1 Oktyabr Beynəlxalq Ahıllar Günü ənənəvi olaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Səbail rayonunda da geniş şəkildə qeyd olunur. Dünən iayon icra hakimiyyəti, rayon veteran təşkilatları şurası, Qızıl Aypara Cəmiyyətinin rayon şöbəsi, rayon sosial müdafiə mərkəzinin və bir sıra ictimai təşkilatların rayon şöbələrinin nümayəndələrinin iştirakı ilə əlamətdar günlə əlaqədar Bibiheybət qəsəbəsindəki "Nar şərab" restoranında bayram süfrəsi təşkil olunub. Tədbirdə iştirak edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlayaraq, onlara uzun ömür, can sağlığı arzulayıb. A.Əsgərov bildirib ki, dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunubdur: "Bizlər sizlərin hər zaman zəngin bilik və təcrübələrinə ehtiyac duyuruq. Ona görə də, sizlər daima dövlətimiz tərəfindən daima diqqət mərkəzindəsiniz". Rayon rəhbəri onu da vurğuladı ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizin ahıl vətəndaşlarının problemlərinə həmişə diqqətlə yanaşmış, onlardan öz qayğısını əsirgəməmişdir. Natiq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunmasına çalışıldığını, onların təqaüd və müavinətlərinin gələcəkdə də artırılacağını vurğuladı.
A.Əsgərov rayonun sosial-iqtisadi inkişafı üçün görülməsi nəzərdə tutulan işlərdən danışaraq, qeyd etdi ki, bu işlərin həyata keçirilməsində veteran və yaşlı nəsil nümayəndələrinin məsləhət və təklifləri hər zaman rayon icra hakimiyyətinin diqqət mərkəzində olacaqdır.
Görüşdə Səbail rayon veteran təşkilatları şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, rayon ağsaqqallar şurasının sədri Mirhəbib Seyidov və başqaları rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən danışdılar və bu işlərə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Sonra görüşdə iştirak edən ahıl vətəndaşlara ərzaq bağlamaları təqdim olundu.
Tədbir respublikanın tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam etdi.
R.KAMALQIZI