PDF Oxu

Əsas

  • 60

Təhsilə qayğı dövlətin diqqət mərkəzindədir

Səbail rayonunun orta məktəblərində yeni dərs ilinə başlanıldı

Təhsilə qayğı dövlətin diqqət mərkəzindədir

15 sentyabr - "Bilik Günü" ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olundu. Yeni dərs ili ərəfəsində 17 orta məktəbdə dərslərə başlanılıbdır. Xüsusi olaraq, Dövlət Proqramına uyğun olaraq Bayıl yaşayış sahəsindəki 1929-cu ildə tikilmiş 49 saylı "İntellekt" məktəb-liseydə və 50 saylı məktəbdə geniş tədbir keçirilib. Tədbirdə 49 saylı "İntellekt" məktəb-liseyin direktoru Təhminə Əsədova keçən tədris ilində qazanılan uğurlardan danışaraq bildirdi ki, sentyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbə gəlmiş, yeni inşa olunmuş tədris korpusunun və əsaslı təmir işləri aparılmış köhnə korpusun açılış mərasimlərində iştirak etmişdir: "Bu gəliş məktəb kollektivi üçün əlamətdar bir hadisə olmuşdur. Təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə cənab Prezidentə öz dərin təşəkkürümüzü bildirir, pedaqoji kollektivimiz adından vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində əllərimizdən gələni əsirgəməyəcəyik".

Mərasimdə Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbin direktoru Sədaqət Həsənova bildirdi ki, məktəbimiz Dövlət Proqramına uyğun olaraq təmir işləri başlanmış, 1937-ci ildə tikilmiş bu məktəbdə müasir təhsil üçün hər cür şərait yaradılmışdır: "500 şagirdin təhsili üçün nəzərdə tutulmuş, 30 müəllim və 11 texniki işçinin çalışdığı 3 mərtəbəli məktəb binasının dam örtüyü tam şəkildə yeniləşdirilmiş, məktəb üçün əlavə olaraq yeni yeməkxana və bufet, yeni kitabxana, 2 ədəd təsərrüfat otağı, vestibül tikilmiş, bütün kommunikasiya xətləri yeniləşdirilmiş, idman və akt zalları da daxil olmaqla bütün sinif otaqları, fənn kabinetləri, texniki otaqlar, tibb kabineti əsaslı təmir olunmuşdur. Məktəbdə yeni kompyuter kabineti yaradılmış və internet şəbəkəsinə qoşulmuşdur. Məktəbin həyətində 60 kv. metrlik talvar quraşdırılmış, 1500 kv. metr sahəyə asfalt salınmış, yeni hasar çəkilmiş və darvaza quraşdırılmışdır. Məktəbdə yeni istilik sistemi quraşdırılmışdır".

"Bilik Günü" ilə bağlı tədbirlərdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov əsaslı təmirdən sonra istifadəyə verilmiş məktəblərin kollektivlərini təbrik edərək, onlara təhsildə uğurlar arzulayıb. Asif Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bidirib ki, orta məktəbləri bitirmiş 1448 nəfərdən 915-i tələbə adını qazanmış, onlardan 87 nəfəri xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşlar. 11 məzun qızıl medala, 2 məzun isə Prezident təqayüdünə layiq görülmüşdür: "Ölkə başçısı cənab İlham Əliyevin təhsilə olan diqqət və qayğısının bariz nümunəsi kimi Dövlət Proqramına uyğun olaraq bu il Səbail rayonunda 1 yeni məktəb və uşaq bağçası istifadəyə verilmiş, 2 məktəb, 1 uşaq bağçası əsaslı təmir olunmuş, 2 məktəb üçün əlavə korpuslar tikilmişdir. Hazırda 1 uşaq bağçasının təmiri, 1 uşaq musiqi məktəbinin yenidən tikintisi davam edir. Bu işlərin davamı kimi, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planına rayon üzrə əlavə 6 bənd salınmışdır ki, onların həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir. Səbail rayonunda həyata keçirilən işləri diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyev sentyabr ayının 4-də Badamdar qəsəbəsində yeni 880 şagird yerlik 329 saylı tam orta məktəb və 120 yerlik yeni uşaq bağçasının, ertəsi gün sentyabrın 5-də isə əsaslı təmirdən sonra 49 saylı "İntellekt" liseyin köhnə binasının və 660 şagird yerlik yeni tədris korpusunun açılış mərasimlərində iştirak etmiş, burada yaradılan şəraitlə yaxışdan tanış olaraq görülən işlərin keyfiyyətindən razı qalmışdır".

A.Əsgərov Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açmış, fondun dəstəyi ilə görülən işlər barədə məlumat vermişdir.

"Bilik Günü" ilə əlaqədar təşkil olunan tədbirə toplaşan şagirdləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 91 saylı orta məktəbin direktoru Svetlana Zülfuqarova məktəb kollektivinin qazandığı uğurlardan danışıb. O, qeyd edib ki, keçən tədris ilində məktəbin 67 məzununun 32-si ali məktəblərə, onlardan 4-ü isə xarici ölkələrin ali məktəblərinə daxil olmuşlar: "Məzunların 4-ü 500-dən çox, 2-si 600-dən çox bal toplayıb. 1 nəfər Prezident təqaüdünə layiq görülüb. Məktəbin 4 nəfər şagirdi respublika, 4-ü isə Bakı şəhəri üzrə olimpiadalarının mükafatçılarından olmuşlar".

Keçirilən tədbirdə millət vəkili Fuad Muradov iştirak edərək kollektivləri yeni dərs ilinin başlanması münasibəti ilə şagird və müəllim heyətini təbrik etmiş, təhsildə onlara uğurlar arzulamışdır.

Mərasimlərdə, həmçinin, RİH-in məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

RƏFİQƏ

Digər xəbərlər