Şəmkir rayon icra hakimiyyətində yüksək balla ali təhsil müəssisələrinə qəbul olunan məzunlarla görüş keçirildi
Şəmkir rayon icra hakimiyyətində yüksək balla ali təhsil müəssisələrinə qəbul olunan məzunlarla görüş keçirildi. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Nazim Veysov həm məktəbliləri, həm də ali təhsil müəssisələrinə qəbul olunmuş məzunları yeni dərs ili münasibəti ilə təbrik etdi, onlara qarşıdakı tədris ilini yüksək qiymətlərlə başa vurmağı arzuladı. Bildirdi ki, ölkəmizdə hər bir təbəqədən olan uşaqlara dövlətimiz tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir.
"Ölkəmizdə mövcud inkişaf hər bir vətəndaşın həyatında özünü göstərməkdədir. Ölkə başçısı İlham Əliyev tərəfindən təhsilə və elmə göstərilən diqqət və qayğı bu gün hər birimizin həyatında cəmiyyətimizin daha da savadlı kadrlarla əhatə edilməsində başlıca rol oynayır. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsində böyük işlər görülüb və bu gün də belə işlər davam etdirilməkdədir. Bu gün ölkəmizin elə bir bölgəsi mövcud deyil ki, orada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilmiş məktəb binasına, uşaq bağçasına rast gəlinməsin"-deyən N.Veysov məktəbliləri onlar üçün yaradılmış yüksək şəraitdən lazımınca istifadə edərək, ən yüksək səviyyədə bilik almağa səsləyib.
Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev yeni tədris ilinin başlanğıcı münasibəti ilə öz təbriklərini çatdırdı. Qeyd etdi ki, ölkəmizdə elmə, təhsilə olan diqqət və qayğı günün-gündən güclənməkdə, gənclərimizin bilik səviyyəsi daha da artmaqdadır. F.Vəliyev qarşıdan gələn tədris ilinin də ölkəmiz üçün mühüm və əhəmiyyətli olacağına, bu müddətdə də, elmi uğurlarımızın davam edəcəyinə əminliyini ifadə etdi. Bildirdi ki, bu gün ölkəmizdə hər bir sahədə olduğu kimi, təhsil sahəsində də uğurlu nailiyyətlər mövcuddur. "Təbii ki, bunun kökündə əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil strategiyasının dayanır"- deyən F.Vəliyev Prezident İlham Əliyevin yeniləşən Azərbaycanda daha yeni və müasir tipli məktəblərin, tədris ocaqlarının tikilib istifadəyə verilməsi üçün konkret addımların atıldığını da diqqətə çatdırdı. Təşkilat sədri, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun ölkəmizdəki xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi və reallaşdırdığı möhtəşəm layihələr barədə məlumat verərək, Azərbaycan elminə, təhsilə xüsusi yer verildiyini vurğuladı.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlıniski, C.Rüstəmov adına şəhər tam orta məktəbinin müəllimi Gülbəniz Əhmədova, Q.İsmayılov kənd orta məktəbinin direktoru Marifə Qasımova, M.Füzuli adına şəhər orta məktəbinin məzunu, 651 balla Tibb Universitetinin tələbəsi olmuş Musa Musayev, Ə.Cavad adına şəhər orta məktəbinin məzunu 598 balla Milli Təhlükəsizlik Akademiyasına daxil olmuş Şahin Abbasov, Sərxan tam orta məktəbinin məzunu 599 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuş Mafəddin Ələsgərov və başqaları çıxış edərək, ölkəmizdə elmə və təhsilə göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda yüksək bal toplamış məzunlara qiymətli hədiyyə, Fəxri fərmanlar və Ümummilli Liderin imzası olan döş nişanları hədiyyə verildi.
RƏFİQƏ KAMALQIZI