Zərdabda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndərin adını daşıyan parkda partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər qoymuşlar.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Milli Məclisin deputatı Jalə Əliyeva, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, eləcə də YAP Zərdab rayon təşkilatının fəalları çıxış edərək Yeni Azərbaycan Partiyasının zamanın tələbinə uyğun yarandığını və qısa müddətdə ümumxalq partiyasına çevrildiyini bildirmişlər. Diqqətə çatdırılmışdır ki, bu partiyanın yaradılması ümummilli liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən biridir.
Qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyasının yaranmasından cəmi bir neçə ay sonra sivil yolla siyasi hakimiyyətə gələn yeganə siyasi partiyadır. Bu siyasi qüvvə fəaliyyət göstərdiyi 20 ildə Azərbaycan dövlətçiliyinə və xalqa şərəflə xidmət etmiş, dövrün, zamanın çətinliklərindən təşkilati və ideoloji cəhətdən mətinləşmiş şəkildə çıxmışdır.
Tədbirdə razılıq hissi ilə qeyd edilmişdir ki, bu gün Yeni Azərbaycan Partiyasının liderliyi son dərəcə etibarlı əllərdədir. Partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimiz getdikcə yeniləşir, dövlətimiz qüdrətlənir, xalqımızın firavanlığı təmin olunur.
Çıxış edənlər, həmçinin öz sıralarında 6000 nəfərə yaxın üzvü birləşdirən YAP Zərdab rayon təşkilatının fəaliyyətindən, rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatındakı rolundan da ətraflı söhbət açmışlar. Dövlətimizin başçısının bu yaxınlarda rayona səfəri zamanı digər obyektlər kimi, YAP rayon təşkilatının yeni inzibati binasının da açılışında iştirak etməsinin, sakinlərlə görüşünün, daha sonra "Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalamasının zərdablılar tərəfindən böyük minnətdarlıqla qarşılanmasından da ətraflı bəhs olunmuşdur.
Ümummilli liderimizin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" müdrik kəlamını diqqətə çatdıran natiqlər ölkəmizin daha da qüdrətlənməsi naminə YAP-ın, onun bir dəstəsi olan Zərdab rayon təşkilatının bundan sonra da fəallıq göstərəcəyini bildirmişlər.
Tədbirin sonunda YAP rayon təşkilatının bir qrup fəalına fəxri fərman və qiymətli hədiyyələr, partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük biletləri təqdim edilmişdir.
Tədbir zəngin repertuarlı bayram konserti ilə başa çatmışdır.
yap.org.az