YAP Xızı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yubileyi ilə bağlı silsilə tədbirlər keçirir
Dünən YAP Xızı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının 20 illiyi ilə bağlı tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə tər gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev yubiley münasibətilə siyasi həmfikirlərinə səmimi təbriklərini çatdırıb. F.Haqverdiyev bildirib ki, bu gün Azərbaycanın hamını heyrətləndirən iqtisadi inkişafında fəal iştirak edən, birlik, həmrəylik, demokratiya uğrunda mübarizədə mətinləşən, hər zamanın partiyası olduğunu real işi ilə doğruldan YAP-ın cəmiyyətdə möhkəmlənən mövqeyi var. Partiyanın yarandığı o çətin anları xatırlayan, tarixə "91-lər"in xidməti kimi yazılan, ölkənin tanınmış ziyalılarının Ulu Öndərə müraciətini bugünkü xoşbəxt, firavan həyatımız üçün çəkilən zəhmət adlandıran rayon təşkilatının sədri F.Haqverdiyev vurğulayıb ki, ermənilər tərəfindən blokadaya alınmış Naxçıvan MR Ali Məclisinin Sədri işləsə də, tək muxtar respublikanın sosial-iqtisadi problemlərinin həlli ilə deyil, ümumilikdə, Azərbaycanın müstəqilliyinin əbədi olması naminə tarixi xidmətlər göstərən Ulu Öndər Heydər Əliyevin qətiyyəti ilə yaranan Yeni Azərbaycan Partiyasını təsadüfən milyonların partiyası adlandırmırlar.
F.Haqverdiyev YAP Xızı rayon təşkilatının 26 fevral 1993-cü ildə yaranarkən 21 nəfər olduğunu, sonradan isə xalqın Yeni Azərbaycan Partiyasına axının artdığını bildirib: "Bu gün 41 ilk ərazi təşkilatında 1731 nəfər partiya üzvü var ki, onun da 828 nəfəri qadınlar, 828 nəfəri isə gənclərdir".
Tədbirdə Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov, YAP Siyasi Şuranın üzvü, millət vəkili Mirkazım Kazımov, YAP Xızı rayon təşkilatının qadınlar şurasının sədri S.Rüstəmov və YAP-ın məsul işçisi Həsən Daşdəmirov çıxış edərək Azərbaycanın çiçəklənməsi və inkişafı yolunda Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti ətrafında daha sıx birləşəcəklərini söyləyiblər.
Tədbirin sonunda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul edilib. Sonda Xızı rayon mədəniyyət və turizm şöbəsinin nəzdində fəaliyyət göstərən "Xızı dağları" ansambılı konsert proqramı ilə çıxış edib.
R.HÜSEYNOVA