PDF Oxu

Əsas

  • 54

Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradəyə malikdir

Milli Fəaliyyət Planının qəbul olunması antikorrupsiya tədbirlərinin sistemli, ardıcıl və kommpleks tədbirlərin görülməsinə daha güclü təkan verəcək

Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradəyə malikdir

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə dövlət qurumlarının fəaliyyətinin daha səmərəli təşkili, anti-korrupsiya tədbirlərinə vətəndaş cəmiyyətinin və digər strukturların cəlb olunması və digər tədbirlər nəzərdə tutulub. Məlum olduğu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri ölkəmizin strateji məqsədlərindən biri kimi strateji yer tutur. Antikorrupsiya tədbirləri ümumi iqtisadi və siyasi təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.

Bu gün Azərbaycan hökumətinin şəffaflığın təmin olunması, korrupsiya ilə mübarizə aparılması sahəsində güclü iradəsi var və bu istiqamətdə ardıcılı şəkildə atılan addımlar bunun əyani sübutudur. Ölkəmiz qeyd olunan sahədə daha təkmil qanunvericilik bazasının yaradılması, beynəlxalq konvensiyalara qoşulmaqla qanunvericilik bazasının möhkəmləndirilməsi sayəsində korrupsiyaya qarşı mübarizənin güclənməsinə səbəb olub.

Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində böyük uğurlar əldə etdiyini xarici ölkələrin nüfuzlu qurumları da təsdiq edirlər. Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyətinin rəhbəri Martin Kreutner Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində güclü normativ hüquqi bazanın yaradılmasını təqdir edərək ölkəmizin BMT-nin Korrupsiya Əleyhinə Dəstək Konvensiyasına qoşulan ilk dövlətlərdən biri kimi fəaliyyətini çox yüksək qiymətləndirib. Onun "Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində zəruri islahatları həyata keçirir. Konvensiyanın tətbiq olunması Azərbaycanda antikorrupsiya strategiyasının tərkib hissəsidir. Bu gün Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində konkret addımlar atmaqla siyasi iradəyə malik olduğunu nümayiş etdirir, beynəlxalq antikorrupsiya hərəkatının fəal üzvü kimi prinsipial mövqeyə sahib olduğunu təsdiqləyir".

Martin Kreutnerin fikrincə, korrupsiyaya qarşı sistemli tədbirlərin gücləndirilməsi ölkənin milli inkişafının sürətlənməsinə təkan verən başlıca amillərdəndir. Korrupsiyaya qarşı təsirli və sistemli mübarizə azad rəqabət mühitinin formalaşması, şəffaflığın təmin olunması, iqtisadiyyatın sürətli inkişafına stimul verir, eyni zamanda, iqtisadiyyatın çoxşaxəli inkişafı və sosialyönümlü islahatların dərinləşməsinə səbəb olur. Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığa başlamaqla bu istiqamətdə daha genişmiqyaslı tədbirlər həyata keçirmək əzmini göstərir.

Yeri gəlmişkən, Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu imzalayan ilk MBD ölkəsi kimi regionda antikoorupsiya tədbirlərində çox qətiyətli ölkə olduğunu nümayiş etdirir. Bu saziş, çox mühüm detallara malik olmaqla, Azərbaycan hökumətinin korrupsiyaya qarşı qətiyyətli, əzmkar mübarizə strategiyasını həyata keçirmək iradəsinin daha bir nümayişi oldu. Respublikamızın antikorrupsiya sahəsində siyasi iradəsini, gücünü açış şəkildə görən dünya birliyi daimi olaraq Azərbaycanın regionda şəffaflıq təşəbbüsünün müdafiəçisi kimi radikal islahatlar apardığını təqdir edir. Bunu son dövrlər nüfuzlu xarici təşkilatların yüksək rütbəli şəxslərinin bəyanatlarında, şəffaflıqla bağlı beynəlxalq hesabatlarda ölkəmizin mövqeyinin yaxşılaşması və digər indikatorlarda görmək olar.

Azərbaycanın korrupsiya ilə mübarizədə qətiyyətini əyani bir təzahürü "Şəffaflıq-Azərbaycan" təşkilatının nümayəndələrinin fikirlərində də özünü göstərir. Təşkilat rəyinə görə, Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradə nümayiş etdirir. Göründüyü kimi, ölkəmizdə antikorrupsiya tədbirlərinin genişləndirilməsi və sərtləşdirilməsi bu prosesin kampaniya xarakteri daşımadığını göstərir, korrupsiya ilə mübarizənin Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini şərtləndirir. Korrupsiyaya qarşı mübarizə tədbirləri strateji məqsədlərdən olub, ölkəmizin ümumi iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Yeni inkişaf onilliyinə qədəm qoymuş Azərbaycanın iqtisadi potensialının qorunması və inkişafı, iqtisadi qüdrətinin artırılması məqsədilə əlverişli şəraitin təmin edilməsi baxımından mövcud nöqsan və neqativ meyillərin aradan qaldırılması iqtisadi təhlükəsizliyimizin mühüm faktorlarından sayılır. Bu məqsədlə dövlət prinsipial məsələ kimi iqtisadi təhlükəsizliyimizə xələl gətirə biləcək halların qarşısının alınması üçün əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Korrupsiyaya qarşı sistemli tədbirlərin gücləndirilməsi də həmin məqsədlərin əsas təməlləridir.

