PDF Oxu

Əsas

  • 33

YAP Masallı rayon təşkilatı fəaliyyətində daim yeniliklərə üstünlük verir

YAP Masallı rayon təşkilatı fəaliyyətində daim yeniliklərə üstünlük verir

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ərəfəsində partiyanın yerli strukturlarının fəaliyyətinin daha geniş işıqlandırılması və təbliği layihəsi çərçivəsində növbəti təqdimatımız Masallı rayon təşkilatıdır

Sədr- Seyfəddin Əliyev

Təşkilatın təsis konfransı 1993-cü il fevralın 26-da keçirilib

Təşkilat üzvlərinin sayı: 8670 nəfər

Ali təhsillilər: 2890 nəfər

İlk partiya təşkilatlarının sayı: 90

Qadınların sayı: 2366 nəfər

Gənclərin sayı: 2988 nəfər

İdarə Heyətinin üzvləri: 13 nəfər

Şura üzvləri: 45 nəfər

Nəzarət Təftiş qrupunun üzvləri: 7 nəfər

Seyfəddin Əliyev: Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafı prosesinə boyük töhfələr verir

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı partiyanın respublikada yaradılan ilk rayon təşkilatlarından biridir. Rayon təşkilatının təsis konfransı 26 fevral 1993-cü il tarixində keçirilib. 1993-cü ilin fevralından ötən dövr ərzində isə təşkilat böyük inkişaf yolu keçib. Bu inkişaf həm kəmiyyət, həm də keyfiyyət baxımından özünü göstərir. Xatırladaq ki, 1993-cü ildə təşkilat üzvlərinin sayı 131 nəfər olduğu halda, hazırda bu göstərici 8670 nəfər təşkil edir.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirir ki, təşkilat öz işlərini partiyanın Nizamnaməsi əsasında quraraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Onun sözlərinə görə, 90 ərazi ilk partiya təşkilatı özündə 8670 nəfər üzvü birləşdirir. Təşkilatda qadınların sayı 2366 nəfər, gənclərin sayı isə 2988 nəfərdən ibarətdir. Eyni zamanda, təşkilatın aparatında 9 nəfər ştatlı işçi fəaliyyət göstərərək partiya işlərini yerinə yetirirlər.

Yeni Azərbaycan Partiyası 20 illik yubileyi ilə bağlı tədbirlərə start verilib

S.Əliyevin sözlərinə görə, artıq Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı partiyanın 20 illik yubileyi ilə bağlı tədbirlərə start verib. Belə ki, oktyabrın 2-də rayonun Mahmudavar kəndində, oktyabrın 3-də isə Boradigah qəsəbəsində tədbirlər keçirilib, müəyyən edilmiş qrafikə uyğun olaraq rayonun digər ərazilərində də tədbirlər davam edəcək.

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi ilə əlaqədar həmçinin, oktyabrın 2-də Masallı Olimpiya Kompleksində cənub bölgəsi üzrə - Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarını təmsil edən komandalar arasında mini-futbol turniri start götürüb.

Təşkilat üçün inşa olunan yeni bina yüksək standartlara cavab verəcək

Onu da qeyd edək ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni inzibati binası da inşa olunur. Yeni binada fəaliyyət üçün yüksək şərait yaradılacaq, maddi-texniki cəhətdən tam təchiz ediləcək. Sədr hesab edir ki, bu əzəmətli yeni bina tikilib istifadəyə veriləndən sonra iş məsuliyyəti də birə beş artacaq. "Rayon təşkilatımızda birləşən 90 ərazi ilk partiya təşkilatı ilə birgə partiya rəhbərliyinin verdiyi bütün tapşırıqların öhdəsindən layiqincə gələcəyik"- deyə, S.Əliyev əmin edir.

"Müstəqillik tariximiz göstərdi ki, xalqımız öz qələbələri ilə dünya sivilizasiyasına layiqli töhfələr verməyə qadirdir"- deyən, təşkilat sədrinin fikrincə, bu tohfələrin qazanılmasında Yeni Azərbaycan Partiyasının boyük rolu vardır. S.Əliyev qeyd edir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu inkişafa görə Yeni Azərbaycan Partiyasına borcluyuq. "Bu gün Azərbaycan Respublikası günü-gündən inkişaf edir, güclənir. Üzümüzə açılan hər səhəri yeni-yeni uğurlarla, zəfərlərlə qarşılayırıq. Ölkəmizin hər yerində quruculuq işləri geniş vüsət alıb, yüzlərlə təhsil, səhiyyə, mədəniyyət ocaqları inşa edilir. Vətəndaşları narahat edən sosial problemlər öz həllini tapır. Əlbəttə ki, əsası Ulu Öndər Heydər Əliyev tətəfindən qoyulmuş və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən bu inkişaf kursu Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır"- təşkilat sədri bildirir.

Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatı ictimaiyyətlə də sıx münasibətlər qurub. Təşkilatın qərargahı bütün iş günləri insanların üzünə açıqdır. S.Əliyevin sözlərinə görə, insanlar ən müxtəlif məsələlərlə bağlı partiya qərargahına müraciət edirlər ki, onların müraciətlərinə həmişə diqqətlə yanaşılır. Müəyyən məsələlər Yeni Azərbaycan Partiyasının Masallı təşkilatı və rayonun müvafiq icra strukturları birgə həll edir. Təşkilat sədri qeyd edir ki, YAP-ı Masallı rayonu üzrə Milli Məclisdə təsmil edən deputat Nəriman Əliyev də daim insanların sosial məsələləri maraqlanır.

Nəriman Əliyev: Yeni Azərbaycan Partiyası xalqın partiyası kimi yaranıb və xalqın partiyası kimi fəaliyyət göstərir

Yeri gəlmişkən, Milli Məclisin deputatı Nəriman Əliyev də həmişə partiyanın yerli təşkilatı ilə sıx təmasdadır. O rayon əhalisi, seçicilərlə görüşlərinin əksəriyyətini təşkilatın qərargahında keçirir. Nəriman Əliyev bildirir ki, Yeni Azərbaycan Partiyası xalqın partiyası kimi yaranıb və xalqın partiyası kimi də fəaliyyət göstərir. Onun sözlərinə görə, insanların daha çox partiyaya müraciətlər etməsinin əsasında da bu amil dayanır: "20 il öncə Ulu öndərimiz Heydər Əliyev məhz cəmiyyətimizin aparıcı təbəqəsi olan ziyalıların, xalqın gələcək taleyini düşünən ayrı-ayrı insanların xahişi ilə Yeni Azərbaycan Partiyasını yaratdı. Yarandığı zamandan etibarən partiya daim insanların mövqeyindən çıxış edib, xalqın maraqlarını ifadə edib. Elə bu səbəbdən də, partiyamız qısa müddət ərzində hakimiyyətə gəlib. Artıq 20 illik yubileyinə hazırlaşdığımız Yeni Azərbaycan Partiyası ötən müddət ərzində böyük və şərəfli yol keçib. Bu gün Yeni Azərbaycan Partiyası nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Hörmətli Prezidentimiz, cənab İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsini yaşayır".

Azərbaycanın sürətlə inkişaf etdiyini deyən millət vəkilinin fikrincə, Yeni Azərbaycan Partiyasının üzvləri bu inkişaf prosesində fəal iştirak edirlər. Bu gün dünya Azərbaycanı bəşəri dəyərlərə malik olan, gələcəyə baxış müstəvisindən çox inkişaf etmiş ölkə kimi qəbul edir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyasının müəllifi olduğunu deyən deputat qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası həmin strategiyanı uğurla irəli aparır və daim üzərində bu şərəfli missiyanı hiss edir.

Nəriman Əliyev deyir ki, bu mənada Masallı rayonunda həyata keçirilən abadlıq və quruculuq işlərində də partiya üzvləri yaxından iştirak edirlər. "Mən YAP üzvü kimi Milli Məclisdə təmsil olunuram. Və millət vəkili seçilməyimdə rayon təşkilatı böyük fəallıq göstərərək təbliğat işlərini həyata keçirdi. Əlbəttə ki, bütün görülən işlər, qazanılan uğurlar partiyamızın adı ilə bağlıdır. İnsanlarla görüşlərimiz zamanı da partiyamızın Azərbaycanın inkişafındakı rolu xüsusi vurğulanır. İnsanların partiya təşkilatına gəlib müraciət etmələri də təsadüfi deyil, çünki Yeni Azərbaycan Partiyası xalq üçün çalışır. Biz də öz fəaliyyətimizlə həm partiya rəhbərliyinin, həm də insanların etimadını doğrulmağa çalışırıq. YAP Masallı rayon təşkilatı bu mənada işini düzgün quraraq insanlarla birgə işləyir"- N.Əliyev qeyd edir.

Təşkilat ideya-siyasi təbliğat işlərinə böyük önəm verir

Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədr müavinləri Səfalı Paşayev və Aygün Quliyeva da partiya işinin çox məsuliyyətli olduğunu vurğulayıblar. Sədr müavinləri YAP Masallı rayon təşkilatının ideya cəhətdən də möhkəmləndiyini deyərək qeyd ediblər ki, təşkilat üzvləri Heydər Əliyev ideyalarının, respublikamızın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinin təbliğatı ilə fəal məşğul olurlar.

