Yeni dərs ilinin başlanması ilə bağlı keçirilən tədbirlər bölgələrdə də uğurla davam etdirilib. Şəmkir rayonunun yeni istifadəyə verilən məktəbləri üçün ikiqat bayrama çevrilib. Abbaslı 1, Düyərli 2, Seyidlər və Günəşli yeni məktəbləri Dövlət Proqramına uyğun olaraq tikilərək qapılarını şagirdlərin üzünə müasir əyani vasitələrlə təmin olunmuş, zövqlə bəzədilmiş, yaraşıqlı görkəmdə açdı.
"Bilik Günü" ilə bağlı yeni istifadəyə verilən Düyərli 2 saylı 480 nəfərlik orta məktəbdə geniş tədbir keçirildi. Tədbirdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov çıxış edərək bildirdi ki, yeni dərs ilinin tarixçəsinin ən şirin xatirəsi bugünkü birincilərin qismətinə düşüb. Onlar dövlətimizin qayğısı sayəsində ən müasir səviyyədə yeni tikilmiş və əsaslı təmir olunmuş gözəl, yaraşıqlı məktəblərə qədəm qoyurlar. N.Veysov, həmçinin, qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlər və dövlətimizin bu sahəyə xüsusi qayğısı öz bəhrəsini verməkdədir. Məhz bunun sayəsində respublikanın bütün bölgələri kimi, Şəmkir rayonunda da ildən-ilə təhsilin keyfiyyəti yüksəlmiş, ali məktəblərə qəbulda rayonumuz ölkədə birincilər sırasına çıxmışdır.
Mərasimdə rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski 2011-2012-ci tədris ilinin yekunlarına toxunaraq Şəmkirdə dörd orta məktəb binasının yeni tədris ilində istifadəyə verildiyini söylədi: "Rayonun Seyidlər kəndində tikilən 180, Abbaslı1 480, Düyərli-2 480, günəşli 180 yerlik yeni məktəb binası yeni dərs ilində istifadəyə verildi. İstifadəyə verilən məktədlər müasir tələblərə uyğun şəkildə tikilib, yeni dam örtüyü, pəncərə və qazanxanalarla təmin edilib. Hazırda rayonun 9 yaşayış məntəqəsində 10-a yaxın yeni məktəb binası tikilir və bunlardan 3-ü yeni tədris ilində istifadəyə veriləcək. Digərlərinin tikintisi isə ilin sonuna kimi yekunlaşacaq".
Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev yeni tədris ilinin başlanğıcı münasibəti ilə öz təbriklərini çatdırdı. Qeyd etdi ki, ölkəmizdə elmə, təhsilə olan diqqət və qayğı günün-gündən güclənməkdə, gənclərimizin bilik səviyyəsi daha da artmaqdadır. F.Vəliyev qarşıdan gələn tədris ilinin də ölkəmiz üçün mühüm və əhəmiyyətli olacağına, bu müddətdə də, elmi uğurlarımızın davam edəcəyinə əminliyini ifadə etdi. Bildirdi ki, bu gün ölkəmizdə hər bir sahədə olduğu kimi, təhsil sahəsində də uğurlu nailiyyətlər mövcuddur.
Tədbirdə çıxış edən rayonun pedaqoji işçiləri və valideynlər adından təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
R.HÜSEYNOVA