PDF Oxu

Əsas

  • 41

Daşkəsən uğurlu inkişaf yolunda

Rayonda 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı ümumrayon müşavirəsi keçirilib

Daşkəsən uğurlu inkişaf yolunda

Dünən Daşkəsən rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə oktyabr ayının 10-da Prezident Sarayında Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlərlə bağlı ümumrayon toplantısı keçirilib. Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayon ictimaiyyəti nümayəndələrinin iclasında cari ilin 9 ayında rayonda görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə edib.

Ə.Abıyev çıxışında qeyd etmişdir ki, 21 ildir müstəqillik əldə edən ölkəmiz günbəgün inkişaf edir, qüdrətlənir. Bir vaxtlar taleyi tükdən asılı qalan respublikamız indi bir sıra Avropa ölkələrinə və qonşu dövlətlərə dostluq, qardaşlıq qayğısı göstərir, problemsiz həyat bəxş edir: "Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da bu inkişaf möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyev ideyalarına sədaqətlə, uğurla davam etdirilir. Biz xoş gələcəyə nikbinliklə, böyük qələbələrlə gedirik".

Rayon icra hakimiyyətinin başçısı çıxışını davam etdirərək bildirmişdir ki, 2012-ci ilin doqquz ayında Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı üzrə bir çox işlər görülmüşdür: "Belə ki, ümumi məhsul buraxılışı 41 milyon 886 min 700 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 17,2 faiz çoxdur. O cümlədən, kənd təsərrüfatı üzrə 9 faiz, tikinti üzrə 2,2 dəfə, nəqliyyat üzrə 7,9 faiz, rabitə üzrə 6,7 faiz, ticarət və ictimai-iaşə xidmətləri üzrə 19,2 faiz çox olmuşdur. Eyni zamanda, cari ilin 9 ayı ərzində sənaye müəssisələrinin işçilərin orta sayı 600 nəfər, bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 373,8 manat təşkil etmişdir. 33 min 322 nəfər əhalisi olan Daşkəsən rayonunda keçmiş sovet dövründən qalmış əmanətlərin ödənilməsinə başlanılmış və 3 min 652 əmanətçinin 1milyon 432 min 175 manat əmanəti ödənilmişdir. Bu sahədə işlər davam etdirilir. Həmçinin, cari ilin 9 ayı ərzində rayonda 611 aztəminatlı ailəyə (2525 ailə üzvünə) ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Özünüdəstək" pilot layihəsi əsasında Daşkəsən rayonunda 15 ailəyə 19 min manat məbləğində yardım verilmişdir. Həmin layihə özünü doğruldarsa gələcəkdə digər ailələrə də həmin layihə üzrə yardım verilməsi nəzərdə tutulur".

Cari ilin 9 ayı ərzində rayonda 219 iş yerinin açıldığını deyən Ə.Abıyev onu da vurğuladı ki, "Alunit" istehsalat sahəsində qəza vəziyyətində olan 35/6 kv-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirə bilən yeni yarımstansiyanın tikintisinə başlanıldığını bildirdi.

Ə.Abıyev rayonda geniş quruculuq, abadılıq işlərinin aparıldığını söyləyərək, bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyev yolu - iqtisadiyyat, mədəniyyət, həyat adlandırmışdır: "Bu ilin ötən 9 ayı bizim üçün sevinclər, xoş müjdələr aylarıdır. Bir daha dərin minnətdarlıq hissi ilə bildirirəm ki, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmuşdur. Sərəncamda 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Daşkəsən rayon icra hakimiyyətinə ilkin olaraq üç milyon manat ayrılmışdır. Bu, ölkə başçısı Cənab Prezidentimizin rayonumuzun inkişafına diqqət və qayğısının əyani təzahürüdür. Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisinə başlanılmış və hazırda davam etdirilir. 7860 nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən 31 km uzunluğunda Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun və 3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 km uzunluğunda Daşkəsən - Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu tədbirlərin gələn il həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, Daşkəsən şəhərində qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının və rayon statistika idarəsinin yeni inzibati binasının tikintisində son tamamlama işləri görülür. Rayonun Heydər Əliyev küçəsi 26, Nizami küçəsi 16, 18, 20 və 21 saylı çoxmərtəbəli yaşayış binalarının şifer dam örtüyü metal kirəmitlə əvəz olunmuş, hazırda başqa binalar üzrə bu işlər davam etdirilir. Şəhərin küçələrinə və yaşayış binalarının ətrafına 18 min kv.m asfalt örtüyü salınmış və hazırda bu sahədə işlər davam etdirilir. Şəhərin girəcəyindəki sahə və şəhərin küçələrindəki istinad divarları təmir edilmişdir. "Daşkəsən Filizsaflaşdırma" ASC və Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni də öz fəaliyyətlərini davam etdirmişdir. Çovdar qızıl zavodunun tikintisinə başlanılmış və hazırda tikinti işləri davam etdirilir. Yatağın istifadəyə verilməsi 300 nəfərdən artıq işsiz əhalinin işlə təmin olunmağına imkan yaradacaqdır".

Ə.Abıyev rayonda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına böyük önəm verildiyini bildirdi. Rayon rəhbərinin sözlərinə görə, yeni dərs ilinə başlanması ərəfəsində Bayan kəndində və Daşkəsən qəsəbəsində 80 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir: "Həmçinin, Quşçu, Mollahəsənli, Muşavaq və Əmirvar-Əhmədli kəndlərində yeni məktəb binalarının tikintisinə, Əmirvar kəndində 360 şagird yerlik məktəb binasının və 5 nömrəli şəhər uşaq bağçasının əsaslı təmir işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir. 2013-cü ildə rayonumuzda 28 ümumtəhsil məktəbinin tikintisi və əsaslı təmiri nəzərdə tutulmuşdur".

Ə.Abıyev öz çıxışında onu da bildirmişdir ki, rayonda kənd təsərrüfatının inkişafına da diqqət və qayğı ötən dövr ərzində xeyli artırılmışdır: "Hal-hazırda rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları, 1 damazlıq arıçılıq və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Gələcəkdə toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir".

Vurğulanmışdır ki, Cənab Prezidentimiz tərəfindən kənd təsərrüfatının inkişafı üzrə verdiyi tapşırıqların bundan sonra da yerinə yetirilməsi üçün bütün tədbirlər görüləcəkdir. Cari ilin 9 ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.

Toplantıda əldə olunmuş nailiyyətlərlə yanaşı, həmçinin, həllini gözləyən digər problemlər və onların aradan qaldırılması yolları müzakirə olundu.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər