PDF Oxu

Əsas

  • 48

MÜƏLLİMLƏR GƏLƏCƏYİMİZİN TƏMİNATÇISIDIR

Binəqədi rayonunda 5 oktyabr - Beynəlxalq Müəllim Günü qeyd edildi

MÜƏLLİMLƏR GƏLƏCƏYİMİZİN TƏMİNATÇISIDIR

Dünən Binəqədi rayon icra hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi rayon komitəsinin birgə təşkilatçılığı ilə "Oğuzxan" şadlıq evində 5 oktyabr - Beynəlxalq Müəllim Günü münasibəti ilə tədbir keçirildi.

Tədbirdə çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov təhsil işçilərini təbrik etdi və onlara bu şərəfli fəaliyyətlərində uğurlar arzuladı. Bildirdi ki, son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsildə də böyük inkişafa nail olunub. Ümummilli lider Heydər Əliyev hər zaman müəllim adını uca tutaraq, onun əməyini yüksək qiymətləndirərək, haqqında xoş sözlər söyləyib. Bu gün Ulu Öndərin layiqli davamçısı olan İlham Əliyev bu işi uğurla davam etdirir. Ölkə başçısı vurğulayıb ki, "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik". Bu mənada, "təhsil əsri" elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır.

İcra başçısı qeyd etdi ki, ölkə başçısının "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayonun 3 məktəbi - 83 saylı məktəb-lisey, 179 və 301 saylı tam orta məktəblər 2011-ci ildə, 8 məktəbi -3, 100, 102, 126, 244, 246, 276 və 284 bu il əsaslı təmir olunaraq istifadəyə verilib. Həmçinin, proqrama əsasən 2013-cü ildə rayonun daha 8 məktəbinin əsaslı təmiri nəzərdə tutulub. Binəqədi rayonunda Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 32 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Hal-hazırda Binəqədi rayonunda fəaliyyət göstərən 32 məktəbdə 37771 şagird təhsil alır, bunların təlim-tərbiyəsi ilə 4018 müəllim məşğul olur. Prezidentin 1 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə rayonumuzun 4 müəllimi "Əməkdar müəllim" Fəxri adı ilə təltif olunublar. Bunlar 83 saylı məktəb-liseyin direktoru, 3, 135 və 246 saylı tam orta məktəbin müəllimləridir.

Bakı şəhər Təhsil İdarəsinin müdir müavini, filologiya elmləri doktoru, professor, əməkdar müəllim Hüseyn Əsgərov çıxışında söylədi ki, insan kapitalı hər bir ölkənin vacib, mühüm və qiymətli sərvətidir. O ölkənin ki güclü insan kapitalı var, həmin ölkə sürətlə inkişaf edir. Bütün sahələr üzrə onun fəaliyyəti də faydalı olur. Ölkəmizin iqtisadiyyatı günü-gündən güclənir və iqtisadiyyat gücləndikcə, bütün sahələrdə olduğu kimi, təhsil sahəsinə yönəldilən dövlət vəsaiti də ildən-ilə artır. Ona görə də, Azərbaycan təhsili bu gün öz inkişafının mühüm bir mərhələsini yaşamaqdadır.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi rayon komitəsinin sədri, əməkdar müəllim Almaz Hacıyeva vurğuladı ki, bütün sahələrdə olduğu kimi, təhsilimizdə də, özünün yüksək peşəkarlıq nümunəsi ilə fərqlənən müəllimlərimiz ölkə başçısının qayğı və diqqətindən kənarda qalmayıb. Prezident İlham Əliyev müəllimlərə xüsusi diqqət və qayğı ilə yanaşır və bu özü də təhsilimizə olan qayğının bariz nümunəsidir.

83 saylı məktəb-liseyin direktoru, əməkdar müəllim Yaqut Sadıqova bildirdi ki, müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub.

Sonda Binəqədi rayon icra hakimiyyəti başçısının Sərəncamı ilə təltif olunan şəxslər fəxri fərman və hədiyyələrə mükafatlandırıldılar. Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının Binəqədi rayon komitəsi, eləcə də, Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən təsis olunan mükafatlar təhsil işçilərinə təqdim edildi.

Sonra tədbir konsert proqramı ilə davam etdirildi.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər