəyinə əminliyini ifadə etdi. Bildirdi ki, bu gün ölkəmizdə hər bir sahədə olduğu kimi, təhsil sahəsində də uğurlu nailiyyətlər mövcuddur. "Təbii ki, bunun kökündə əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil strategiyası dayanır. Məhz buna görə də, bu gün Azərbaycan təhsili özünün inkişaf tendensiyası ilə qabaqcıl ölkələrin əldə etmiş olduğu uğurlarla müqayisə oluna bilir"- fikrini deyən M.Abasquliyeva Prezident İlham Əliyevin yeniləşən Azərbaycanda daha yeni və müasir tipli məktəblərin, tədris ocaqlarının tikilib istifadəyə verilməsi üçün konkret addımların atıldığını da diqqətə çatdırdı. Rayon təşkilat sədri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun ölkəmizdəki xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da həyata keçirdiyi və reallaşdırdığı möhtəşəm layihələrin əsas xəttində Azərbaycan elminə, təhsilə xüsusi yer verildiyini vurğuladı.

M.Abasquliyeva qarşıdan gələn prezident seçkilərində Sabunçu əhalisinin birmənalı olaraq Prezident İlham Əliyevin namizədldiyini dəstəkləyəcəklərini bildirdi.

Məktəblilərin valideynləri adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə etdilər. Bildirdilər ki, Yeni Azərbaycan Partiyası, həmişə olduğu kimi, bu dəfə də, vətəndaşların yanında olduğunu isbat etdi.

Tədbirin sonunda məktəblilər vətənpərvərliyə, elmə həsr olunmuş şeirlər oxudular. Həmçinin, 200-ə yaxın məktəbliyə məktəbli forması və dərs ləvazimatları təqdim edildi.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər