Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında bu mövzuda elmi-praktiki konfrans keçirildi
Dünən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında 18 oktyabr müstəqilliyin bərpa olunmasının 21-ci və Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü münasibətilə "YAP gənclərin gözü ilə" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Elmi-praktiki konfranda YAP Suraxanı rayon təşkilatının İdarə Heyətinin üzvləri, partiyanın fəal gəncləri iştirak ediblər.
Fərman Rəsulov: "Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə partiyamızın yaradılması mövcud təhlükələrin qarşısını almağa müvəffəq oldu"
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov qeyd etdi ki, Azərbaycan xalqı bu günlərdə müstəqilliyinin bərpasının 21-ci və Yeni Azərbaycan Partiyasının 20-ci ildönümünü böyük qürur və sevinc hissi ilə qeyd etməkdədir. Müstəqilliyimizin bərpa olunmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu deyən F.Rəsulov daha sonra qeyd etdi ki, Ulu Öndər hələ Azərbaycanın birinci katibi olan zamanlardan siyasi fəaliyyəti dövründə daim Azərbaycanın müstəqil olması istiqamətində yorulmadan iş aparmışdır: "Bütün bunların nəticəsidir ki, bu gün ölkəmiz, xalqımız öz müstəqilliyini əbədi olaraq qazanmışdır. Eyni zamanda, vurğulamaq istərdim ki, Yeni Azərbaycan Partiyasının yaranması da Azərbaycanın müstəqillik uğrunda atdığı addımlarda müstəsna rol oynayıb. Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə partiyamızın yaradılması mövcud təhlükələrin qarşısını almağa müvəffəq oldu. Bizlər fəxrlə deyə bilərik ki, hər birimiz YAP-ın üzvü olmaqla, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi yorulmadan davam etdirəcəyik. Fürsətdən istifadə edərək, demək istərdim ki, bu günün Azərbaycan gənci öz intellekti ilə hər zaman həqiqətin yanında olmuşdur. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin çoxluq təşkil etməsi də deyilənlərin məntiqi nəzicəsidir. Fəxrlə deyə bilərəm ki, hər bir partiya üzvü Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəkləyəcək və Onun ətrafında daha da sıx birləşəcək. Fürsətdən istifadə edərək, hər birinizi müstəqilliyimizin 21-ci və Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü münasibəti ilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram".
Sonra Dövlət himni səsləndi. Mövzuya həsr olunmuş sənədli film nümayiş olundu.
Zəkiyyə Musayeva: "Bu reallıq Azərbaycanın inkişafı və tərəqqisidir"
Filmin nümayişindən sonra çıxış edən YAP Suraxanı rayon Gənclər Birliyinin sədri Zəkiyyə Musayeva qeyd etdi ki, bu günün Azərbaycan gənci baş verən hər bir hadisəyə real gözlə baxır: " Bu reallıq Azərbaycanın inkişafı və tərəqqisidir. Bizlər məhz bu inkişafın, bu tərəqqinin davamlı olması üçün, hər zaman fəallığımızı nümayiş etdirməliyik. Eyni zamanda, bildirmək istərdim ki, Yeni Azərbaycan Partiyasının hər bir qələbəsində biz gənclərin də payı var".
Amil Bağırov: "Ölkə başçısının apardığı uğurlu, məqsədyönlü siyasət əbədi olaraq öz bəhrəsini verəcək"
Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov isə qeyd etdi ki, Azərbaycanın Ulu Öndəri, Ümummilli Lider Heydər Əliyevin ölkənin, xalqın müstəqillik qazanması istiqamətində yorulmadan fəaliyyət göstərib. Bu gün bu siyasəti Prezident İlham Əlıiyev uğurla davam etdirir: "Azərbaycan bütün sahələrdə inkişaf etməklə bir daha dünyaya sübut etdi ki, müstəqilliyimiz əbədidir. Qeyd etmək istərdim ki, bu gün Azərbaycan həm də idman sahəsində uğurlu inkişaf yolunu keçməkdədir. London Olimpiya oyunlarındakı uğurlu çıxışlarımız bunu deməyə əsas verir. İnanıram ki, ölkə başçısının apardığı uğurlu, məqsədyönlü siyasət əbədi olaraq, öz bəhrəsini verəcək".
Tünzalə Əliyeva: "Prezident İlham Əliyevin siyasətini daim dəstəkləyəcək, Onun ətrafında daha sıx birləşəcəyik"
YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədri Tünzalə Əliyeva da öz çıxışında bildirdi ki, bu gün Azərbaycanda gedən yüksək inkişaf hər bir vətəndaşın ürəyində qürur hissi yaradır: "Əlbəttə ki, bizim hər birimiz Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasətini daim dəstəkləyəcək, Onun ətrafında daha sıx birləşəcəyik. Qürurla deyə bilərəm ki, bu gün ölkə başçısının apardığı uğurlu, məqsədyönlü siyasət əbədi olaraq öz bəhrəsini verəcək".
Fəal gənclər Sevinc Qasımlı, Ceyhun Şiriyev, Kənan Kərimov, eləcə də, rayon icra hakimiyyətinin baş təlimatçısı Nazim Fətullayev çıxışlarında, qeyd etdilər ki, Yeni Azərbaycan Partiyasının 20 illik uğurlu fəaliyyəti məhz Azərbaycanın, Azərbaycan xalqının uğuru kimi qiymətləndirilir.
Tədbirin sonunda bir qrup gənc partiya siralarına qəbul edildi.
RƏFİQƏ KAMALQIZI