PDF Oxu

Əsas

  • 51

Yeni Azərbaycan Partiyası xalqın güvənc yeridir

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə bağlı Masallı rayon təşkilatının tədbirləri davam edir

Yeni Azərbaycan Partiyası xalqın güvənc yeridir

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə YAP Masallı rayon təşkilatı tərəfindən silsilə tədbirlər davam edir. YAP Masallı rayon təşkilatı tərəfindən təsdiq edilmiş tədbirlər planı və qrafiklərə əsasən növbəti tədbir Şərəfə kəndində keçirildi. YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ümummilli Lider Heydər Əliyev partiyanın yaranma zərurətindən danışıb, Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəldiyini qeyd edib:

"Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir".

S.Əliyev qeyd edib ki, cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranması tarixi - 21 noyabr 1992-ci il ictimai-siyasi və fikir dövrümüzün ən əlamətdar və unudulmaz təqvimlərindən biridir: "Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. Bununla da müstəqil dövlətimizin memarı, Ümummilli Liderimiz Heydər Əliyev yeni partiyanın təməlini qoydu və Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Elə bir zamanın ki, bu zaman hər şeyi diktə etməyə qadirdir. Yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərlərin girdaba sürükləndiyi Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi".

Ümummilli Liderin siyasi fəaliyyətinin mühüm bir hissəsi yaradıcısı və Sədri olduğu Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının zərurətdən yaranan partiya olduğu həmin dövrün xarakteristikasına diqqət yetirdikdə də aydın olur. Ümumilikdə, Azərbaycan vətəndaşlarının ictimai maraq və mənafelərinin ifadəsi olan 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" adlı müraciətində həmin dövrün səciyyəvi cəhətləri geniş təhlil olunaraq, bu inam ifadə edilmişdir ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Müraciətdə deyilirdi: "....yaratmaq istədiyiniz yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar,dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər...Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar."

Gənclər adından danışan Faiq Xankişiyev çıxış edərək, bildirib ki, bu gün nəinki ölkədə, regionda aparıcı siyasi təşkilata çevrilən YAP-ın 600 minə yaxın üzvünün 40 faizini gənclər təşkil etdiyini vurğuladı: "Gənclərin partiyaya axını bir daha bu reallığı təstiqləyir ki, onlar YAP-ın sıralarına qoşulmaqla öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət etmək üçün böyük meydan görürlər".

Əməkdar müəllim Əşrəf Mövsümov Yeni Azərbaycan Partiyasının uğurlu inkişaf yolu keçdiyini söylədi: "Yeni Azərbaycan Partiyası yaranandan cəmi 6 ay sonra yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi ali hakimiyyətə qayıtdı. Bununla partyanın inkişafında da yeni mərhələ başladı. Dahi şəxsiyyətin YAP-ın gələcəyinə olan inamı "Mən Yeni Azərbaycan Partiyası ilə bərabərəm və partiyanın bugünkü vəziyyətini görərkən çox sevinirəm və hesab edirəm ki, Yeni Azərbaycan Partiyası yaşayacaq və fəaliyyət göstərəcəkdir" fikrində aydın ifadəsini tapmışdır".

Sonra fəal YAP üzvlərindən Y.Hüseynov, N.Məmmədova, Ə.Ziyadov və başqaları çıxış edərək xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatına yeni nəfəs verdiyini, qurtuluş və tərəqqinin simvoluna çevrildiyini bildiriblər.

R.HÜSEYNOVA

Digər xəbərlər