Təşkilatın aparatının işçiləri də üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. YAP Masallı rayon təşkilatı aparatının rəhbəri Qəşəm Hadıyev bildirir ki, təlimatçılar fəaliyyətdə olan 90 ərazi ilk partiya təşkilatı ilə müntəzəm əlaqə saxlayırlar. Təlimatçılar ərazi ilk təşkilatlarının tədbirlərində mütəmadi iştirak edir, YAP-a qəbul məsələlərində, işlərin keyfiyyətinin yüksəlməsində, üzvlük haqqlarının toplanmasında ərazi ilk təşkilat sədrlərinə əməli köməklik göstərirlər.

YAP Masallı rayon təşkilatının Qadınlar Şurası ilə Gənclər Birliyi də uğurlu fəaliyyət göstərir.

Qadınlar 20 illik yubiley tədbirlərində fəal iştirak edirlər

YAP Masallı rayon təşkilatının Qadınlar Şurasını sədri N.Aslanova bildirir ki, şuranın üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Onun sözlərinə təşkilatın Qadınlar Şurası öz fəaliyyətini genişləndirərək qadınların ictimai-siyasi fəallıqlarının artırılması ilə bağlı müxtəlif tədbirlər təşkil edib, siyasi mövzular ətrafında dəyirmi masalar keçirib, onların respublika səviyyəli tədbirdə iştirakını təmin edib: "Ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının II qurultayında qadınların ailədə də, cəmiyyətdə də, həlledici rola malik olduğunu qeyd etdi. Doğurdan da, qadınların Yeni Azərbaycan Partiyasına axınının getdikcə güclənməsini şərtləndirən amillərdən biri onlara diqqət və qayğı göstərilməsi, Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticələridir. Eləcə də, partiyanın III qurultayında şəhər və rayon təşkilatlarının qadınlar şuralarının fəallığının artırılmasına diqqətin gücləndirilməsi, qadınların dövlət idarəetmə orqanlarında irəli çəkilməsinə dəstək verilməsi fikirləri səsləndi. Bizim qadınlarla keçirdiyimiz bütün tədbirlər də bu məqsədə xidmət edir".

N.Aslanova qeyd edir ki, Yeni Azərbaycan Partiyasının qadınlarımıza olan xüsusi diqqət və qayğısından irəli gələrək rayonun partiya üzvü olan fəal qadınları partiya aparatında, dövlət qulluğunda, yerli idarəetmədə, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə rəhbər vəzifədə çalışırlar. Həmçinin, qadınlar iş adamları kimi çalışaraq rayonun sosial-iqtisadi həyatında yaxından iştirak edir, dövlət proqramlarının yerinə yetirilməsində səylərini əsirgəmirlər. Bu istiqamətdə aparılan işlərdə Masallı rayon rəhbərliyi yaxından dəstək verir. N.Aslanovanın sözlərinə görə, qadınlar partiyamızın 20 illik yubileyi ərəfəsində keçirilən tədbirlərdə çox fəallıq nümayiş etdirirlər".

Gənclər sosial şəbəkələrdə fəaliyyət göstərməyə daha çox maraqlıdırlar

YAP Masallı rayon təşkilatının Gənclər Birliyi də ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Təşkilatın Gənclər Birliyinin sədri Seymur Nuriyev bildirir ki, cəmiyyətin aparıcı qüvvəsi olan gənclər daim yenilikçi təşəbbüslərlə çıxış edir. Onun sözlərinə görə, birliyin üzvləri sosial şəbəkələrdə fəallıq göstərərək partiyamızın mənafeyini ifadə edir və eyni zamanda Ümummilli liderimiz Heydər Əliyev ideyalarının fəal təbliğatçılarıdırlar. Bununla yanaşı, sosial şəbəkələrdə Prezident İlham Əliyevin siyasətinin təbliğatına xüsusi diqqət yetirilir. "Gənclərin bu fəallığı rayon müstəvisində partiyamızın işinə inam və etimadı daha gücləndirir"- Gənclər Birliyinin sədri qeyd edir.

Təşkilatın aparatında çalışan təlimatçılar isə ərazi ilk partiya təşkilatları ilə daha sıx təmasdadırlar. Bu amil isə ümumi işin keyfiyyətini daha da artırır.

Ümumiyyətlə, YAP Masallı rayon təşkilatı fəaliyyətində bir çox yeniliklərə üstünlük verir. Bu amil isə təşkilatın daha çevik bir struktur kimi inkişafına əhəmiyyətli təsir göstərir.

yap.org.az

Digər xəbərlər