YAP Sabunçu rayon təşkilatında qanvermə aksiyası keçirilib
Mehriban Abasquliyeva: "Bu təşəbbüs gələcəkdə də müntəzəm xarakter daşıyacaq"
Dünən Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının, Sabunçu rayon icra hakimiyyətinin və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının qərargahında "Qan ver, yaşat!" şüarı altında qanvermə aksiyası keçirilmişdir. Qanvermə aksiyasında iştirak edən donorlar rayonun icra hakimiyyətindən, müxtəlif idarə və müəssisələrindən, bələdiyyələrdən gələrək, könüllü şəkildə öz qanlarını ehtiyacı olan xəstələrə bağışlayıblar. Qeyd edək ki, bu kimi əhəmiyyətli aksiyalar YAP Sabunçu rayon təşkilatında mütəmadi olaraq keçirilir. YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva da bu mövzuda qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, keçirilən aksiyada yığılan qan ehtiyatı qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə edilmək üçün xəstəxanalara paylanılacaq. M.Abasquliyeva onu da qeyd etdi ki, bu kimi aksiyalar YAP Sabunçu rayon təşkilatının təşəbbüsü ilə müntəzəm olaraq baş tutur: "Bu təşəbbüs gələcəkdə də müntəzəm xarakter daşıyacaq. Çünki ölkədə qana ehtiyacları olan tallasemiyalı uşaqlar, yaşlı nəslin nümayəndələri kifayət qədərdir və belə addımların tez-tez atılması zəruriliyi daim diqqətdə saxlanılmalıdır",
Qeyd edək ki, belə aksiyalar hər il YAP Sabunçu rayon təşkilatı tərəfindən ənənəvi olaraq keçirilir və hər dəfə donorların sayı daha da artır.
RƏFİQƏ KAMALQIZI