PDF Oxu

Əsas

  • 33

İnsanların sərbəst toplaşmaq azadlığı dağıdıcılığa yol açmamalıdır

Avropada icazəsiz mitinq keçirənləri itlərə yedirdirlər, Azərbaycanda isə 13 manat cərimə edirlər

İnsanların sərbəst toplaşmaq azadlığı dağıdıcılığa yol açmamalıdır

Siyavuş Novruzov: "Kütləvi etiraz aksiyaları məsələsində qanun pozuntularına görə cərimələrin artırılması üçün də kifayət qədər əsas və fakt var"

Məlum olduğu kimi, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər haqqında layihə hazırlayıb. Layihədə hökumətin icazə vermədiyi aksiyanın iştirakçıları və təşkilatçılarına qarşı cərimələrin kəskin şəkildə artırılması nəzərdə tutulub. Hazırda hökumətin keçirilməsinə razılıq vermədiyi kütləvi aksiyada iştirak edən şəxslər 7 manatdan 13 manatadək cərimə olunurlar. Milli Məclis Aparatına təqdim olunan layihədə bu cərimənin 500 manatdan 1000 manatadək artırılması təklif edilib.Layihədə hökumətin razılıq vermədiyi kütləvi aksiyanın təşkilatçıları üçün 1500 manatdən 3000 manatadək cərimə nəzərdə tutulub. Təşkilatçı vəzifəli şəxsdirsə (məsələn, siyasi partiyanın rəhbəri və ya funksioneridirsə), onun 3000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi təklif olunub. Təşkilatçı hüquqi şəxsdirsə (siyasi partiya, QHT, şirkət və s.), layihədə ona 15000 manatdan 30000 manatadək cərimə tətbiq edilməsi təklifi irəli sürülüb.Hazırkı qanunvericiliyə görə, rəsmən sanksiyalaşdırılmamış aksiya başqalarının hüquq və azadlığına, mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurduqda belə aksiyanın iştirakçıları 300 manatadək, təşkilatçıları isə 500 manatadək cərimələnir. Yeni layihədə istər iştirakçıların, istərsə də, təşkilatçıların bu halda 8000 manatdək cərimələnməsi nəzərdə tutulub.Layihənin müəllifi deyir ki, onun üzərində avqust ayında çalışmağa başlayıb: "İstər sanksiyası baxımından, istər hüquqi tənzimləməsi baxımından "Sərbəst toplaşmaq azadlığı" qanunu bərbad vəziyyətdədir. Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin bu qanunla əlaqəli maddələri də bərbad vəziyyətdədir. Mən hər iki məcəlləyə əlavə və dəyişikliklər nəzərdə tutan layihə də vermişəm. Hazırda qüvvədə olan qanuna görə, icazəsiz aksiyanın cəriməsi 7 manatdan 13 manatadəkdir. Bu, çox cüzi miqdardır. Qanunvericilikdə də qeyd olunub ki, cərimənin məqsədi şəxsin maddi vəziyyətinə zərər vurmaqdır. Belə cüzi cərimə ilə insanı qanunsuz əməldən çəkindirmək olmaz. Qanunsuz mitinqdə iştirak edib 10 manatını ödəyəcək, sonra yenə də iştirak edəcək. Amma üç-dörd aylıq maaşını cərimə ödəsə, onda anlayacaq ki, qanunsuz əməllərdə, aksiyalarda iştirak etmək olmaz".Bir müddət əvvəl Rusiyada da sərbəst toplaşmaq azadlığı hüququ ilə bağlı sanksiyaların sərtləşdirilməsinin Rafael Cəbrayılovun hazırladığı yeni layihəyə təsiri məsələsinə gəlincə, deputat qeyd edib: "Rusiyanın bununla bağlı qanunu dünyanın ən sərt qanunlarından biridir".

Siyavuş Novruzov: "Təklif olunan dəyişiklikləri mütərəqqi addım hesab edirəm"

Belə bir təklif ictimai müzakirəyə çıxarılarkən, ilkin reaksiyalar da müsbət olub. Belə ki, təkliflərlə bağlı fikrini söyləyən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, "təklif olunan dəyişiklikləri mütərəqqi addım hesab edirəm". O, qeyd edib ki, deputat Rafael Cəbrayılovun "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə yeniliklər üçün hazırladığı layihə Milli Məclisdə müzakirə olunanda YAP-ı təmsil edən deputatlar mövqeyini ortaya qoyacaq.Siyavuş Novruzov qeyd edib ki, son zamanlar Milli Məclis Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə xeyli dəyişikliklər edib: "Vətəndaşların yol hərəkəti qaydalarını pozması, ağır tonnajlı maşınlara həddindən artıq yük vurulması, avtomobillərin icazəsiz nöqtələrdə saxlanması kimi məsələlərə görə cərimələr artırılıb, sanksiyalar sərtləşdirilib.Kütləvi etiraz aksiyaları məsələsində qanun pozuntularına görə cərimələrin artırılması üçün də kifayət qədər əsas və fakt var. Bu yaxınlarda hicabla əlaqədar olaraq Təhsil Nazirliyinin qarşısında qanunsuz aksiya keçirildi. Həmin aksiyada bir nəfər də olsun qadın və yaşlı insan iştirak etmirdi, hamısı xüsusi hazırlıq keçmiş cavan insanlar idi. Artıq bunlar hicaba azadlıq adı altında təxribatla məşğul olmaq, dağıdıcı qüvvələrin tapşırıqlarını yerinə yetirmək üçün hərəkət edirlər. Bundan sonra bütün bu məsələlər qanunla tənzimlənəcək və hamı qanun qarşısında cavab verəcək.Layihə hazırlananda dünya praktikasına istinad olunub. Dünya ölkələrində qanunsuz aksiyalara görə sanksiyalar, cərimələr sərtdir. ABŞ, Böyük Britaniya, Fransa və Almaniyada qanunsuz aksiya keçirənləri daha sərt formada cəzalandırırlar. Bizdə də kim qanunsuz hərəkət edəcəksə, qanunu pozacaqsa, digər şəxslərə xəsarət yetirəcəksə, onda daha sərt formada cəzasını alacaq".Cərimələrin məbləğinin böyük olmasına gəlincə, Siyavuş Novruzov deyib ki, məsələnin mahiyyəti bundan ibarət deyil, söhbət cərimənin miqdarının azlığından-çoxluğundan getmir: "Qanunu pozma. Qanunu pozan adam cərimə ödəməlidir".YAP İcra katibinin müavini "Beynəlxalq təşkilatlar bu dəyişikliklərə görə Azərbaycanı qınaya bilər" qeydinə belə reaksiya verib: "Azərbaycanın istənilən addımına qəmiş qoyurlar. Elə Avropa Şurası Venesiya Komissiyasının bir necə gün əvvəl "Dini etiqad azadlığı haqqında" qanuna verdiyi rəyi götürək. Tam ədalətsiz rəy və təklifdir. Sadəcə olaraq, Azərbaycana müdaxilə etmək istəyirlər. Müdaxilə üçün də belə bir vasitə seçiblər. Belə müdaxiləni ordumuzun zabiti Ramil Səfərovun Macarıstandan gətirilməsi və əfv edilməsi zamanı da gördük. Azərbaycan rəhbərliyi ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun addım atıb. Amma bəzi ölkələr, beynəlxalq təşkilatlar bu addımı ədalətsiz formada tənqid etdilər, özlərinin və erməni lobbisinin məkrli palanlarına uyğun mövqe tutdular, ermənilərə himayəçilik etdilər. Ona görə də onların nə deməsinin bizim üçün əhəmiyyəti yoxdur.Əsas məsələ odur ki, hansı siyasi partiyanın üzvü, hansı qurumu təmsil etməsindən asılı olmayaraq hamının qanun qarşısında bərabərliyi, qanunu pozacağı halda isə cəza çəkəcəyi, cərimə ödəyəcəyi ortaya qoyulub. İstər YAP, istər Müsavat, istər AXCP üzvü olsun, istərsə də QHT təmsilçisi. Kim qanunu pozacaqsa, sərt sanksiyalar da ona tətbiq olunacaq.Ümumiyyətlə, Azərbaycanda etiraz aksiyası keçirilmir. Bir qrup adamdır, düşüblər ortaya. Onların sosial bazası olmadığına görə şəhərin mərkəzi hissələrində aksiya keçirməyə, Fəvvarələr meydanına, Sahil bağına toplaşmağa çalışırlar. Oradan keçən insanların miqdarı hesabına guya izdihamlı mitinq keçirdiklərini göstərməyə, müxtəlif şəkillər çəkib beynəlxalq təşkilatlara, onları himayə edən qurumlara göndərib qrant almağa çalışırlar".Siyavuş Novruzov bildirib ki, dəyişikliklərin qarşıdan gələn 2013-cü il prezident seçkisi ilə bağlılığı yoxdur: "İndi 2012-ci ildir. Milli Məclisin hər bir üzvünün qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var. Deputat Rafael Cəbrayılov bu hüququndan istifadə edib. Komitə məsələyə baxacaq. Sonra məsələ Milli Məclisə gələcək. Qərarı Milli Məclis verəcək. Bunun prezident seçkisi ilə heç bir bağlılığı yoxdur".

Bu təkliflər ölkədə demokratik inkişafa təkan verə bilər

Əlbəttə ki, ölkədə fəaliyyət göstərən və daha çox istinad edilən hər bir qanun yenilənməyə, dəyişməyə ehtiyac duyur. Elə Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş son əlavə və dəyişikliklər kimi. Bütün bunlar, təbii olaraq, sosial sifariş idi ki, cəmiyyətin də dəstəyilə reallaşdı.Nəzərə almaq lazımdır ki, Azərbaycan bu gün sürətlə inkişaf edən və demokratik transformasiya erasını yaşayan müstəqil, cavan dövlətdir. Bu dövlət üçün hazırlanmış qanunlar tabula kimi deyil, məhz sosiumun sərbəst və müstəqil inkişafı üçün hesablanıb. Əgər bu qanunlar 1990-cı illərin siyasi və ictimai atmosferinə uyğun qalsalar, o zaman hansı inkişafdan danışa bilərik? Bu səbəbdən də, cəmiyyətin həyatında mühüm rol oynayan, vətəndaş cəmiyyətinin və demokratik sistemin inkişafını şərtləndirən qanunlara müasir dövrün tələblərinə uyğun olaraq, dəyişikliklər etmək vacib sayılır.Bu mənada, əminliklə demək olar ki, "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna təklif olunan dəyişikliklər ölkədə demokratik münasibətlərin inkişafına əlavə təkan verəcək.

Təkliflər yalnız Azərbaycanı sevməyənlərin əməllərini məhdudlaşdıracaq

Sözügedən təkliflər ictimai müzakirəyə çıxarılarkən, buna etiraz edənlərin ilk qınağı məhz cərimələrlə bağlı oldu. Bəlkə də, bir çoxları bu məqamından üstündən keçib, əsas məqamları diqqətdən kənarda saxlayıblar. Amma belə bir vəziyyətdə ortaya məntiqli sual çıxır: nə üçün məhz radikal müxalifətin nümayəndələri qanunu pozanların cəzalandırılması üçün cərimələrin artırılmasına etiraz etdi? Bu sualın cavabı isə olduqca aydındır. Yəni hazırda Azərbaycanın müstəqil xarici və daxili siyasət həyata keçirməsi bir sıra qərəzli dairələri narahat etdiyindən, onlar radikal müxalifətin əlilə ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Onlar "beşinci kolon"un Azərbaycandakı təmsilçilərini maliyyələşdirməklə, həm görülən işlərə zərbə vurmaq, həm aparılan tikinti-abadlıq işlərini effektsiz etmək, həm də vətəndaşlarla hakimiyyət arasında narazılıq salmaq üçün onları qanunazidd aksiyalar keçirməyə, dağıdıcılıq fəaliyyəti sərgiləməyə sövq edirlər. Çox təəssüflər olsun ki, radikal müxalifətin nümayəndələri də buna sevinərək gedirlər. Ona görə ki, hazırki "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna əsasən, ölkədə ictimai-siyasi sabitliyi pozanları ciddi cəza gözləmədiyindən, radikal müxalifət də heç nədən çəkinmədən qərəzli dairələrin siyasi sifarişlərini reallaşdırmağa çalışır. Amma qanunda cərimələr nə qədər ciddiləşdirilsə və artırılsa, bir o qədər də radikal müxalifət anti-dövlət addımlarına korrektələr etməyə məcbur olacaq. Yəni anlaşılan odur ki, bu təkliflər yalnız qərəzli dairələrin Azərbaycanda sabitliyi pozmaq niyyətinin qarşısını alacaq, sabit inkişafın destabilləşməsinə imkan verməyəcək, qanunsuz əməlləri məhdudlaşdıracaq.

