YAP Laçın rayon təşkilatı tərəfindən silsilə tədbirlərə start verilib
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20 illik yubileyi münasibətilə YAP Laçın rayon təşkilatı tərəfindən silsilə tədbirlərə start verilib. Dünən bu məqsədlə Taxtakörpü qəsəbəsində geniş tədbir keçirilmişdir. Tədbiri giriş sozü ilə açan YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli partiyanın yaranma zərurətindən danışıb, Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəldiyini bildirib: "Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir".Aqil Nəzərli daha bir əhəmiyyətli məqama toxunaraq, xatırladıb ki, cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranması tarixi-21 noyabr 1992-ci il ictimai-siyasi və fikir dövrümüzün ən əlamətdar və unudulmaz təqvim səhifələrindən biri və nə şərəflisidir: "Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. Bununla da müstəqil dövlətimizin memarı, Ümummilli Liderimiz Heydər Əliyev yeni partiyanın təməlini qoydu və Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərlərin girdaba sürükləndiyi Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi".Laçın rayon icra hakimiyyətinin başçısı, YAP Laçın rayon təşkilatı idarə heyətinin üzvü Ramiz Cəbrayılov isə çıxışında vurğuladı ki, bu gün yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan hər bir kəs bundan fəxr və qürur hissi duymaqdadır: "Əbəs yerə deyil ki, bu gün Yeni Azərbaycan Partiyasının sıraları yarandığı 20 ildən indiyədək, yarım milyonu keçmişdir. Bu, həm də onun göstəricisidir ki, YAP xalqın partiyasıdır. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyev bu gün yürütdüyü uğurlu, məqsədyönlü siyasəti ilə məhz Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir. Demək istərdim ki, bizim hər birimiz müdrik Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək, Azərbaycanın davamlı, uğurulu inkişafında daha yaxından iştirak edəcəyik". Daha sonra çıxış edənlər - YAP Laçın rayon təşkilatının sədr müavinləri İlham Quluyev, Xaliq Musayev, eləcə də, şura üzvləri Malik Vəliyev, İlqar İlyasov, Natiq Mustafayev, Məhəmməd Şahbazov və başqaları çıxış edərək, xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatına yeni nəfəs verdiyini, qurtuluş və tərəqqinin simvoluna çevrildiyini bildiriblər.Qeyd edək ki, tədbirlər planına uyğun olaraq rayon ərazisində futbol, voleybol, şahmat və digər idman oyunlarına start verilib. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yuleyi münasibəti ilə əlaqədar inşa, mahnı, rəsm müsabiqələridə keçiriləcək. Həftənin hər şənbə günündə isə Taxtakörpü qəsəbəsində iməcilik və ağac əkmə kompaniyaları nəzərdə tutulub. Tədbirlər planına uyğun olaraq noyabrın 20-də Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar YAP Laçın rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ümumrayon toplantısı keçiriləcək.
RƏFİQƏ KAMALQIZI