PDF Oxu

Əsas

  • 37

Heydər Əliyev: "Müstəqillik Azərbaycan xalqının tarixi nailiyyətidir"

"Səs" qəzetinin redaksiyasında Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Heydər Əliyev: "Müstəqillik Azərbaycan xalqının tarixi nailiyyətidir"

Dünən "Səs" qəzetinin redaksiyasında 18 Oktyabr Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub. Dəyirmi masada YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev, millət vəkilləri Musa Urud, Etibar Hüseynov, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu, politoloq Cümşüd Nuriyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev bildirib ki, 18 Oktyabr Dövlət Müstəqilliyi Günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Müstəqillik böyük bir nemətdir və onu qazanmaq da Azərbaycana ağır mübarizələr, böyük çətinliklər hesabına başa gəlib. Ancaq Ulu Öndərin sözləri ilə desək, "Müstəqilliyi əldə etmək çətindir, ancaq onu qoruyub saxlamaq ondan da çətindir". Bu fikirləri əsas tutaraq, istərdim ki, dəyirmi masada iştirak edən dəyərli qonaqlarımız ötən 21 ilə nəzər salaq. Bu illər ərzində hansı uğurlar, hansı problemlər, hansı nailiyyətlər əldə olunub. Həm hüquqi bazamızın formalaşması yolunda, iqtisadi, siyasi, sosial yöndə aparılan işləri, qazanılan uğurları gözdən keçirək.

Musa Urud:

- İstəyərdim fikrimə Ulu Öndərin sözləri ilə başlayam: "Müstəqillik Azərbaycan xalqının tarixi nailiyyətidir, Azərbaycan xalqının milli sərvətidir". Müstəqillik hər bir dövlətin həyatında çox böyük bir hadisədir, hər bir xalqın ömrü boyu arzuladığı və göz bəbəyi kimi qoruduğu bir sərvətdir. Şübhəsiz ki, bu gün biz 18 oktyabrdan, müstəqil, demokratik Azərbaycan Cümhuriyyətinin bərpasından danışmalıyıq. 1991-ci ildə imzalanan aktla biz müstəqil Azərbaycanı Cümhuriyyətin varisi elan etdik və 70 ildən sonra müstəqilliyimiz bərpa olundu. Mənim fikrimcə, müstəqillik uğrunda mübarizəni nə kiçiltmək, nə də həddindən artıq şişirtmək lazımdır. Hər halda ortada fakt var ki, Azərbaycan xalqı 1988-ci ildən müstəqillik əldə olunana qədər bu mübarizəni apardı. Digər MDB ölkələrində bu proses bir az fərqli baş verib. Amma Azərbaycan xalqı Qarabağ hadisələri fonunda bu mübarizəni apardı və Qarabağ çağırışları sonda müstəqillik çağırışlarına çevrildi. Düzdür, uğursuzluqlarımız da oldu. 20 Yanvar faciəsi baş verdi, hakimiyyətlə Xalq Cəbhəsi arasında anlaşılmazlıqların olması müəyyən problemlər yaratdı. Amma hər halda biz müstəqillik əldə etdik.

Müstəqilliyimizin ilk illəri çox ağır keçib. Çünki o dövrdə müstəqil dövlət qurmağı bacara, formalaşdıran təcrübəli insanlar, kadrlar yox idi. Olanlar da yaxına buraxılmırdı. Bundan sonra baş verən məlum hadisələr, faciələr və nəhayət, 1993-cü il hadisələri, Xalq Cəbhəsi-Müsavat cütlüyü hakimiyyətinin iflasa uğraması və xalqın təkid və tələbi ilə Heydər Əliyevin respublika rəhbərliyini öz üzərinə götürməsi, ondan sonrakı olaylarda hamımızın gözü qarşısındadır.

O ki qaldı hüququ bazanın formalaşmasına, elə ən birinci hüquqi baza müstəqillik aktıdır, onun hazırlanması, elan olunması, ondan sonrakı proseslərdir. Daha sonra müstəqil Azərbaycanın konstitusiyasının qəbul olunmasını və qəbuldan sonrakı qanunların hazırlanıb qəbul edilməsi, Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması və beynəlxalq təşkilatlarda tərəfdaş kimi gündən-günə nüfuzunun artması, nəhayət, 20 il ərzində Azərbaycanın dünyada nəinki özünü müstəqil dövlət kimi təsdiq etməsi, regionda aparıcı dövlətə çevrilməsi, ümumiyyətlə, bütün bunları Heydər Əliyev siyasətinin müstəqil Azərbaycan dövlətinin quruculuğunda verdiyi bir töhfə kimi qiymətləndirməliyik.

Cümşüd Nuriyev:

- Həmin dövrdə dünyanın düzəni dəyişmək istiqamətində idi. Əvvəla Qərb dövlətlərinin, başda ABŞ olmaqla yeni bir layihəsi var idi. Bu, sosializm düşərgəsini dağıtmaq layihəsi idi. Əslində, müstəqilliyə gedən yolda Azərbaycan xalqını bu hadisələrdə aparıcı siyasi qüvvəyə çevrilməyə məcbur etdilər. Ermənistanda yaşayan azərbaycanlıların dədə-baba yerlərindən sıxışdırılıb çıxarılması, etnik təmizləmə prosesinin başlanması və Dağlıq Qarabağın 19 fevralda Ermənistana birləşdirilməsi qərarı istər-istəməz bu hadisələrin əvvəlcədən hazırlandığını birmənalı şəkildə ortaya qoymuşdu. Yəni burada Azərbaycan xalqının rolunu danmaq mümkün deyil, amma eyni zamanda, demək olmaz ki, hər şeyi yalnız Azərbaycan xalqı edib. Guya SSRİ-ni biz dağıtmışıq, əslində, belə bir şey yoxdur. SSRİ-nin dağılmasının qarşısını almaqdan ötəri edilən son çağırışların biri də o idi ki, mart ayının 17-də ittifaqın qalması ilə bağlı referendum keçirilsin və həmin qərar layihəsi Ali Sovetdə müzakirə olundu. Həmin vaxt 360 deputatın 340-ı iclasda iştirak edirdi. Cəmi 43 deputat müstəqilliyə "hə" dedi, onların içərisində iqtidarda olan cəmi 5 nəfər idi. Birincisi Heydər Əliyev idi. Mən də o qərar layihəsinin əleyhinə səs verdim və sonradan bunun cəzasını çəkdim. Mərkəzi Komitə belə bir qərar verdi ki, guya Azərbaycan SSRİ-nin tərkibində qalsa, Dağlıq Qarabağda hansısa bir dönüş olacaq, amma Ermənistan çıxmağa qərar verdi. Hadisələrin gedişi isə göstərdi ki, Ermənistan daha düzgün qərar verib. Çünki onlar hazırda işğalçı statusu ilə belə bizdən siyasi cəhətdən bir qədər qabaqdadır. Yəni Azərbaycanın o vaxtkı siyasi elitasının düşüncə tərzi müstəqillikdən çox uzaq idi. Onlar 70 il kommunistlərin tərkibində qaldıqlarına görə, qul psixologiyasından çıxa bilmirdilər.

Bu gün Azərbaycanın 21 illik müstəqilliyi gəlir, hazırda Azərbaycanın özündə başqa dövlətlərin qulu statusunda çıxış edən kifayət qədər müxalifət liderləri, eləcə də, qeyri-hökumət təşkilatlarının sədrləri var. Onların hələ müstəqilliyi dərk etməsi üçün özlərində olan psixoloji baryeri keçməlidirlər. O vaxtı o addımı atanların hamısı düşünüb atmışdılar.

Azərbaycanın müstəqilliyini əldə etməsi təkcə bir müsəlman, türk dövlətinin uğuru deyil, eyni zamanda, Azərbaycanın Qərbə açılışı idi. Bu 21 il ərzində bütün müsəlman dövlətləri içərisində Qərbə ən çox inteqrasiya edən Azərbaycan olub. Eyni vaxtda bizimlə birgə müstəqillik əldə edən Orta Asiya dövlətləri bizim qədər uğur qazana bilməyib. Onların həm iqtisadi, həm də siyasi resursları bizdən çoxdur. Eyni zamanda, əhalisinə, ərazisinə görə Azərbaycandan dəfələrlə böyükdür. Bütün bunların fonunda Azərbaycanda müstəqilliyin qorunmasında və bu günə gətirilməsində Heydər Əliyevin rolu müstəsnadır. Ola bilər kimsə buna qısqanclıqla yanaşsın, amma bu bir həqiqətdir. Başqa bir həqiqət də var ki, həmin müstəqilliyin dönməzliyini son 9 ildə İlham Əliyev təmin edir. Burada parlament bilavasitə vasitəçi rol oynayır. Qaldı ki, qanunvericilik bazasına, yalnız müstəqillik dövründə Azərbaycanın mindən çox yeni qanunu qəbul olunub. Bu dəqiqə bizim qanunvericilik bazası mükəmməlliyinə görə MDB-nin digər dövlətlərindən çox qabaqdayıq. Azərbaycanın hazırkı qanunvericilik bazası Avropa standartları səviyyəsindədir. Sözsüz ki, burada Milli Məclisin müstəsna rolu var.

Hikmət Babaoğlu:

- Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi olduqca böyük tarixi bir hadisə idi. Amma bu, təsadüfi bir hadisə də deyildi. Bu, 12 min illik Azərbaycan dövlətçilik tarixində növbəti bir həmlə idi. Çünki artıq 1991-ci ilə qədər olan dövrdə, təqribən 195 illik müddətə yaxın bir dövrdə Azərbaycan müstəqil deyildi. Bu mənada, məhz 20-ci əsrin sonlarında Azərbaycan Respublikasının yenidən dövlət müstəqilliyini əldə etməsi tarixi nailiyyət idi. Ancaq müstəqilliyin necə əldə olunmasına gəlincə, burada tam obyektiv olmaq lazımdır. Hesab edirəm ki, o dövrü ən gözəl xarakterizə edən və Azərbaycanın müstəqilliyə necə qovuşmasının ən obyektiv təsvirini biz böyük siyasət və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin fikirlərində bunu tapa bildik. Dahi Öndər qeyd edirdi ki, dünyada baş verən qlobal, ictimai-siyasi proseslərin nəticəsində Azərbaycan öz müstəqilliyini əldə etdi. Olduqca ədalətli və düzgün bir qiymətləndirmədir. Çünki biz bilirik ki, 1991-ci ilin avqust ayından başlayaraq, SSRİ-nin dağılması prosesinə start verildi. Rusiya Federasiyası avqust ayında öz müstəqilliyini elan etdi. Ondan sonra sentyabr ayı boyunca Qazaxıstan, Ukrayna, Moldova, Belarus və digər respublikalar öz müstəqilliyini elan etdilər. Hətta Türkmənistan belə bizdən öncə öz müstəqilliyini elan etdi. Nəhayət, Azərbaycan oktyabr ayının 18-də dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul etdi. Bu gün müxalifət deyilən qüvvələr var ki, müstəqilliyi öz adlarına çıxmağa çalışırlar. Bu, doğrudan da, belə olsaydı nəyə görə bizim müstəqillik tariximiz 18 oktyabr olmalı idi. Yaxud doğrudan da, Qarabağ faktorunu nəzərə alaraq buna bir bəraət qazandırmaq istəyən bəzi kommunist-bürokratiya bunu bu şəkildə qələmə verməyə çalışırsa, onda necə oldu ki, Ermənistan bizdən öncə müstəqilliyini elan etdi.

Məhz bu mülahizələrə söykənərək, hesab edirəm ki, Ulu Öndərin o fikri ona görə ədalətlidir ki, Azərbaycan öz müstəqilliyini dünyada baş verən qlobal, ictimai-siyasi proseslərin nəticəsində ələdə etdi. Eyni zamanda, təkrarən Ulu Öndər digər bir tezis irəli sürdü: "Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir". Bu, əslində, hansı səbəbdən olursa-olsun, hansı şəraitdə baş verməsindən asılı olmayaraq bir növ birləşdirici və ümumiləşdirici tezis olaraq həmrəyliyi şərtləndirən bir fikir idi. Yəni bu, bizim milli sərvətimiz idi. Milli sərvət millətin hər bir fərdinə məxsus olan faktordur.

Bundan sonrakı mərhələdə məhz dövlətə milli sərvət gözü ilə baxmaq ənənəsi formalaşmağa başladı. Bundan sonra quruculuq prosesi başladı. Doğrudan da, həqiqi müstəqilliyə doğru addımlar atıldı, dövlətin əsasları formalaşmağa başlanıldı. İqtisadi əsaslar, siyasi əsaslar, ideoloji əsaslar, hüquqi əsasları və s. 1995-ci ilə qədər olan dövrdə bütün bu əsaslar strateji planda və olduqca düzgün şəkildə formalaşmağa başlandı.

Vilayət Əliyev:

- Bu gün 21 illik müstəqilliyin zirvəsində dayanmışıq. Mən bura gəlməzdən öncə, ötən əsrin tarixini qısaca vərəqlədim. 20-ci əsrdə türk dünyasında iki böyük şəxsiyyət olub. Onlardan biri Mustafa Kamal Atatürk, digəri isə Heydər Əliyevdir. Atatürk Türkiyə üçün hansı fədakarlıqları edibsə, Heydər Əliyev də eyni fədakarlıqları Azərbaycan üçün edib.

Hansısa böyük imperiyanın dağılması, onun yerində bir dövlətin yaranması tarixi bir zərurətdir. Müstəqilliyimizin birinci mərhələsi SSRİ-nin çöküşü oldu. İkincisi isə Azərbaycanda baş qaldıran milli azadlıq hərəkatı idi. Nəhayət, Heydər Əliyev faktoru da bunları tamamladı. Əgər Heydər Əliyev o dövrdə baş verən proseslərə müdaxilə etməsəydi, yəqin ki, hadisələr başqa məcraya yönələcəkdi.

Azərbaycan dövlətinin bu gün dünya miqyasında tutduğu mövqe məhz Heydər Əliyev siyasətinin nəticəsidir. Ölkədə təşkil olunan nüfuzlu beynəlxalq tədbirlər, beynəlxalq təşkilatlarda Azərbaycanın söz sahibinə çevrilməsi dövlətin, ölkənin əldə etdiyi böyük uğurlardan xəbər verir. Bu uğurlarımızın qorunması isə bizdən asılıdır.

(Ardı var)

Cabir Məmmədov,

Ruqiyyə Cəfərova

Digər xəbərlər