Dağıdıcılıq sərbəst toplaşmaq demək deyil

Söylənilən təkliflərə qarşı çıxan bəzi qüvvələr iddia edirlər ki, bu, guya sərbəst toplaşmaqla bağlı insanların azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxaracaq. Amma məsələnin mahiyyətinə bir qədər dərindən nəzər saldıqda, görürük ki, əslində, real vəziyyət tamamilə fərqlidir. Belə ki, radikal müxalifətin nümayəndələri bu günə qədər sivil siyasi mübarizənin nə olduğunu bilməyib və hər bir cəhdində çalışıb ki, dağıdıcılıqla məqsədinə nail olsun. Elə 2003-cü ildə dəmir və taxta parçaları ilə silahlanaraq, hakimiyyət nümayəndələrinə, insanlara hücumlar edirdilər, vətəndaşların əmlaklarına zərər vururdular. Bu da cəmiyyətdə neqativ qarşılanırdı.Eyni hərəkətlər bu il də təkrar olundu. "Eurovision-2012" mahnı yarışması ərəfəsində xarici qüvvələrin sifarişilə icazəsiz mitinq keçirən radikal müxalifəçilər şəhərdə fəaliyyət göstərən sahibkarlara külli miqdarda zərər vurdular. Onların mağazalarının şüşələrini sındırdılar, əmlaklarına xətər vurdular.Məhz bu təkliflər bu cür hərəkətlərin qarşısını almaq üçün irəli sürülüb. Düşünürük ki, mütərəqqi və demokratik dəyərlərlə uzlaşan bu təkliflər ölkədə ictimai-siyasi sabitliyin zərər görməməsinə, insanlara zərər dəyməməsinə səbəb ola bilər.

Avropada insanların sərbəst toplaşmasına sərt münasibət var

Bir çox hallarda bəzi "ekspertlər" bu cür qanunlarla bağlı Avropa qanunvericiliyini önə çəkməyə və presedent kimi vurğulamağa cəhd göstərirlər. Lakin Almaniyanın, Fransanın, ABŞ-ın, Rusiyanın, B.Britaniyanın, İtaliyanın, hətta İspaniyanın sərbəst toplaşmaq, mitinq və aksiyalar keçirməklə bağlı qanunları son dərəcə sərtləşdirilib. Həmin "ekspertlər" nəzərə almalıdırlar ki, ən mülayim qanun və hüquq-mühafizə orqan işçiləri elə Azərbaycandadır. Yəniq ki, həmin "ekspertlər" bu il ərzində Avropada və ABŞ-da icazəsiz mitinq keçirənlərin necə döyüldüyünü, gözyaşardıcı qazdan istifadə edildiyini, itlərə yedizdirildiyini və atların ayaqlarının altında tapdalandığını gözlərilə görüblər. Amma Bakının mərkəzində icazəsiz mitinq keçirən, hətta özgə əmlakına zərər vuraraq, cinayət məsuliyyəti daşıyan insanlara qarşı o cür rəftar olunmur.Elə bu faktorları nəzərə alaraq, həm "ekspertlər", həm də radikal müxalifət nümayəndələri demaqoqiya xatirinə deyil, ədalət və inkişaf naminə addım atmalıdırlar. Çünki Azərbaycan dövləti xalqımızın sərvətidir və onu qoruyub saxlamaq, inkişaf etdirmək hər bir vətəndaşın borcudur...

"Səs" Analitik Qrupu

Digər xəbərlər