PDF Oxu

Əsas

  • 71

Daşkəsəndə təhsilə və sosial məsələlərə diqqət artır

Rayon ictimaiyyəti yeni dərs ilində iki yeni məktəbin açılışını böyük sevinclə qarşıladı

Daşkəsəndə təhsilə və sosial məsələlərə diqqət artır

15 Sentyabr Bilik Günü ilə bağlı respublikamızın bütün region və şəhərlərində geniş tədbirlər keçirilir. Dünən Daşkəsən rayonunda da keçirilən tədbirdə yeni inşa edilən iki məktəbin açılışı olub. Tədbirdə çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev 2012-2013-cü il tədris ilinin başlanması və iki yeni məktəbin istifadəyə verilməsi münasibətilə daşkəsənliləri təbrik etdi, onlara ən səmimi arzularını, istəklərini bildirdi: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil sahəsində İslahat Proqramı bu gün Onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Azərbaycan dünyada siyasi cəhətdən ən stabil ölkələr sırasına çıxmış, iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilmiş və ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaradılmışdır".

Ə.Abıyev onu da vurğuladı ki, rayonda təhsil müəssisələrinin vəziyyəti hər zaman ciddi diqqət mərkəzində saxlanılmış, dövlətimizin qayğısı nəticəsində bu ilin yay aylarında bir çox işlər həyata keçirilibdir: "Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə rayonda son illər xeyli iş görülmüşdür. Belə ki, fondun hesabına rayonda iki orta məktəb tikilmiş, bir uşaq bağçası və uşaq-gənclər idman məktəbi əsaslı təmir olunmuşdur".

Rayon rəhbəri, həmçinin, onu da söylədi ki, yeni dərs ilində Bayan kəndində və Daşkəsən qəsəbəsində şagirdlər bilik gününü yeni və müasir üslubda inşa edilmiş, müasir yüksək səviyyəli avadanlıqlarla təmin olunmuş məktəblərdə qarşılayacaqlar: "Digər 5 məktəbin tikintisi isə yaxın aylarda başa çatdırılacaqdır. 2013-cü ildə isə rayon üzrə daha 26 məktəbin tikintisi nəzərdə tutulmuşdur. Bütün daşkəsənlilər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsilə, bölgələrin inkişafına bu cür diqqət və qayğısını böyük razılıq və minnətdarlıqla qarşılayırlar. Təhsilə diqqət və qayğının nəticəsidir ki, bu il Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına müsabiqə üçün müraciət edən 83 nəfər daşkəsənli məzundan 31 nəfəri ali məktəblərə, 9-cu sinif bazasından isə 38 nəfər orta-ixtisas məktəblərinə daxil olmuşlar. Bu nəticə əvvəlki illərlə müqayisədə xeyli çoxdur".

Rayon rəhbəri ölkəmizdə gedən uğurlu işlərdən, o cümlədən, Daşkəsən rayonunda aparılan quruculuq-abadlıq işlərindən danışdı: "Hazırda Daşkəsən şəhərində olan 5 saylı uşaq bağçasının əsaslı təmiri, Xoşbulaq kəndində gənclərin istirahət mərkəzi, rayonun mərkəzində və Quşçu qəsəbəsində 16 mənzilli yaşayış binasının, Alunitdağ qəsəbəsində elektrik yarımstansiyasının tikintisi aparılır. Çovdar Qızıl zavodunun istismara verilməsi üzrə son tamamlama işləri görülür. Zavod işə düşdükdən sonra burada 300 nəfər yerli əhali işlə təmin ediləcəkdir. Həmçinin, rayonda Statistika idarəsinin yeni inzibati binasında son tamamlama işləri aparılır. "Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən üç min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi də sürətlə davam etdirilir. Artıq uzunluğu 31 km olan yolun 6 km-i asfalt örtüyün salınması üçün hazır vəziyyətə gətirilmişdir".

Tədbirdə çıxış edən məzunlar, rayonun pedaqoji işçiləri və valideynlər adından təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Sonda "Ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsinin qalibi olmuş məktəblərə, həmçinin, qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, aztəminatlı ailələrdən olan uşaqlara məktəbli forması hədiyyə olunub.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər