PDF Oxu

Əsas

  • 53

Dini icmaların fəaliyyəti normalar, qanunlar əsasında tənzimlənir

Əli Həsənov: "Bəri başdan bəllidir ki, özlərini dini təəssübkeş adlandıran bəzi qruplar hakimiyyət orqanlarına, təhsil sistemində çalışan strukturlara təzyiq göstərmək istəyir"

Dini icmaların fəaliyyəti normalar, qanunlar əsasında tənzimlənir

Bir neçə gün öncə, radikal dindarların Təhsil Nazirliyinin qarşısındakı razılaşdırılmamış aksiyaları ictimaiyyət tərəfindən kəskin olaraq qınanılmaqdadır. Belə ki, guya dini azadlıqlarının, hüquqlarının pozulduğunu iddia edən radikal dindarlar islam bayrağı altında çirkin əməllərini reallaşdırmaqdan ötrü cinayətlər törədirlər. Hətta icazəsiz aksiya keçirməyə cəhd göstərən radikal islamçılar bunun üçün əvvəlcədən hazırlıqlar da görmüş, əllərinə yaşıl rənglərə boyanmış mismarlı taxta dəyənəklər alaraq, qanunsuzluğun qarşısını almağa çalışan hüquq-mühafizə orqanları əməkdaşlarına ağır xəsarətlər yetirmişlər.

Təbii ki, bu kimi əməllərdə islam dininin təbliğ etdiyi heç bir motiv yoxdur. Əksinə, radikal islamçıların əməlləri islam dininə zidd hərəkətlərdir. Eyni zamanda, icazəsiz aksiya keçirməyə cəhddə bulunan bir qrup "islamçı" müəyyən dairələrin sifarişlərini yerinə yetirərək, dövlətin apardığı uğurlu siyasətə qarşı kölgə salmaq niyyətini güdürlər.

Bu və bu kimi məsələlərə münasibət bildirən Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun mətbuata verdiyi açıqlamasından da bəlli olur ki, Azərbaycanda hər bir vətəndaşın dini ayinləri həyata keçirməsi dövlətin dünyəvi normalarına təcavüz, müdaxilə, dövlət orqanlarına təzyiq formasında olmamalıdır, ola da bilməz: "Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra Təhsil Nazirliyinin qarşısında təşkil olunmuş aksiyaya birmənalı münasibət bildirəcəyik. Amma bəri başdan bəllidir ki, özlərini dini təəssübkeş adlandıran bəzi qruplar hakimiyyət orqanlarına, təhsil sistemində çalışan strukturlara təzyiq göstərmək istəyir".

"Azərbaycandakı bütün dini icmalar bu tipli halları pisləyəcəklər, bunun arxasında duran qüvvələri lənətləyəcəklər"

Guya Azərbaycanda hicabda gəzməyin qadağan olunduğunu iddia edən radikal islamçıların yersiz tələblərinə gəlincə, PA rəsmisi vurğulayıb ki, ölkəmizdə çadrada gəzmək də azaddır, digər dini ayinlərə əməl etmək də hər bir insanın özünün şəxsi işidir. Yəni dini ayinlərin tələb etdiyi məsələləri reallaşdırmaq işdən, dərsdən sonra azaddır. Eləcə də, hər hansı tələbdə bulunmaq dövlətin dünyəvi normalarına təcavüz qismində olmamalıdır : "İşdən, dərsdən sonra, dövlətin işlədiyi yerdəki öhdəliklərini əməl edəndən sonra hər bir insan məscidə də gedə bilər, dini ayinləri də həyata keçirə bilər, özü ilə Allahı arasında bütün özünün məqbul hesab etdiyi ayinləri təmin edə bilər. Amma bu, dövlətin dünyəvi normalarına təcavüz, müdaxilə, dövlət orqanlarına təzyiq formasında olmamalıdır, ola da bilməz".

Azərbaycanda dünyəvi sistem mövcudluğunun dinin dövlətdən ayrı olduğunu, həmçinin, dövlətin dinin işlərinə, dinin isə dövlətin işlərinə qarışmadığını qeyd edən Əli Həsənov bildirib ki, Azərbaycan dünyəvi dövlət olduğuna görə buradakı təhsil sistemi də, məmur və digər strukturların davranış normaları da qanunlarla tənzimlənir. Bu baxımdan, "Təhsil haqqında" Qanunda da müəyyənləşdirilib ki, məktəbli olan dövrdə hər bir məktəblinin nümunəvi forması var və bu formadan da kənara heç kəs çıxa bilməz. Məhz bu baxımdan, sözügedən situasiyanı bəzi radikal islam dairələri Azərbaycan dövlətinin antiislam siyasəti kimi təqdim etməyə çalışsalar da bunun heç bir əsası yoxdur. Ona görə də Azərbaycandakı bütün dini icmalar bu tipli halları pisləyəcəklər, bunun arxasında duran qüvvələri lənətləyəcəklər və bundan sonra da belə hallara yol verməyəcəklər.

"Biz Qərb dövlətlərində görürük ki, islam bayrağı altında hansı aksiyalar keçirilir..."

Prezident Administrasiyasının rəsmisi daha bir maraqlı məqama toxunaraq bildirib ki, hazırda Qərb dövlətlərində də radikal islamçılar islam bayrağı altında dağıdıcılıqla məşğul olur, qarışıqlıqlar yaradırlar. Nəticədə, həm dövlətlərə, həm də həmin dövlətlərin vətəndaşlarına, xalqın maraqlarına ciddi zərbələr vurulur: "Biz Qərb dövlətlərində görürük ki, islam bayrağı altında hansı aksiyalar keçirilir, dövlət daxilində nə qədər qarışıqlıq yaradırlar, onların dövlət və mədəniyyət strukturlarına, qurumlarına təzyiqlər göstərirlər. Bu təzyiqlər də sonda ona gətirib çıxarır ki, həmin dövlətlər və onların xalqının maraqlarına zərbələr dəyir. Bunun da arxasında duran insanlar ondan öz maraqları naminə istifadə edirlər".

Əli Həsənovun fikirlərini təhlil edərkən, bir daha əmin olmağa mümkündür ki, ölkəmizdə dini fəaliyyət və dini icmaların fəaliyyəti normalar, qanunlar əsasında tam tənzimlənir, qanunlar çərçivəsində fəaliyyət göstərən bütün dini icmaların fəaliyyəti azaddır: "...Lakin o icmalar ki, qanunları, cəmiyyətin ictimai davranış normalarını pozur, ictimai davranışa özlərinin ambisiyaları ilə müdaxilə etməyə çalışır, onlara qarşı da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən, digər müvafiq qurumlar da tədbirlər görəcəklər".

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər