PDF Oxu

Əsas

  • 66

Heydər Əliyev: "Müstəqillik Azərbaycan xalqının tarixi nailiyyətidir"

Heydər Əliyev: "Müstəqillik Azərbaycan xalqının tarixi nailiyyətidir"

"Səs" qəzetinin redaksiyasında Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib

(Əvvəli ötən sayımızda)

"Səs" qəzetinin redaksiyasında 18 Oktyabr Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub. Dəyirmi masada YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev, millət vəkilləri Musa Urud, Etibar Hüseynov, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu, politoloq Cümşüd Nuriyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev bildirib ki, "18 Oktyabr Dövlət Müstəqilliyi Günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Müstəqillik böyük bir nemətdir və onu qazanmaq da Azərbaycana ağır mübarizələr, böyük çətinliklər hesabına başa gəlib. Ancaq Ulu Öndərin sözləri ilə desək, "Müstəqilliyi əldə etmək çətindir, ancaq onu qoruyub saxlamaq ondan da çətindir". Bu fikirləri əsas tutaraq, istərdim ki, dəyirmi masada iştirak edən dəyərli qonaqlarımız ötən 21 ilə nəzər salaq. Bu illər ərzində hansı uğurlar, hansı nailiyyətlər əldə olunub. Həm hüquqi bazamızın formalaşması yolunda, iqtisadi, siyasi, sosial yöndə aparılan işləri, qazanılan uğurları gözdən keçirək".

Tahir Kərimli:

- Bildiyimiz kimi, 1918-ci ildə tarixi şərait elə vəziyyət yaratdı ki, Azərbaycan dövləti öz müstəqilliyini qoruyub saxlaya bilmədi. Bu zaman Polşa və Finlandiya kimi dövlətlər müstəqil ola bildi. Ancaq 1918- ci il mart 3-də Brest-Litovsk müqaviləsindən sonra müəyyən ərazilər itirildi. Bu isə beynəlxalq şəraitdən asılı idi. Azərbaycan öz müstəqilliyini itirdikdən sonra çox keçmədi ki, SSRİ-i yarandı. Bu imperiya yarandıqdan sonra isə 1920-22 ci illərdə Azərbaycan dövləti SSR-nin tərkibinə qatıldı. Doğurdan da, burada tarixi şərait öz işini gördü. Bu tarixi şəraitdə yetişən kimi Azərbaycan dövləti müstəqil oldu. Həqiqətən də, SSRİ-nin dağılması üçün çox ciddi səbəblər və proqramlar var idi. Demək olar ki, Sovet İttifaqı 70% öz qızıl ehtiyatını itirmişdi. SSRİ-nin dövründə elə bir vəziyyət yaranmışdı ki, qeyri-rus slavyan xalqları çoxalırdı və bundan sonra doğurdan da SSRİ- ni qoruyub saxlmaq çətinləşirdi. Azərbaycan dövlətinə Ermənistanın müdaxiləsi, demək olar ki, dövlətimizdə Qarabağ məsələsinə aktivliyi daha da artırdı. Ancaq bir məsələyə də toxunum ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlət müstəqilliyinin əldə edilməsinə nail oldu. Azərbaycan dövlətinin bugünkü, nailiyyətləri də məhz o dövrün məhsuludur. Bu müvəffəqqiyətlərin kökündə "Əsrin Müqavilə"si" dayanır. "Əgər "Əsrin Müqaviləsi"" imzalanmasaydı, Azərbaycan dövləti nə bu qədər inkişaf edə bilərdi, nə də ki, diplomatiyada bu qədər irəliləyə bilərdi. Dövlətimizin başına gətirilən bəlalardan sonra düşünməzdim ki, Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin strateji-iqtisadi siyasəti nəticəsində bugünkü vəziyyətə, qüdrətə sahib olacaq. Bir sözlə, bu gün Qafqazda sözünü deyə bilən qüdrətli Azərbaycan dövləti yerləşir. Aydındır ki, bu qədər böyük iqtisadiyyata malik olan Azərbaycan dövlətinin Qafqazda hegemonluğunu digər dövlətlər istəmirlər. Dünyanı idarə etməyə çalışan xristian dünyası isə Qafqazda da xristanlığın mərkəzini yaratmaq, onu böyütmək istəyir. Bunun üçün də erməni lobbisindən istifadə edir. Ermənləri isə yazıq, əzabkeş bir xalq kimi dünya dövlətlərinə göstərməyə çalışır. Heç bir dövlət Azərbayacanın Qafqazda güclənməsini Böyük Azərbaycan dövlətinin yaranmasını istəmir.

