PDF Oxu

Əsas

  • 61

Mir Cəlal Paşayevin unudulmaz xatirələri

Mir Cəlal Paşayevin unudulmaz xatirələri

Mir Cəlalın XX əsr elminin, ədəbiyyatının, təhsilinin inkişfında xidmətləri böyükdür və misilsizdir. Yazıçı, alim və müəllim. Bu üç müqəddəs sənəti, yaradıcı dünyanı, peşəni öz müdrik şəxsiyyətində cəmləşdirən Mir Cəlal Paşayev onların hər birində böyük və ayrıca zirvə fəth etmişdir. Yazıçı kimi 1928-ci ildə ədəbiyyat aləminə gələn Mir Cəlal elə həmin ildə ilk tədqiqat əsərini yazmışdır. Onun müəllimlik fəaliyyəti də məhz həmin tarixdən başlanır.

Mir Cəlalın yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Mir Cəlal Paşayev ali təhsilimizin beşiyi sayılan, Bakı Dövlət Universitetinin sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayacaq. Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillərdə əzbərdir: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir".

Onun böyüklüyü onda idi ki, Azərbaycan xalqının hər bir övladına da qayğıkeş ata gözü ilə baxırdı. Azərbaycan xalqının milli adət-ənənələrini hər bir zaman qoruyub saxlamağı tövsiyə edir və yardımçı olurdu.

XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınmışdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə, o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutmuşdur. Mir Cəlal "Bir gəncin manifesti" əsərinə görə klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanmışdır. Bu əsəri çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri ("Dənizin cinayəti"), "Ananın vəsiyyəti", "Müxbir" çap olunmuşdur. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cü ildən etibarən hekayələr yazmışdır. O, dövrün "Şərq qadını", "Gənc işçi", "İnqilab və mədəniyyət", "Ədəbiyyat qəzeti" kimi nüfuzlu nəşrlərdə "Doktor Cinayəti", "Mərkəz adamı", "Naxələf", "Bostan oğrusu", "İstifadə", "Dəzgah qızı", "Heyrət" hekayələrini çap etdirmişdir. 1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı ilk oçerklər və novellalar kitabları çap olunmuşdur.

Mir Cəlalın ilk irihəcmli əsəri - "Dirilən adam" romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazmışdır ki, Mir Cəlal "Dirilən adam"la diqqətli bir real yazıçı olduğunu göstərmişdir.

Mir Cəlalın nəşr olunmuş altı romanı oxuculara məlumdur. "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır" romanlarında keçmiş, "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər" romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınmışdır. "İnsanlıq fəlsəfəsi" (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi, əxlaqi əhəmiyyətə malikdir. "İnsanlıq fəlsəfəsi", "Subaylıq fəlsəfəsi", "Təzə toyun nəzakət qaydaları", "Vicdan mühakiməsi", "Vicdan əzabı", "Hesab dostları", "Qocaların uşaq söhbətləri" və digər hekayələrində real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunmuşdur.

Əməkdar elm xadimi Mir Cəlal XX əsr ədəbiyyatşünaslıq tarixində elə bir iz açmışdır ki, XXI əsrin də ədəbi-elmi zirvəsində görünməkdədir. Müdriklik, saflıq, vicdan, ləyaqət, tarix boyu mənəviyyat zirvəsində dayandığı kimi.

1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşan böyük şəxsiyyət kimi tarixləşmiş əziz müəllimimin, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlalın xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığın əbədi mövzusu olacaqdır.

Mir Cəlalın 2008-2009-cu illərdə 100 illik yubileyi təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da qeyd olunmuşdur, əsərləri çap olunaraq maraqla oxunmaqdadır. "YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd olunmuşdur.

2008-ci ilin noyabrında Parisdə YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir. XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərən Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür. 2008-2009-cu illərdə YUNESKO-nun dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edilməsi, həm də Azərbaycan-YUNESKO əməkdaşlığının inkişafının bariz nümunəsidir.

Mürsəlova Ofeliya Mürsəl qızı,

ADPU-nin pedaqogika

kafedrasının baş müəllimi

Digər xəbərlər