Azad rəqabət mühitinin formalaşması və şəffaflığın təmin olunması iqtisadiyyatın sürətli inkişafına stimul verən başlıca faktordur. Bu, həm də iqtisadiyyatın çoxşaxəli inkişafı və sosialyönümlü islahatların dərinləşməsi deməkdir. Eyni zamanda, bu amil dövlətin güclü milli-iqtisadi təhlükəsizlik şəbəkəsinin yaradılması kimi qiymətləndirilə bilər. İqtisadi təhlükəsizliyin təmin olunması isə bütövlükdə Azərbaycanın milli təhlükəsizliyinin güclənməsi üçün önəmlidir. Birincisi, hərtərəfli iqtisadi təhlükəsizlik iqtisadiyyatın bütün sahələrinin maneəsiz və uğurlu inkişafı deməkdir. İkincisi, iqtisadi təhlükəsizlik mühiti dövlətlər, nəhəng transmilli korporasiyalar və nüfuzlu iş adamları tərəfindən əməkdaşlığın ən mühüm komponenti kimi qiymətləndirilir. Üçüncüsü, güclü iqtisadiyyat mütəşəkkil cəmiyyət, güclü ordu və qüdrətli dövlət deməkdir.

Prezident İlham Əliyev hər zaman ölkəmizdə liberal bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişafına impuls verən addımlar atıb və bütün dövlət qurumlarına özəl biznesə müdaxilə edilməməsinə dair göstəriş verib. Dövlətimizin başçısı iqtisadi və sosial bölmələrdə neqativ hallara qarşı barışmaz mövqeyini nümayiş etdirməklə azad biznesin və şəffaflığın ən böyük təminatçısı olduğunu təsdiqələyib. Göründüyü kimi, dövlət başçısı tərəfindən azad sahibkarlığa, özəl sektora ən böyük siyasi dəstək verilib və bu tendensiya rüşvətxorluğa qarşı ən sərt və amansız mübarizə tədbirlərinin həyata keçirilməsi üçün güclü mexanizm yaradır.

Bu siyasət regionlarda da öz səmərəli nəticələrini göstərməkdədir. Respublikanın hər bir yerində vətəndaşların maarifləndirilməsi səviyyəsi artır, onların korrupsiyanın törədə biləcəyi fəsadalarla bağlı bilikləri yüksəldiyindən, vətəndaşlarda mübarizlik yaranıb, bölgələrdə sahibkarların bu prosesdə fəallığı artıb. Artıq cəmiyyətin hər bir üzvü korrupsiyanın qarşısının alınmasının dövlət siyasətinin tərkib hissəsi olduğunu yaxşı anlayaraq, bu sahədə daha fəal olmağa çalışırlar. Çünki cəmiyyətdə korrupsiyaya qarşı mübarizə ilə bağlı dərin inam mövcuddur. Son dövrlər elektron hökumətin qurulması ilə bağlı həyata keçirilən tədbirlər də bu sahədə mühüm əhəmiyyət kəsb edir. E-hökumət layihəsi idarəetmə sisteminin yenidən qurulması çərçivəsində həyata keçirilən siyasətin mühüm bir tərkib hissəsidir, şəffaflığa doğru gedən yoldur.

Yaxın vaxtlarda dünyada antikoorupsiya proqramlarının başlıca komponentlərindən biri olan Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması haqqında" qanun layihəsinin qəbul olunması nəzərdə tutulur. Bu qanun dünyada ən mütərəqqi beynəlxalq konvensiyadan irəli gəlir və Avropa ölkələrinin korrupsiya ilə mübarizə sahəsində əsas qanunvericilik istinadlarından biridir. Bütün bu tədbirlər, korrupsiya ilə mübarizənin qətiləşdirilməsi və dövlət strukturları ilə yanaşı, ictimai qurumların, vətəndaş cəmiyyəti instititutlarının bu prosesin ayrılmaz tərkib hisəssinə çevrilməsi Azərbaycanın antikorrupsiya hərəkəatında ən əzmkar region dövləti olduğunu şərtləndirmiş olur.

Korrupsiya ilə mübarizə üzrə yeni Fəaliyyət Planı qəbul edilməsi korrupsiyaya qarşı sistemli, ardıcıl və kompleks tədbirlərin görülməsinə daha güclü təkan verəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər