\r\n
\r\n
\r\n Azərbaycanda həyata keçirilən güclü maliyyə siyasəti və iqtisadi inkişaf dinamikası, eyni zamanda, ixrac potensialının yüksək artımı respublikamızın maliyyə sabitliyinin möhkəmlənməsinə dərin zəmin yaradıb və eyni zamanda, valyuta gəlirlərinin çoxalmasını təmin edib. 2012-ci ilin ötən 9 ayı ərzinə ölkəmizin strateji valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artmı baş verib və maliyyə ehtiyatlarının həcmi 45 milyard dollara çatıb. İlin əvvəlindən ötən müddətdə valyuta ehtiyatları 5 milyard dollardan çox artıb. Bu, orta inkişafa malik dövlətlərin müvafiq göstəriciləri sırasında ən yüksək göstəricidir. Eyni zamanda, MDB regionunda ən pozitiv inkişaf indikatorunun əlamətidir. Bu, ölkənin davamlı inkişafı üçün güclü zəmanətdir.
\r\n
\r\n Hazırda Azərbaycanın valyuta ehtiyatlarıümumi daxili məhsulun (ÜDM) 70 faizinə çatır ki, bu göstərici üzrə ölkəmiz dünyada ilk onbeşlikdədir. Onu da qeyd edək ki, respublikamız bu vəsaitlərin beynəlxalq maliyyə bazarlarında idarəetməyə verilməsindən də illik böyük həcmdə dividend əldə edir. Azərbaycan hökuməti valyuta portfelindəki rezervlərin bir hissəsini dünya maliyyə strukturlarında yerləşdirərək beynəlxalq idarəetməyə verib və ötən dövrdə ehtiyatlardan əldə olunan gəlirlər 500 milon dollardan çox olub. Strateji ehtiyatların artmasında və ölkəmizin maliyyə imkanlarının yaxşılaşmasında vəsaitlərin idarə olunması ən perspektivli və yüksək gəlir gətirən sahə hesab olunur. Dövlət başçısının tapşırığına uyğun olaraq bu ehtiyatlarların şaxələndirilməsinin həyata keçirilməsinə də başlanıb. Burada əsas məqsəd etibarlılıq, valyuta ehtiyatlarının idarə olunmasının səmərəliliyinin daha da artırılmasıdır.
\r\n
\r\n Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı ölkəmizdə maliyyə sabitliyinin və makroiqtisadi inkişaf göstəricilərinin stabil qaldığını, bu indikatorların daha da yüksəldilməsinin vacibliyini bildirib. Dövlət başçısı hazırda Azərbaycanın dinamik inkişaf edən ölkə kimi Davos İqtisadi Forumunun hesabatında makroiqtisadi sabitliyə görə dünya miqyasında 18-ci yerdə olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bu sahədə sabitliyi qorumaq, inflyasiya riskləri minimuma endirmək üçün müvafiq dövlət qurumlarına tövsiylərini verib, 2012-ci ili daha yüksək iqtisadi artımla başa vurmağın zəruriliyinə toxunub.
\r\n
\r\n 2012-ci ilin ötən 9 ayının makroiqtisadi göstəricilərinə nəzər saldıqda, ölkəmizin hərtərəfli inkişafını müşahidə etmək olar. 2012-ci ilin ötən dövründə iqtisadiyyatın artım dinamikası davam edib və ölkəmizin əsas iqtisadi inkişaf göstəricisi olan ümumi daxili məhsul təxminən 47 milyard manata çatıb. Bu, dollar ekvivalenti ilə 55 milyard dollardan çox bir vəsaitdir və böyük maliyyə göstəricisi sayıla bilər. Əsas məsələ ondadır ki, artıq ÜDM-in çəkisində qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının payı yüksəlməkdə davam edir. İqtisadiyyatda başlıca şərtlərdən biri olan makroiqtisadi sabitlik yüksək səviyyədədir, neft sektorunda azalma baş versə də, qeyri-neft bölməsindəki 10 faizdən çox artım hesabına iqtisadi temp 1,1 faiz yüksəlib. Bu isə, onu göstərir ki, Azərbaycan iqtidarının neft gəlirlərinin neftdən kənar sahələrin inkişafına yönəldilməsi ilə bağlı strateji planı öz müsbət nəticələrini verməkdədir. Ötən 9 ayda sosial siyasətin ən mühüm istiqamətləri üzrə əhəmiyyətli tədbirlər görülüb, insanların maaş və pensiyaları artırılıb, digər sosial qrupların sosial müdafiəsi gücləndirilib. Qeyd olunan dövrdə əhalinin gəlirləri 12 faiz artaraq 28,4 milyard manata, onun hər nəfərə düşən məbləği isə 19 faiz çoxalaraq 3114 manata çatıb. Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 12 faiz artaraq 400 manata çatıb. Bütün bunlar dövlətin vətəndaşlara böyük diqqət və qayğısının təntənəsi sayıla bilər.
\r\n
\r\n İllik iqtisadi artımın təxminən 6-7 faiz olması, maliyyə və makroiqtisadi sabitliyin indiki templə saxlanması, valyuta rezervlərinin il ərzində 5-10 milyard manat artması və digər makro amillər Azərbaycanın \"orta gəlirli ölkələr\" qrupunun daha yüksək şkalasına çatmasına baza yaradır. Azərbaycan bu meyarlara 2015-ci ilə qədər nail olacaq. 2015-ci ildən sonrakı dövrədə isə respublikamızın qarşıya qoyduğu strateji hədəf \"yüksək gəlirli dövlətlər qrupu\"nda yer almaqdan ibarətdir. Qarşıdakı illərin sosial-iqtisadi proqnozları və yeni inkişaf ssenariləri ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən xəbər verir.
\r\n
\r\n Hazırda Avropa və MDB məkanında investisiya qoyuluşlarının həcminin azalması müşahidə olunur, amma Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi çıxış edir. Bu gün xarici investorların Azərbaycana marağı kifayət qədər böyükdür və bunun başlıca səbəbləri, əlbəttə ki, ölkəmizdə investisiya mühitinin əlverişliliyi, investorların hüquqlarının ən yüksək səviyyədə qorunması və bu qəbildən olan digər amillərdir. Doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulub ki, bu da çox yüksək göstərici sayıla bilər.
\r\n
\r\n Hökumət artıq 2013-cü ilin sosial-iqtisadi inkişaf ssenarilərini və qarşıda duran planları da müzakirə edir. Gələn il iqtisadiyyatda artım tempini daha da artırmaq, insanların sosial yaşayış şəraitini yüksəltmək, invesitiya proqramlarını genişləndirmək və digər tədbirlər nəzərdə tutulur. Prezident İlham Əliyev bildirib ki, hökumət 2013-cü ildə qarşıya qoyulan tədbirləri maksimum səviyyədə yerinə yetirməlidir. \"Biz gələn ilin sosial-iqtisadi konturlarını indidən özümüz üçün müəyyən etməliyik. Əslində, bunu müəyyən edirik. Elə etməliyik ki, gələn il də makroiqtisadi vəziyyət sabit olaraq qalsın\" deyə bildirən dövlət başçısı bütün iqtisadi və sosial proqramların icrasının yüksək səviyyədə yerinə yetirilməli olduğunu xatırladıb.
\r\n
\r\n Azərbaycan hazırda regionda makroiqtisadi indikatorlar üzrə ən sabit və maliyyə dayanıqlığına malik, davamlı layihələr həyata keçirən ölkə hesab olunur. İqtisadi inkişaf sahəsində yeni vəzifələr, yeni məqsədlər və yeni çağırışlar meydana çıxıb. Bu vəzifələr əsas etibarilə, davam edən iqtisadi inkişaf dinamikasını yüksəltmək, güclü maliyyə sabitliyi potensialını möhkəndirmək, inflyasiyanın birrəqəmli həddə saxlamaq, iqtisadiyyatın çoxşaxəliliyinin təmin etmək və sosial infrastruktur, investisiya layihələrinin davamlılığına nail olmaqdan ibarətdir. 2013-cü ilin ekonomik ssenariləri mövcud maliyyə resursaları və dövlət büdcəsi bütün sosial və iqtisadi hədəflərə çatmağa imkan verir. Eyni zamanda, ölkəmizin qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf proqnozları ilə bağlı makroiqtisadi göstəricilər də perspektiv uğurlardan xəbər verir. Ən əsası odur ki, gələn ilin dövlət büdcəsi respublikamızın inkişaf strategiyasını əks etdirməklə, mühüm iqtisadi və sosial prioritetlərin reallaşmasına əhəmiyyətli dərəcədə baza yaradır. Büdcə layihəsi ölkəmizin sosial, iqtisadi, investisiya bölmələrində əhatəli və davamlı layihələrin həyata keçirilməsini nəzərdə tutan güclü maliyyə resurslarına söykənir. Ölkənin sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq 2013-ci ildə ölkəmizdə ümumi daxili məhsulun 3,7 faiz artacağı proqnozlaşdırılır. İqtisadi artım qeyri-neft sektoru hesabına baş verəcək. Neftdən kənar sahələrin sektorial artım dinamikası ölkəmizin qeyri-neft məhsulları üzrə ixrac potensialının əhəmiyyətli dərəcədə artımı üçün real zəmin yaratmış olacaq.
\r\n
\r\n
\r\n
\r\n "Səs" Analitik Qrupu