Yadigar Cəfərov: " Bu günə qədər 790 453 əmanətçiyə ümumilikdə 339 381 770,29 manatlıq vəsait ödənilib"
Əmanətlərin qaytarılıb-qaytarılmayacağı mövzusu uzun illərdir cəmiyyətin əsas suallarından bir idi. Ancaq ölkə Prezidenti İlham Əliyev 2012-ci il 14 mart tarixli Fərmanı ilə sovet dövründən qalma əmanətlərin qaytarılması barədə Fərman verilmişdir. "Kapital Bank Açıq Səhmdar Cəmiyyəti"ndə bu qaydaların qüvvəyə mindiyi tarixdə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, fərdi birdəfəlik ödəmələrin verilməsi prinsipləri, halları və şərtləri müəyyən edilmişdi. Artıq bir sıra vətəndaşlarımız bu hüquqlarından istifadə etmiş, müəyyən olunan dəyərdə əmanətlərini geri almışlar.
Bizimlə söhbətində Kapital Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərov bildirdi ki, 1 iyun 2012-ci il tarixindən 26 sentyabr 2012-ci il tarixinə qədər Kapital Banka fərdi birdəfəlik ödəmələrin verilməsi üçün əmanətçilərdən 963 268 müraciət daxil olub. Bu müddətdə Kapital Bankın Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzində 923 518 müraciətə baxılıb və 790 453 əmanətçiyə ümumilikdə 339 381 770,29 manatlıq vəsait ödənilib: "63 349 müraciət üzrə də ödənişlərin aparılmasına icazə verilib, sənədlərini təqdim etmiş həmin əmanətçilər fərdi birdəfəlik ödəməni götürmək üçün hələlik yerli xidmət məntəqələrinə müraciət etməyiblər. Müxtəlif hüquqi səbəblərdən 69 716 müraciətin icrasından imtina edilib. 39 750 müraciətə isə hazırda baxılmaqdadır".
Y.Cəfərov onu da qeyd etdi ki, Fərman imzalanmamışdan qabaq, bəzi ekspertlər bildirirdilər ki, həmin əmanətlərin birdən qaytarılması iqtisadiyyata neqativ təsir göstərəcək. Lakin Milli Məclisdə "Əhalinin əmanətlərinin indeksləşdirilməsi haqqında" qanun layihəsi hazırlanıb. Qanunda göründüyü kimi, həm keçmiş SSRİ qanunlarında, həm də Azərbaycan qanunlarında Əmanət Bankının öhdəliklərinə görə dövlətimizin məsuliyyəti nəzərdə tutulmamışdır. Hazırki ödəmələr Azərbaycan dövlətinin maliyyə imkanlarının artması ilə əlaqədar, inflyasiyaya məruz qalmış əmanətlərə görə əhaliyə dövlət tərəfindən verilən əlavə yardımdır. Əmanətçilərin Kapital Bankdakı şəxsi əmanət hesablarında olan qalıq məbləğlərin götürülməsində hər hansı məhdudiyyət olmayıb, bundan sonra da olmayacaq".
Kapital Bankın mətbuat xidmətinin rəhbəri bildirdi ki, Azərbaycanda əmanətlərin verilməsi prosesi 19 ay ərzində həyata keçiriləcək. Vətəndaşların ərizələri 2012-ci il dekabrın 31-dən qəbul edilmişdir, vəsaitlərin verilməsi isə 2013-cü il dekabrın 31-nə qədər başa çatacaq.
Qeyd edək ki, sovet banklarında 1,9 milyona yaxın vətəndaşın əmanəti var. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu təşkil edib. Hesablamalara görə əmanətlərin qaytarılmasında 1 mlyard manata yaxın vəsait lazım olacaq. Ərizələrin qəbulunun və vəsaitlərin verilməsinin təşkili üçün Kapital Bankın 65-i Bakıda, qalanları isə regionlarda olmaqla 143 məntəqəsi yaradılıb və əlavə 350 nəfər cəlb edilib.
Ruqiyyə Cəfərli