Əli Həsənov: "Bu gün hansısa insanın əməllərinə görə hakimiyyəti ittiham etmək, günahlandırmaq məntiqsizdir"
Artıq bir neçə gündür ki, ölkədə rezonans doğurmuş məlum videogörüntü haqqında müəyyən dairələr tərəfindən müxtəlif fikirlər yürüdülməkdədir. Lakin irəli sürülən bir sıra fikirlərdə cəmiyyət arasında çaşdırıcı mövqelər yaratmağa istiqamətlənmiş cəhdlər də mövcuddur ki, həmin cəhdləri heç biri əsaslara, faktlara aid etmək mümkün deyil. Xüsusilə, özlərini "ənənəvi müxalifətin liderləri" kimi ictimaiyyətə sırıyan başbilənlər əllərinə düşən "fürsətdən" maksimum yararlanmağa səy göstərməklə əslində özlərinin fürsətcilliklərini, daxili çirkablıqlarını ifşa edirlər. Özlərinə məxsus mətbuat orqanlarında silsilə müsahibələr verən AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, eləcə də, siyasiləşmiş QHT rəhbərləri, qondarma "hüquq müdafiəçiləri" bir ağızdan xalqın dəstəklədiyi hakimiyyətə, hakimiyyətdə təmsil olunan nüfuzlu rəsmi şəxslərə qarşı ləkə, şər-böhtan kampaniyası aparırlar.
Onlar irəli sürdükləri "ehtimalları" ilə həm də onu təsdiq edirlər ki, əgər həmin insanların (Gülər Əhmədovanın, Elşad Abdullayevin - R.N.) yerlərində olsaydılar hansı addımı atardılar. Məhz bu arqumenti ortaya qoyaraq, söyləmək mümkündür ki, müxalifət başbilənləri o qədər korrupsiya hallarına yol veriblər ki, bu istiqamətdə əsil "peşəkarlara" çevriliblər. Hakimiyyətə qarşı qərəzli mövqenin sərgilənməsi isə bunların növbəti siyasi blefləri, yaxud da imitasiyalarıdır. Məhz bu baxımdan, daha öncə verilmiş və kifayət qədər arumentlərə əsaslanan rəsmi açıqlamalar nədənsə müxalifət "liderləri"nin sözügedən kontekstdə daha da azğınlaşmalarına, tez-tələsik qərarlar vermələrinə gəritib çıxarır.
"Bu, antidövlət, antimillət mahiyyəti kəsb etsə də bundan hakimiyyətə qarşı istifadə etmək istəyirlər"
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun informasiya saytlarının birinə verdiyi müsahibəsində də bu kimi bir çox məqamlara toxunulub. PA rəsmisi vurğulayıb ki, əslində, sözügedən məsələnin rezonans doğurmağı təbiidir: "Biz belə də gözləyirdik. Nəzərə alınsa ki, tərəflərdən biri keçmişdə universitet təsisçisi, rektoru, digər tərəf isə millət vəkili, hakim partiyanın üzvü olub, bu, gözlənildiyi kimi rezonans doğurdu. Cəmiyyətdə müəyyən müzakirələrə yer açdı. Ancaq təəssüf doğuran hal odur ki, hansı mahiyyət kəsb etməsindən asılı olmayaraq bəzi müxalifət dairələri, belə halları axtaran insanlar ondan hakimiyyətə, Prezident İlham Əliyevin komandasına qarşı istifadə etməyə çalışırlar. Dəridən-qabıqdan çıxaraq bunu etmək istəyirlər, bütün imkanlarını, intellektlərini, ətraflarını, ixtiyarlarında olan KİV-ləri, beynəlxalq və daxili əlaqələrini işə salaraq bundan hakimiyyətə qarşı istifadə etməyə cəhd edirlər. Bu, antidövlət, antimillət mahiyyəti kəsb etsə də bundan hakimiyyətə qarşı istifadə etmək istəyirlər".
"Kim hesab edirsə ki, Azərbaycanda 9 milyon yarım əhalinin bütün hərəkətinə İlham Əliyevin komandası cavabdehdir, bu, səhvdir"
Əli Həsənov xüsusilə vurğulayıb ki, sözügedən olay əslində hakimiyyət üçün prinsipcə adi, gündəlik məsələlərdən biridir. Belə ki, bütün dövrlərdə, bütün hakimiyyətlərdə Elşad Abdullayev kimi müxtəlif əyri yollarla sərvət toplamaq istəyən və bəzən buna nəsib olan insanlar olub: "Belə əyri yollarla topladıqları sərvəti kimlərinsə vasitəsilə özünə mənsəb qazanmaq, hansısa hakimiyyət strukturunda təmsil olunmaq istəyiblər. Bunların puluna sahib çıxıb, ona şərik olmaq, o puldan müəyyən qədər ələ keçirmək istəyən insanlar da olub. Bu insanlar da zaman-zaman ifşa edilib, cəzalarını alıblar".
Prezident Adminsistrasiyasının rəsmisi bununla xatırladıb ki, Azərbaycan cəmiyyətinin ötən dövrlərində də belə hallar olub, bu gün də var, gələcəkdə də olacaq: "Kim hesab edirsə ki Azərbaycanda 9 milyon yarım əhalinin bütün hərəkətinə İlham Əliyevin komandası cavabdehdir, bu, səhvdir. Hakimiyyət bu hadisədən qətiyyən sarsılmayıb. Keçmişdə də biz Elşad Abdullayev kimi insanların mənsəb qazanmasına imkan verməmişik, bu gün də vermirik, gələcəkdə də verməyəcəyik. Amma belə cəhdlərin qarşısını da almaq indiyədək heç bir hakimiyyətə nəsib olmayıb. Əsas məsələ odur ki, hakimiyyət buna qarşı ciddi mübarizə aparır. Belə bir əzm bizdə var. Cəmiyyətdə bu məsələyə olan münasibəti də, cəmiyyətin ayrı-ayrı institutlarında doğurduğu rezonansı da yaxşı anlayırıq".
"Bu faktın özünün baş tutmaması onun göstəricisidir ki, bu parlamentə Elşad Abdullayev kimi təsadüfi, əyri yollarla can atan adamlar düşməyib, düşə də bilməz"
Onu da qeyd edək ki, yuxarıda adları hallanan "ənənəvi müxalifət liderləri" tək bir məsələ ətrafında deyil, digər əsassız siyasi cəhddə də bulunmağa çalışıblar. Belə ki, onlar bu hadisədən sonra xalqın seçdiyi parlamentin guya qeyri-legitim oldması və buraxılması iddiasında çıxışlar edirlər. Hətta bir az da irəliyə gedərək, yenidən seçkilərin keçirilməsinə dair bəyanatlar səsləndirilirlər. Və görünür bu kimi mənasız addımların atılması onlarla yanaşı, onlara ağalıq edən xarici qüvvələrin sifarişidir. Lakin həmin iddialara baxmayaraq, hər kəsə bəlli və aydındır ki, "qeyri-legitimlik" iddiaları absurd, eləcə də, əsassızdır. Əli Həsənovun daha bir fikirni təhlil edərkən, bu cür qənaətə gəlmək mümkündür: "Azərbaycan cəmiyyətində parlamentin qeyri-legitimliyini sübut edən heç bir fakt yoxdur. O cümlədən, nə müxalifətdə, nə də bu işi tədqiq edən daxili və xarici ekspertlərdə... Elə Elşad Abdullayevin videosunun özü də onu göstərir ki, onun kimi qeyri-qanuni yollarla parlamentə can atan insanlar öz məqsədlərinə nail olmayıblar. Onların kiminlə danışıq aparmasının bugünkü parlamentə heç bir dəxli yoxdur. Onlarla Gülər Əhmədova kimi, ondan da yüksək ranqlı, hakimiyyətə daha yaxın olan insan tapa, işə qoşa bilərdilər. Amma bu faktın özünün baş tutmaması onun göstəricisidir ki, bu parlamentə Elşad Abdullayev kimi təsadüfi, əyri yollarla can atan adamlar düşməyib, düşə də bilməz".
"Bu gün müxalifət gecə-gündüz bağırır ki, Elşad Abdullayev hakimiyyəti ifşa elədi. Bəs Elşad Abdullayevin özünü kim ifşa elədi?"
Təəssüf ki, bu gün özünü təmizə çıxarmağa çalışan Elşad Abdullayev öz təbirincə "qabaqlayıcı tədbir" kimi, hüquq-mühafizə orqanlarının işinə də qarayaxmalar atmağa cəhd göstərib. O, bunu guya orqanlara etdiyi müraciətlərə cavabın verilməməsi ilə əlaqələndirib. Ancaq söz yox ki, E.Abdullayevin özünün qatı cinayətkar olması haqqında kifayət qədər faktlar mövcuddur. Onun insan orqanı alverində aparıcı rol oynaması, "ABU"-dakı qaranlıq rektorluq fəaliyyətləri bu fikirləri kifayət qədər təsdiq edir. PA rəsmisinin də bu haqda irəli sürdüyü fikirləri maraqdoğurucudur: "...Onun necə insan olduğunu, cəmiyyətdə hansı imic qazandığını hamı yaxşı bilir. Əlbəttə, deyə bilərlər ki, necə oldu, belə bir insan Azərbaycanda universitet açdı, tələbələr yığdı, ən həssas bir sahədə müəssisə sahibi oldu. Təəssüflər olsun ki, belələri ayrı-ayrı zamanlarda müəyyən əməllərini həyata keçirə bilirlər. Amma hakimiyyət onun xarakterini, məqsədini bilən kimi universitetini bağladı. Bu gün müxalifət gecə-gündüz bağırır ki, Elşad Abdullayev hakimiyyəti ifşa elədi. Bəs Elşad Abdullayevin özünü kim ifşa elədi? Məgər o müxalifətçilərin özlərinin uşaqları, yaxınları həmin universitetdə təhsil almırdı? Orada dərs demirdi? Elşad Abdullayevdən bəhrələnməyə çalışmırdılarmı?...Azərbaycan hakimiyyəti Elşad Abdullayevin açıqlayacağı heç bir videodan qorxmur. Hakimiyyət Elşad Abdullayevin əməllərinə heç vaxt şərik olmayıb, gələcəkdə də olmayacaq".
"Hakimiyyət belələri ilə eyni mövqeni bölüşmür, onlar cəzalarını alacaqlar"
Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun irəli sürdüyü arqumentlərdən bir daha aydın olur ki, bu gün müxalifətin yersiz iddiaları yaxın günlərdə onların susqunluqları ilə nəticəsini tapacaq. Çünki məlum videogörüntülər artıq prokurorluq tərəfindən ciddi çəkildə araşdırılır. Lakin videonun gerçəkliyinə də cəmiyyətdə heç kimdə şübhə yoxdur: "Yəni belə bir çəkiliş olub. Bu çəkilişin nə dərəcədə montaj olub-olmadığı araşdırılandan sonra Azərbaycan qanunlarının tələblərinə uyğun müvafiq addımlar atılacaq. Heç kimə güzəşt yoxdur. Biz nə iqtidar partiyasının üzvünə, nə də hansısa şəxslə yaxınlığına, qohumluğuna, hansısa şəkildə bağlılığına görə kiməsə münasibət bildirmirik. Hakimiyyətin təməlini Ümummilli Liderimiz qanunlara söykənərək qoyub. Azərbaycanda qanunçuluq hər bir insan üçün onun davranış normalarının əsasında dayanır. Qanunu pozan hər bir insan cəzasını almalı, qanunu pozmayana isə cəza verilməməlidir. O anlamda düşünürəm ki, bu yoxlamanın axırını gözləməliyik...Mən onu da demək istəyirəm ki, müxalifət belə hallardan hakimiyyətə qarşı istifadə etmək fikrinə düşməsin. Düşsələr də bunun heç bir əsası yoxdur. Azərbaycan hakimiyyəti bütün dövrlərdə şəffaf idarəçilik həyata keçirib. Bu gün hansısa insanın əməllərinə görə hakimiyyəti ittiham etmək, günahlandırmaq məntiqsizdir. Heç bir cəmiyyət, o cümlədən, Azərbaycan cəmiyyəti hansısa yollarla pul toplamaq, pul toplamağa nail olub, onu müxtəlif yollarla hakimiyyətə istiqamətləndirib nəsə qazanmaq istəyən insanlardan sığortalanmayıb. Amma belələrinin əməllərinin qarşısının alınması o deməkdir ki, hakimiyyət belələri ilə eyni mövqeni bölüşmür, onlar cəzalarını alacaqlar".
Sonda Əli Həsənov tərəfindən irəli sürülən fikirləri incələyərkən, bir daha belə nəticəyə gəlmək mümkündür ki, baş vermiş olaydan şəxsi mənfəətləri, siyasi dividendləri xatirinə sui-istifadə etməyə cəhd göstərən destruktiv qüvvələr irəli sürdükləri gərəksiz, məntiqsiz və əsassız iddiaları ilə, əslində, özlərini çıxılmaz vəziyyətə salıblar. Çünki hakimiyyət tərəfindən verilən kifayət qədər rəsmi açıqlamalar, hadisəni siyasiləşdirmək istəyən müxalifət "liderləri"nin özlərini faktlar qarşısında aciz qoyub. Bu səbəbdən də, onların yaxın zamanlarda hadisələrin nəticəsini susqunluqla izləyəcəkləri görüntüsünü indidən görmək mümkündür.
RÖVŞƏN NURƏDDİNOĞLU