YAP-ın 20 illiyi ilə bağlı Ağatafa rayon təşkilatı ağacəkmə kampaniyası keçirib
Respublikamızın bütün regionlarında mühüm və tarixi hadisə - Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. YAP Ağstafa rayon təşkilatı da bu tarixi bayramla bağlı ardıcıl olaraq tədbirlər keçirir. Rayon təşkilatı idarə heyətinin təsdiq etdiyi tədbirlər planı və qrafiklərə əsasən növbəti ağacəkmə kampaniyası keçirib.
Mərasimdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov partiyanın yaranma tarixindən, inkişafından bəhs edərək, Yeni Azərbaycan Partiyasının 20 il ərzində şərəfli yol keçdiyini vurğuladı: "Ötən 20 ildə Yeni Azərbaycan Partiyası mühüm hadisələr, qələbələrlə dolu, zəngin, şərəfli bir tarix yaşayıb, davamlı inkişaf yolu keçib. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarını rəhbər tutaraq xalqın sağlam qüvvələrini öz ətrafında birləşdirməklə, dövlətçiliyə və millətə xidmət göstərir.
R.Tatarov onu da vurğuladı ki, kampaniyada rayon təşkilatının müxtəlif ərazi ilk partiya təşkilatlarından 70 nəfər partiya fəalları iştirak edib: "Tədbir iştirakçıları tərəfindən Bakı-Qazax magistral avtomobil yolunun kənarına 250 ədəd sərv şamı əkilib. Qeyd edim ki, bu kimi kampaniyaların davamlı olaraq keçiriləcək. Müvafiq bayramlarda, xüsusilə bu kimi yubiley ərəfəsində yaşıllığın mühafizəsi istiqamətində keçirdiyimiz ağacəkmə kampaniyaları davamlı olaraq həyata keçirilir. Bu həm də YAP-ın 20 illiyi ilə bağlı keçirilən növbəti aksiyadır. İnanırıq ki, hər bir sakin bir vətəndaş kimi belə uğurlu işlərin keçirilməsində yaxından iştirak edib və edəcək".
R.KAMALQIZI