PDF Oxu

Əsas

  • 38

II Bakı Beynəlxalq Humanitar Forumu hələ də dünya mətbuatının diqqət mərkəzindədir Bu möhtəşəm tədbirə həsr olunmuş növbəti məqalə Rusiyanın nüfuzlu “Mejdunarodnaya jizn” jurnalında dərc edilib

II Bakı Beynəlxalq Humanitar Forumu hələ də dünya mətbuatının diqqət mərkəzindədir Bu möhtəşəm tədbirə həsr olunmuş növbəti məqalə Rusiyanın nüfuzlu “Mejdunarodnaya jizn” jurnalında dərc edilib

Oktyabrın 4-5-də Bakıda keçirilmiş II Bakı Beynəlxalq Humanitar Forumu hələ də dünya mətbuatının diqqət mərkəzindədir. Bu möhtəşəm tədbirə həsr olunmuş növbəti məqalə RF Xarici İşlər Nazirliyi tərəfindən rus, ingilis, fransız, alman və çin dillərində nəşr olunan nüfuzlu "Mejdunarodnaya jizn" ("İnternational affairs") jurnalında dərc edilmişdir. AzərTAc forumda müzakirə edilən qlobal problemlərin aktuallığını nəzərə alaraq həmin jurnalda dərc edilmiş "Bakı dünya humanitar məkanının mərkəzinə çevrilir" sərlövhəli məqaləni oxuculara təqdim edir. Məqalənin müəllifi İTAR-TASS Agentliyinin xarici siyasət xidmətinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri, Bakı forumunun iştirakçısı Səadət Kadırovadır.

Azərbaycan paytaxtındakı Heydər Əliyev Mərkəzində keçirilmiş İkinci Bakı Beynəlxalq Humanitar Forumunda görkəmli siyasətçilər, alimlər, mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edirdi. Rusiya da daxil olmaqla dünyanın 70 ölkəsindən Forumda iştirak edən 600-dən çox nümayəndə arasında 11 Nobel mükafatı laureatı, 10 sabiq dövlət başçısı, görkəmli incəsənət və mədəniyyət xadimləri, siyasətçilər, alimlər, habelə dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri vardı. Təşkilatçıların sözlərinə görə, Forumun qonaqlarının bu cür sanballı tərkibi bütün dünyada humanitar sahələrə, mədəniyyətlərin toqquşması və multikulturalizm problemlərinə, habelə bütövlükdə bu regiona marağın artması amilləri ilə bağlıdır. Bəzi ekspertlərin "intellektual Davos" adlandırdığı bu beynəlxalq humanitar forum əslində ilk dəfə 2010-cu ilin yanvar ayında Bakıda keçirilmiş Rusiya-Azərbaycan Humanitar Forumundan yaranmışdır. Həmin Forum başa çatandan sonra hər iki dövlətin başçılarının təşəbbüsü ilə bu tədbiri beynəlxalq foruma çevirmək, ondan müasir dövrün qlobal problemlərinin müzakirəsi üçün bir məkan kimi istifadə etmək qərara alınmışdır. Keçən ilin payızında yeni formatda keçirilən birinci forumda 20-dən çox ölkəni təmsil edən məşhur siyasətçilər, alimlər, mədəniyyət xadimləri iştirak edirdi. İndi bu forum Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə hər il keçirilir. Təsisçilərin nəzərdə tutduğu ideyalar insan fəaliyyətinin, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrinin humanitar aspektlərini dərk etmək cəhdi olmaqla forum iştirakçılarının çıxışlarında öz əksini tapır. Ötən forumun mövzularının aktuallığı Azərbaycan Prezidenti İlham Əliyevin tədbirin açılış mərasimində çıxışında da diqqəti cəlb edirdi. Prezident mültikulturalizmin, mədəniyyətlərin dialoqunun əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, onlar qarşılıqlı anlaşmaya, çox sürətlə dəyişməkdə olan texnologiyalar aləmində yaşayan siyasətçilərin məsuliyyətinə təkan verməlidir. Bu aləmdə etik və humanitar dəyərlər sosial həyatda baş verən dəyişikliklərdən geri qalmamalıdır. Humanitar sahədə diskussiyalar, ideya və təcrübə mübadiləsi üçün forumda səkkiz mövzu üzrə dəyirmi masalar təşkil edilmişdir: "İqtisadi inkişafın humanitar aspektləri", "Konvergent texnologiyalar və gələcəyin konturları", "Müasir kütləvi informasiya vasitələri və yeni çağırışlar", "Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi", "XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar", "Müasir səhiyyəyə baxışları dəyişən texnologiyalar və molekulyar biologiya", "Multikulturalizm və mədəni özünüdərk", "Cəmiyyətin həyatında multikulturalizm".

Rusiya tərəfindən bu forumda RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iştirak etmişdir. O demişdir: "Mənim fikrimcə, iştirakçıların tərkibindən aşkar görünür ki, bu forum dünya birliyinin ən müxtəlif dairələrində, peşəkar, regional, habelə UNESCO kimi qlobal təşkilatlar, ərəb Şərq ölkələri, türkdilli dövlətlər arasında yüksək maraq doğurur. Şübhə yoxdur ki, bu qədər çoxsaylı sabiq prezidentlərin, Nobel mükafatı laureatlarının bir yerə toplaşması heç də hər forumda müşahidə olunmur".

Forumun yekunlarına əsasən bəyannamə qəbul edilmişdir. Forum iştirakçıları siyasi və elmi elitanı, nüfuzlu beynəlxalq strukturları dinamik qloballaşan cəmiyyətdə humanitar problemlərə xüsusi diqqət yetirməyə çağırmışlar. Diskussiyaların iştirakçıları "bugünkü texnologiyaların nəinki dünya siyasətini, cəmiyyətləri, milli mədəniyyətləri, hətta insan fenomeninin özünü belə köklü şəkildə dəyişmək iqtidarında olduğunu" qeyd etmişlər. "Müasir cəmiyyətin həyatında kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin rolunun getdikcə artması ilə bağlı meydana çıxan problemlərə yeni yanaşmaların tələb olunması" sənəddə xüsusi vurğulanmışdır. Bakıya toplaşmış ekspertlərin qənaətinə görə, "yaranmış şəraitdə mədəniyyət hər bir insan üçün və bütövlükdə bəşəriyyət üçün taleyüklü əhəmiyyət kəsb edir". Onlar bir məqama xüsusi diqqət yetirmişlər ki, müasir təbabətə və molekulyar biologiyaya baxışları dəyişən bio-, nano-, info- və digər texnologiyaları "yeni humanitar etikanın formalaşdırılması məsələsini son dərəcə aktuallaşdırır". Bakı forumunun iştirakçıları burada aparılmış fikir mübadiləsindən, diskussiyalardan razı qaldıqlarını və belə forumların hər il keçirilməsinin zəruriliyinə inandıqlarını bildirmişlər.

Digər xəbərlər