Əli Həsənov: "Seçkilər ilin də təmaslarımızı bir az da artıracağıq"
Azərbaycan hakimiyyəti, eləcə də, hakim Yeni Azərbaycan Partiyası davamlı olaraq ölkədə fəaliyyət göstərən bir çox müxalifət partiyalarına müxtəlif mövzularda qarşılıqlı dialoq təklifləri ilə çıxış edib. Bu kimi təkliflər həm də onun göstəricisidir ki, ölkədə yaradılmış demokratik mühit həm siyasi, həm də digər sahələrdə səmərəli nəticələr əldə etməyə hesablanmış əhəmiyyətli addımdır. Daha dəqiq desək, dialoqların baş tutması üçün irəli sürülən təşəbbüslər cəmiyyət tərəfindən alqışlanır, tədqir edilir. Bu baxımdan, iqtidar hər zaman sağlam, səmərəli dialoqları dəstəkləyib və tərəfdarı olub. Buna misal kimi ölkə parlamentdə müxalifət partiyaları ilə iqtidar nümayəndələrinin konstruktiv münasibətlərini göstərmək olar.
Başqa tərəfdən, bu günlərdə Yeni Azərbaycan Partiyasının mərkəzi ofisində müxalifətin aparıcı partiyaları ilə baş tutmuş görüş də ictimaiyyət tərəfindən alqışlanır. Üummilli məsələlərdə müxalifətin iqtidarın təşəbbüsünü dəstəkləməsi, həmin təşəbbüsdən əmələ gələn ümumi razılıq bir daha onu deməyə əsas yaradır ki, əslində, dialoqlar yalnız bir məsələ ətrafında deyil, başqa mövzular ətrafında da aparıla bilinər.
"Azərbaycanı daha bir əhəmiyyətli siyasi hadisə - prezident seçkiləri gözləyir"
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da mətbuata verdiyi açıqlamasında vurğulayıb ki, dialoq hər zaman vacibdir. Ona görə də, həmin addımların atılması davamlı xarakter daşıyacaq: "Azərbaycanda iqtidar-müxalifət dialoqunun davamı olacaq".
Əli Həsənov xüsusilə xatırladıb ki, qarşıda Azərbaycanı daha bir əhəmiyyətli siyasi hadisə - prezident seçkiləri gözləyir. Bu baxıımdan, iqtidar tərəfi növbəti dialoqların baş tutması istiqamətində təmaslarını artıracaq, proseslərdə fəallaşma yaranacaq: "Bilirsiniz ki, 2013-cü il Azərbaycanda prezident seçkiləri ilidir və seçkilər ilində təmaslarımızı bir az da artıracağıq, proseslərdə fəallaşma müşahidə olunacaq".
"Azərbaycan hakimiyyəti bu istiqamətdə işi gücləndirəcək"
Prezident Adminstrasiyası rəsmisinin sözlərinə görə, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi, ayrılmaz institutları olan siyasi partiyalar, mətbuat orqanları, QHT-lərlə işi gücləndirəcək.
Onu da xatırlatmaq yerinə düşərdi ki, Əli Həsənov ötən ərəfələrdə müxalifət mətbuatının baş redaktorları və vətəndaş cəmiyyətini təmsil edən QHT rəhbərləri ilə qarşılıqlı görüşlər keçirmiş, müvafiq razılaşmalar əldə edilmişdi. Məhz həmin görüşlərdə də PA rəsmisi dialoqların davamlı olacağını vurğulamışdı. Onun Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyəti, siyasi partiyalar və mətbuat orqanları ilə işinin gücləndirəcəyini vurğulaması da, təbii ki, qeyd edilən amillərin məntiqi nəticəsidir.
RÖVŞƏN NURƏDDİNOĞLU