Etibar Hüseynov:

- Azərbaycan dövlətinin yenidən müstəqillik əldə etməsi tarix nailiyyətdir. Bir sözlə əldə etdiyimiz müstəqilliyimiz böyük inkişaf yolu keçmişdir.

Müstəqillik tariximizin əsas iştirakçıları və canlı şahidləri bu dəyirmi masada iştirak edirlər. Bu iştirakçılar olduğu halda o dövrü müşahidə edənlərin danışması maraqsız olardı. İstiyərdim ki, yoldaşlar imkan çərçivəsində mənə maraqlı olan bir sualı cavablandırsınlar. Əgər 18 oktyabrda Azərbaycan öz müstəqilliyini elan etməsəydi, Sovetlər İttifaqı dağılsaydı və Dağlıq Qarabağ problemi olmasaydı, bu zaman başsız qalan bir dövlətin, xalqın başına necə bir oyun gələ bilərdi?

Hikmət Babaoğlu:

- Əslində, bu sual buna bənzəyir ki, əgər Azərbaycan Cənubi Qafqazda yerləşməsəydi, Şərqi Anadoluda yerləşsəydi, vəziyyət necə olardı? Buna bənzər suallar çox vermək olar. Lakin Azərbaycan Cənubi Qafqazda yerləşir və Azərbaycan dərin tarixə və köklərə malik bir xalqdır. Bildirmək istəyirəm ki, Qarabağ problemi olmasaydı, mütləq Azərbaycanın başqa bir problemi olacaqdı. Bu problemlər isə fərqli və müxtəlif ola bilərdi. Bu zaman isə mütləq Azərbaycan ya ləzgi problemi, ya da avarlarla bağlı problem yaşayacaqdı. Regionda olan xalqları idarə etmək üçün güclü dövlət mexanizminə sahib olmaq lazımdır.

Musa Urud:

- 1993-cü ilin iyununda biz bu tendensiyaları görür və anlayırdıq. Əgər Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bir çox problemlər, həmçinin, ləzgi və ya talış məsələləri labüd görünürdü. Ermənilər ərazini Kürə qədər uzatmağı planlaşdırırdılar. Bu məsələ isə Rusiya dövləti ilə razılaşdırılmışdı. Hətta o vaxtlar Ayaz Mütəllibovla da müəyyən danışıqlar aparıldı ki, Bakı quberniyası yaradılsın. Bu quberniya qatılsın Rusiyanın tərkibinə, qalan torpaqların bir hissəsi isə İrana verilməli idi. Bir sözlə, ölkə parçalanmaq təhlükəsi altında idi. Bu mübarizə isə tarixi reallığın yaratdığı bir mübarizə idi. Yəni Dağlıq Qarabağ problemi olmasaydı da, xalq digər məsələlərə cəlb ediləcəkdi. Bizim bəxtimiz onda gətirdi ki Heydər Əliyev kimi liderimiz oldu. Bu lider isə bizi düşdüyümüz çətin vəziyyətdən çıxara bildi. Qısa müddət ərzində 1988-1993-cü illərədə, yəni bu beş il ərzində gördük ki, lidersizlik olmaq nə deməkdir. Buna görə də, söylənilən bu fikirlərin hamısı bir daha onu söyləməyə əsas verir ki, tarixi şəraitin yetişməsi, bu şəraiti düzgün qiymətləndirən və xalqı öz ətrafında birləşdirən siyasi liderin olması müstəqilliyimizi davamlı, əbədi etdi. Bu siyası xəttin Prezident İlham Əliyev tərəfindən uğurla modernləşdirilərək, davam etdirilməsi bugünkü qüdrətli Azərbaycanın yaranmasına gətirib çıxardı.

Cümşüd Nuriyev:

- O dövrdə bir sıra dövlətlər xaos yaratmaq fikrindəydilər. Bunu isə bir sıra xalqların üzərində sınayırdılar. Onlar üçün satqın bir psixologiyaya sahib millət lazım idi. Bunun üçün isə ermənilər kimi satqın bir xalqı seçdilər.

Amerikanın xüsusi layihəsi var idi ki, bu layihənin içərisində isə ermənilər xüsusi önəm daşıyırdı. Əgər xatırlatsaq görərik ki, 1980 - ci ildən "Azadlıq" radiosunda Azərbaycan-Ermənistan münasibətlərini bir sıra dövlətlər qızışdırmağa çalışırdılar.

