Oktyabrın 12-13-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) forumu və hesabat-seçki konfransı keçiriləcəkdir. Tədbirdə 500-dən çox nümayəndə, fəxri qonaqlar, Rusiya və Azərbaycan hökumətlərini və prezident administrasiyalarını təmsil edən rəsmi şəxslər iştirak edəcəklər. RAGT-də AzərTAc-a bildirmişlər ki, forumun ilk günü RAGT-in hesabat-seçki konfransının keçirilməsi planlaşdırılır. Konfransda hesabat dövründə görülmüş işlərə yekun vurulacaq, RAGT idarə heyətinin, nəzarət-təftiş komissiyasının yeni tərkibi və RAGT sədri seçiləcəkdir. Azərbaycan və Rusiya gənclərinin qeyri-hökumət təşkilatlarının görüşü, Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) ilə Qarşılıqlı Anlaşma Memorandumunun imzalanması, habelə təşkilatın fəaliyyətindən bəhs edən "RAGT-in üç yaşı var" adlı filmin təqdimatı nəzərdə tutulur.
Həmin gün RAGT sədri Leyla Əliyevanın konfransda çıxışı, habelə Rusiya ali məktəblərinin birinci kurs tələbələri ilə onun ənənəvi görüşü və təhsil əlaçılarının "RAGT əlaçısı" illik mükafatı ilə təltif edilməsi planlaşdırılır. RAGT-in Moskva təşkilatlarının, Rusiya regionlarından olan azərbaycanlı gənclərin, Rusiya gənclərinin, Azərbaycanın RF-dəki səfirliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin və digər ictimai təşkilatların nümayəndələri görüşdə iştirak edəcəklər. Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının sədri Fuad Muradov və başqaları forumda çıxış edəcəklər.
Tədbir başa çatandan sonra "Sokolniki" konsert-sərgi mərkəzində RAGT-in forumuna həsr edilmiş illik bayram tədbiri keçiriləcəkdir. "RAGT yaxınlaşdırır" devizi altında keçiriləcək bu möhtəşəm konsertə Rusiya və Azərbaycan estradasının populyar ulduzları - məşhur "Buranovskiye babuşki" qrupu, Dima Bilan, Rusiyada yaşayan "Bahh Tee" təxəllüslü gənc azərbaycanlı ifaçı Bəxtiyar, "Qradusı", "Banderas", "Serebro" qrupları, Azərbaycanın Əməkdar Artisti Zülfiyyə Xanbabayeva, Natəvan Həbibi, virtuoz nağaraçılardan ibarət "Natiq ritm" qrupu, Dövlət rəqs ansamblı və başqaları dəvət edilmişlər. Gecənin aparıcıları Yuliya Kovalçuk və Tahir Məmmədovdur. Oktyabrın 13-də forum öz işini "Gələcək naminə məsuliyyət", "Sosial media və gənclər", "Multikulturalizmin alternativi yoxdur" seksiyalarında plenar iclaslarla davam etdirəcəkdir. Plenar iclaslarda tanınmış alimlər və Rusiya KİV-lərinin nümayəndələri, o cümlədən Birinci kanalın aparıcısı, Rusiya ictimai palatasının üzvü Maksim Şevçenko, Birinci kanalın aparıcısı, Rusiya televiziya akademiyasının üzvü İradə Zeynalova, "Kommersant" qəzetinin baş redaktoru Azər Mürsəliyev, Azərbaycanın və Rusiyanın digər nümayəndələri çıxış edəcəklər.
Forum çərçivəsində Azərbaycan Gəncləri Fondunun təqdimatı keçiriləcək, İDEA beynəlxalq ekoloji kampaniyasının fəaliyyətindən, həmçinin Azərbaycanın zəngin milli mədəniyyətindən və tarixindən bəhs edən sərgi təşkil olunacaqdır.