Oqtay Əsədov: "Milli Məclisin ötən yaz və növbədənkənar sessiyasında 128 qanun və qərar qəbul olunub"
Dünən Milli Məclisin payız sessiyası öz işinə başlayıb. Sessiya dövlət himninin səslənməsi ilə açıq elan edilib. Daha sonra çıxış edən spiker Oqtay Əsədov bildirib ki, Milli Məclisin ötən yaz və növbədənkənar sessiyasında 128 qanun və qərar qəbul olunub: "Bu müddətdə parlamentin beynəlxalq əlaqələr daha da inkişaf edib, nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər. Eyni zamanda, millət vəkilləri ötən dövr ərzində Rusiya və Türkmənistanda prezident seçkilərini, Qazaxıstanda, Serbiyada, Əlcəzairdə və Belarusda parlament seçkilərini müşahidə ediblər.
Həmçinin, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində artıq Latın Amerikası ölkələri ilə əməkdaşlıq başlayıb. Eləcə də, bir sıra ölkələr üzrə də parlament dostluq qrupları yaradılacaq. Payız sessiyasında bir sıra zəruri qanunların qəbul olunması nəzərdə tutulur. Həmin qanunların bir hissəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən təqdim ediləcək. Bəzi layihələr isə gündəliyimizdə öz əksini tapır. Payız sessiyasında, həmçinin, 2013-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə ediləcək. Bir sözlə, əminəm ki, payız sessiyası səmərəli olacaq".
Daha sonra O.Əsədov Avropa Şurasına üzv ölkələrin spikerlərinin konfransı haqqında məlumat verib. O bildirib ki, Ermənistan parlamentinin sədri Azərbaycan zabiti Ramil Səfərovun məsələsi haqda səsləndirdiyi fikirlərə lazımi cavab verilib. Spiker deyib ki, AŞPA-nın sessiyasında da bu məsələnin müzakirəsi nəzərdə tutulur. R.Səfərovun ekstradiyasının və əfv olunmasının qanunauyğun olduğunu deyən O.Əsədovun sözlərinə görə, Ermənistanın bu amildən istifadəsi Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılması məqsədi daşıyır: "Beynəlxalq təşkilatlar bu münaqişənin həlli ilə bağlı sənədlər qəbul etsələr də, həmin sənədlərin arxasınca getmirlər. Onlar öz qətiyyətsizliyini ört-basdır etməkdən ötrü bu cür hadisələrdən istifadə edirlər". Spiker AŞPA-da keçiriləcək müzakirələr ərəfəsində Milli Məclisdə müvafiq komissiyanın yaradılmasını və bu komissiyanın məsələ üzərində işləməsini təklif edib.
Spikerin təklifi qəbul olunub və Milli Məclisin sədr müavini Valeh Ələsgərovun rəhbərliyi ilə (Mübariz Qurbanlı, Sədaqət Vəliyeva, Rafael Cəbrayılov, Rasim Musabəyov, Qüdrət Həsənquliyev və Fərəc Quliyev) komissiya yaradılıb.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında bildirib ki, payız sessiyasının iş planında nəzərdə tutulan məsələlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından olduqca əlverişlidir.
Millət vəkili Zahid Oruc isə bildirib ki, beynəlxalq qurumlar Ramil Səfərov məsələsindən öz məqsədləri üçün istifadə etməyə çalışırlar: "həm böyük dövlətlər, Həm də beynəlxalq qurumlar bölgədəki prosesləri öz maraqlarına uyğun şəkildə davam etməsinə maraqlıdırlar. Ona görə də, bu məsələdən sui-istifadə etməyə çalışırlar. Bu qüvvələr Ermənistandan soruşsun ki, son 100 ildə öldürülən azərbaycanlılara görə 1 nəfəri cəzalandırıblarmı?"
AVP sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, Ramil Səfərovun azadlığa çıxması Ermənistana ağır mənəvi-psixoloji zərbə vurub. Onun sözlərinə görə, beynəlxalq qurumlar zabitimizin azadlığa çıxmasını pislədiyi halda, ASALA-nın terror hədələri qarşısında susurlar: "Təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistanın müdafiəsi ilə məşğuldurlar. Ona görə də, Milli Məclis Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar verməlidir. ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində qeyri-obyektiv prizmadan çıxış edib. ATƏT və bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi hələ tanımayıb. Ötən 20 ildə ATƏT-in Minsk Qrupu münaqişənin həll olunması ilə bağlı heç bir irəliləyişə nail olmayıb. Ona görə də, təklif edirəm ki, parlament ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul etsin".
Millət vəkili İqbal Ağazadə isə beynəlxalq ictimaiyyətin diqqətini ASALA-nın terror təhdidlərinə yönəltməyi təklif edib.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə parlament komissiyasının yaradılması təşəbbüsünü yüksək qiymətləndirib. O bildirib ki, bu komissiya təkcə bir məsələ ilə bağlı yox, daimi fəal göstərməlidir. Ramil Səfərov məsələsinin artıq həll olunduğunu deyən millət vəkilinin fikrincə, bəziləri zabitimizin üzərində öz reklamını qurur. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Avropada islamofobiyanın hökm sürdüyünü deyib. Bu fakt isə onu göstərir ki, işğalçı Ermənistanın müdafiə olunmasında mühüm amillərdən biri xristian həmrəyliyidir.
Məsələ ilə bağlı spiker Oqtay Əsədov da bildirib ki, bu gün Avropada islamofobiya baş verir və bu narahatlıq doğurur. Onun sözlərinə görə, Azərbaycan müsəlman ölkəsidir, amma islam respublikası deyil, dünyəvi dövlətdir. "Avropada keçirdiyimiz görüşlərdə Azərbaycana qarşı ikili standartlardan yanaşmanın kökündə müsəlman olmağımızla bağlı məsələnin dayandığını diqqətə çatdıranda buna cavab vermirlər. Onlara bildiririk ki, biz Avropaya inteqrasiya etmək cəhdlərimizə qarşı hər dəfə maneələr yaradılır və qarşımıza daş atırlar. Biz soruşuruq ki, bununla nəyə nail olmaq istəyirsiniz? Biz Avropanı itirməklə Avropa nə qazanır?", - deyə spiker bildirib. O. Əsədovun sözlərinə görə, sanki hansısa qrup Azərbaycanın Avropaya inteqrasiyasına qarşı çıxır, Azərbaycanın Avropa ailəsinə daxil olmasına maneçilik törədir: "Bu, tək Azərbaycana lazım deyil, Avropanın imicinə də ziyanınadır".
Millət vəkili Fərəc Quliyev isə bildirib ki, işğalçı Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istiqamətində müvafiq addımlar atılmalıdır.
Millət vəkili Sabir Rüstəmxanlı çıxışında Ermənistandakı Rusiya hərbi bazalarının rəsmi Yerevana verilməsindən narahatlığını ifadə edib. O, qeyd edib ki, Rusiyanın silahları Ermənistandan işğal olunmuş Dağlıq Qarabağ ərazisinə keçirməyəcəyinə heç kim təminat verə bilməz: "Çünki həmin hərbi bazalarda işləyənlər ermənilər özləri olacaq. Bu məsələ ilə bağlı BMT və Rusiyaya müraciət etmək, BMT-dən bu məsələyə reaksiya tələb etmək vacibdir".
Məsələ ilə bağlı birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, Azərbaycan Rusiyanın Ermənistanda olan hərbi bazalarının bu ölkəyə təhvil verməsindən narahatçılıq keçirir: "Bununla bağlı Azərbaycanın müvafiq strukturları ilə bir neçə dəfə görüşüb, məsələ qaldırmışam. Onlar da bildiriblər ki, bu məsələ araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra rəsmi reaksiya olacaq".
Z.Əsgərov, həmçinin, ABŞ Konqresinin üzvünün Cənubi Azərbaycanla bağlı hazırladığı layihəyə münasibət bildirərək bu məsələni tənqid edib: "İranla Azərbaycanın dostluq münasibətləri var. Kimin nə problemi varsa, getsin öz problemini həll etsin".
Daha sonra millət vəkilləri parlamentin payız sessiyasını qanunvericilik işləri planını müzakirə ediblər.
Millət vəkili Elmira Axundova təhsil sahəsi ilə əlaqədar sahə qanunlarının qəbul edilməsini təklif edib. O, həmçinin, qanunların icrasına diqqətin zəruri olduğunu vurğulayıb.
Millət vəkili Qüdrət Həsənquliyev də bildirib ki, qışa hazırlıqlar bağlı bəzi hökumət nümayəndələri Milli Məclisdə məlumat verməlidirlər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, parlamentin deputatlarının etik davranış kodeksi qəbul olunmalıdır.
YAP İcra katibinin müavini, parlamentin İntizam komissiyasının sədri Siyavuş Novruzov bu təklifi dəstəkləyib. S.Novruzov bildirib ki, Milli Məclisə deputat seçilmiş şəxs cəmiyyətə nümunə olmalıdır: "Bu insanlar etik daranış kodeksinə əməl etməlidir. Ona görə də, hesab edirəm ki, belə bir sənədin qəbul olunmasına ehtiyac var".
Müzakirələrdən sonra payız sessiyasının qanunvericilik işləri planı təsdiq edilib.
İclasın ikinci yarısında isə deputatlar Avropa Parlamentinin Azərbaycan zabiti Ramil Səfərovun məsələsi haqda qəbul etdiyi sənədlə əlaqədar bəyanat qəbul ediblər.
RƏFİQƏ KAMALQIZI