Çünki ermənilər bizim içərimizdə, torpaqlarımızda yaşayırdılar. Bu isə qabaqcadan hazırlanmış və planlaşdırılmışdı. Bu problemlər də olmasa idi, onsuz da SSRİ -i dövləti dağılacaqdı.

Vilayət Əliyev:

- Əgər Azərbaycanda Heydər Əliyev şəxsiyyəti olmasaydı və hakimiyyətə Ulu Öndər gəlməsəydi, Azərbaycanda böyük üsyanlar baş verəcəkdi. Bakıda Cavadov qardaşları üsyanı buna misaldır. Heydər Əliyev şəxsiyyəti olmasaydı, bugünkü, Azərbaycan müstəqil dövləti də olmazdı.

Musa Urud:

- Müstəqilliyimizi mərhələlərə bölmək istəmirəm. Lakin müstəqil dövlət quruculuğu prosesi 1993-cü il iyulun 15-dən sonra başlayıb. Bizim konstitusiyamız və 1200-dən çox müxtəlif sahələri əhatə edən qanunlarımız var. Bu qanunlarımız isə Avropa Şurasının bəyəndiyi, qəbul etdiyi və razılaşdığı qanunlardır. Azərbaycan beynəlxalq aləmdə çox böyük gücə və söz sahibliyinə malikdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olması, NATO ilə əməkdaşlıq etməsi və digər təşkilatlara üzv olması buna misaldır. Bunu da qeyd edim ki, regionda olan hər hansı bir layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilmir. Azərbaycanın iqtisadi uğuru günü-gündən artır. 1993 - cü ildə Azərbaycanın büdcəsi 300 milyon dollar təşkil edirdi. 2012-ci ildə 22 milyard manat dövlət büdcəsi təsdiq ediləcək. Azərbaycanın büdcəsi 20 ilin ərzində 90 dəfə artmışdır. Azərbaycana qarşı bir sıra dövlətləri tərəfindən təxribat əməllər törədilsə də, dövlətimiz bu təxribatların qarşısını almışdır. Bəzi radikal qüvvələr isə hər bir demokratik ölkədə var və həmişə də olacaqdır. Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır. Onu ölkə başçısı və bir lider kimi görür. Bu isə bizim uğurumuzdur. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, müstəqilliyimizin əbədi dönməz olmasının bir təntənəsi kimi, lider xalq birliyidir.

Tahir Kərimli:

-Azərbayacan hakimiyyətinin aparıdığı siyasət düzgün və doğru bir siyasətdir. Zamanında AXC hakimiyyətinin kifayət qədər səhvləri olub. Xüsusilə də, yaxın qonşu dövlətlərə münasibətdə səhvlərə yol vermişdik. Rusiya dövlətinin xalqımıza, milətimizə qarşı yönələn işğalçılıq siyasəti məndə bu dövlətə qarşı aqresivlik hissi yaratmışdı. Hətta öz övladlarıma da imkan vermirdim ki, rus dilini öyrənsinlər. Bir sözlə, bizim kimi insanlar əqidə ilə mübarizə aparır, emosional davranırlar. Lakin dünya siyasətində oyunçu olmaq lazımdır. Bu gün həm Rusiya, həm İran dövlətləri ilə, həm də Qərblə əməkdaşlıq etməli, yeri gələndə isə, məsafə saxlanılmalıdır. Bu, düzgün yeridilən siyasət və taktikadır. Böyük dövlətləri səhv siyasətlə qıcıqlandırmaq kiçik dövlətlər üçün ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Məsələn, Çeçenistanda Çövhər Dudayev qəhrəmanlığı qalib gələ bilmədi. Çünki düzgün siyasət yeridilmirdi, məsələlərə emosional yanaşılırdı. Bir sözlə, az qala çeçen milləti məhv olub gedirdi. Çeçenistanın hazırkı rəhbəri Moskvanın istək və tələblərini yerinə yetirməklə çeçen millətinin məhv olmasının qarşısını aldı. Prezident İlham Əliyev isə Ulu Öndərdən sonra bütün intelektini bilik və bacarığını ortaya qoymaqla Azərbaycan dövlətini daha da inkişaf etdirir və bayrağımızı yenidən yüksəklərə qaldırır. Prezident İlham Əliyevin apardığı siyasət ağıllı, təmkinli və qabaqcadan düşünülmüş bir siyasətdir.

RUQİYYƏ CƏFƏROVA,

CABİR MƏMMƏDOV

Digər xəbərlər